“Öncə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır” –Türkiyə səfiri (MÜSAHİBƏ)

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı  APA -ya müsahibə verib.

– Artıq bir müddətdir, Azərbaycanda fəaliyyətə başlamısınız. Azərbaycanda yeni işinizə öyrəşə bilmisinizmi? Fəaliyyətinizi necə qurmusunuz?

– Açığı Azərbaycana ilk dəfə gəlmirəm. İlk dəfə 2008-ci ildə millət vəkili kimi Azərbaycanda olmuşdum. Səfir təyin olana qədər bir neçə dəfə həm millət vəkili, həm də rəsmi vəzifələrim sırasında Azərbaycana gəlmişdim. Ona görə Azərbaycandakı fəaliyyətimə başlayanda çətinlik çəkmədim. Qardaşlarımız da, dostlarımız da kömək edirlər. Biz özümüzü öz evimizdə hiss edirik.

– Türkiyəli rəsmilərin Azərbaycana səfərlərinin sayının artdığı müşahidə edilir. Bu səfərlərin əsas məqsədi nədir?

– Təkcə ötən həftə türkiyəli rəsmilərin 5 heyəti Azərbaycanda səfərdə olub. Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası Bakıda keçirildi. Bununla bərabər, bu iclasda iştirak edən türk rəsmilərin ikili görüşləri də baş tutdu. Daha sonra Türkiyə Radio və Televiziya Üst Qurumunun (RTÜK) geniş nümayəndə heyəti Bakıda səfərdə oldu. RTÜK-ün rəhbəri Əbubəkr Şahin keçirdiyi görüşlərdə media sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün müzakirələr apardı. Daha sonra Pakistan, Türkiyə, Azərbaycan Ombudsmanları Qarabağda faktaraşdırıcı missiya həyata keçirdilər. İki ölkə arasında münasibətlərin inkişafında Şuşa Bəyannaməsinin də təsiri olub. Bu inkişafı Şuşa Bəyannaməsi ilə də əlaqələndirmək lazımdır. Prezidentlərimiz arasında 15 iyunda atılan imza tarixi imzadır. Bunu, sadəcə, bir bəyannamə olaraq görməməliyik, bu bəyannamə 7 səhifə olsa da, əsasını iki söz təşkil edir: Türkiyə və Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsi. Dolayısı ilə hər sahədə münasibətlərin inkişaf etdirilməsi əsasdır. Parlament diplomatiyasında, ticarətdə əlaqələrin inkişafından söhbət gedir. Sadəcə, Türkiyə və Azərbaycan arasında qarşılıqlı yatırımlar etmək deyil, başqa ölkələrdə ortaq yatırımlar etmək məsələsi artıq gündəmdədir. Ortaq neft çıxarma, ortaq qaz çıxartma, ortaq hərbi yatırımlar kimi mövzular müzakirə edilir. Qarabağ müharibəsi dövründə və sonra olan münasibətlər “üçlü”, “beşli”, “altılı” platformalarda gerçəkləşdirilib. Burada məqsəd Cənubi Qafqazda sülh və sabitliyi gətirməkdir. Bölgənin dəyərini və potensialını ortaya çıxararaq məsələni ön planda saxlamaq əsas məqsədlərdən biridir. Ölkələr arasındakı problemləri də bölgədə sabitliyi və sülhü təmin etmək üçün həll etməyə, ölkələri bir araya gətirməyə çalışılır. Türkiyə rəsmilərin artan səfərlərinin məqsədi Türkiyə və Azərbaycan arasında sadəcə ikili münasibətlərin inkişafı deyil, eyni zamanda bölgədə sülhü və sabitliyi qorumaq, ticarəti artırmaqdır.

– Bu günlərdə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının faktaraşdırıcı missiyası ilə birgə işğaldan azad edilmiş ərazilərə səfər etdiniz. Əvvəlki səfərlərinizlə müqayisədə bu səfər zamanı azad edilmiş ərazilərdə hansı dəyişikliklərə şahid oldunuz?

– Mən Qarabağa 8, Şuşaya 5 səfər etmişəm. Bunlar turistlik səfərlər deyil. Prezident Rəcəb Tayyib Ərdoğanın bir ifadəsini xatırlatmaq istəyirəm: “Qarabağın inkişafında və bərpasında Türkiyə hər cür dəstəyi verməyə hazırdır”. Bu çərçivədə bu gün Qarabağda həyata keçirilən işlər var. Bir tərəfdən diplomatik çərçivədə Qarabağa səfərlər edilir, digər tərəfdən isə Türkiyənin Qarabağla bağlı işlərinə dəstək vermək üçün səfərlər edirəm. Türkiyə, Azərbaycan və Pakistan ombudsmanları İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyası adına faktaraşdırıcı missiya həyata keçirirdi. Hesabat işğal dövründə Qarabağda tarixi və mədəni abidələrə qarşı törədilən zərərin müəyyən edilməsini, o cümlədən, Qarabağın işğal edildiyi dövrdə və müharibə dövründə döşənən minaları əhatə edəcək. Çox sayda insan – mülki şəxslər və hərbçilər bu minalara düşərək həlak olub. Bu hesabatın məqsədi baş verənləri beynəlxalq aləmin diqqətinə çatdırmaqdır. Türkiyənin Baş Ombudsmanı da verdiyi açıqlamalarda faktaraşdırıcı missiyanın məqsədini detallı şəkildə izah edib. Biz də Baş Ombudsmanımızın Şuşa, Füzuli, Ağdam və Tərtərdə apardığı araşdırmalarda yanında olduq.

– Türkiyə-Ermənistan sərhədləri 1993-cü ildə Kəlbəcər işğal olunandan sonra bağlanıb. Artıq Qarabağ, eyni zamanda, Kəlbəcər işğaldan azad olunub. Ermənistan Baş nazir Paşinyan səviyyəsində Türkiyə ilə münasibətləri normallaşdırmağa, dialoqa hazır olduqlarını bəyan edib. Digər tərəfdən, Paşinyan gürcü həmkarı vasitəsilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana görüş təklif edib. Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində bəyanatlarını nə dərəcədə səmimi və real qəbul etmək olar?

– Əslində, hazırda əsas məsələ normallaşmanı təmin etməkdir. Artıq Ermənistanın işğalına son qoyulub, Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Bundan sonra bölgənin sabitliyini təmin etməli və sülhə gedən yolu hazırlamalıyıq. Bu, bütün ölkələrin xeyrinədir. Türkiyə burada, sadəcə, ikili münasibətlərin inkişafını deyil, “üçlü”, “beşli” və “altılı” platformaları tövsiyə edən tərəfdir. Həm Rəcəb Tayyib Ərdoğan, həm Prezident İlham Əliyev bu istiqamətdə işlər görməkdədir. Onlar münasibətləri “üçlü”, “beşli”, “altılı” platformalara daşımağa çalışırlar. Bu, Cənubi Qafqazda sabitliyi, sülhü, barışı təmin etməyə yönəlmiş addımlardır. Burada sülh və sabitliyə nail olunarsa, Ermənistanın da bundan xeyri olacaq. Bu çərçivədə Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmaq cəhdləri, Türkiyənin bu yöndəki fəaliyyəti Qafqazda barışı, sülhü və sabitliyi qorumağa yönəlib. Ümid edirəm ki, Ermənistan sülhə gedən yolda hər hansı ön şərt ortaya qoymadan addımlar atacaq. Bu coğrafiyada sülh olması, sabitliyin təmini üçün bu, əsas şərtdir. Baxın Süveyş kanalının bir həftə bağlı qalması nəticəsində bütün dünya ölkələrinin iqtisadiyyatı alt-üst oldu. Ortada alternativ dəhliz var. Şərqdən-Qərbə Xəzərdən keçən və Xəzər ətrafındakı bütün ölkələrin yararlana biləcəyi ticarət dəhlizindən söhbət gedir. Bu dəhliz, sadəcə, Azərbaycan üçün fayda gətirməyəcək, Ermənistanın da, Gürcüstanın da, İranın da, Rusiyanın da burada xeyri olacaq. Bunu görmək və bunları müzakirə etmək lazımdır. Türkiyə bu çərçivədə fəaliyyətləri ilə bölgədə sülhü təmin etməyə, sülh müqaviləsinin imzalanmasına və ticari əlaqələrin inkişafına yönəlib. Artıq sülhə nail olandan sonra bölgədə olan 6 ölkə bir araya gələ, əlaqələrini dərinləşdirə bilər. Arzu edilən budur. Öz aralarındakı kiçik problemlərlə boğuşmaqdan ölkələrinin gələcəyinə baxmırlar. Amma ölkənin gələcəyinə, uşaqlarının gələcəyinə baxmaq lazımdır. Türkiyənin də fəaliyyəti bu yöndədir.

– Ərdoğanın Rusiyaya səfəri gözlənilir. Paşinyan və Ərdoğanın görüşünə Rusiya vasitəçi ola bilərmi?

– Məsələlər artıq qloballıqdan regional səviyyəyə daşınıb. Bölgədə baş verənlər bölgə ölkələri ilə müzakirə edilməsinə üstünlük verilir. Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə, Prezident İlham Əliyevlə, digər bölgə ölkələrinin liderləriylə görüşməsi bu coğrafiyada olan problemləri aradan qaldırmağa istiqamətlənib. Ən əhəmiyyətlisi isə bu görüşlər Qafqazda sülh və sabitliyin təmin edilməsinin qarşısında duran əngəlləri ortadan qaldırmağa yönəlib. Türkiyə-Rusiya ikili münasibətləri və digər bölgələrdəki ortaq işbirliyi də Rusiya səfərində əsas müzakirə mövzusu olacaq.

– Türkiyə Prezidenti Ərdoğanın Rusiya səfəri Cənubi Qafqazda kommunikasiyaların açılmasına hansı töhfələr verə bilər? Bu il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinə imza atdılar. Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr əksini tapıb. Azərbaycan Prezidenti də bildirib ki, Zəngəzur dəhlizi Türkiyənin razılığı və iştirakı olmadan açıla bilməz. Ərdoğanın Rusiya səfəri zamanı bu məsələnin müzakirəsi gözlənilirmi?

– Zəngəzur dəhlizi ticarət, tranzit koridoru olacaq. Ümid edirik ki, həm Ermənistan, həm də bu dəhlizin yaradılmasına narazı olan ölkələr bunun onların öz xeyrinə olacağını anlayacaq. Xəzər ətrafı ölkələrin dünya bazarlarına daha qısa vaxtda çıxması üçün bu dəhliz vacibdir. Dəhlizin yaradılması atəşkəs razılaşmasının içərisində yer alan bir bənd idi. Bunun altında Ermənistan Baş nazirinin imzası var. Bu məsələni siyasi zəmində deyil, rasional, ticari və ölkələrin gələcəyi adına baxaraq dəyərləndirmək lazımdır. Ermənistan bu dəhlizin yaradılmasının onun xeyrinə olduğunu görməlidir. Mən belə düşünürəm. Dəhlizin yaradılması istiqamətində işləri davam etdirmək lazımdır. Həm Azərbaycanın, həm də Türkiyənin Zəngəzur dəhlizinin açılması istiqamətindəki fəaliyyətləri ümid edirik ki, müsbət nəticələnəcək. Gələcəyə baxmaq lazımdır. Bölgədə sülhü təmin edə bilsək, burada yatırımların sayı artar, qarşılıqlı münasibətlər inkişaf edər. Türkiyə və Azərbaycan, sadəcə, yatırımı qarşılıqlı olaraq Türkiyədə və ya Azərbaycanda etməyi müzakirə etmir. İki ölkə başqa ölkələrdə ortaq yatırımlar etmək barədə müzakirələr aparır. Bu məsələ ölkələrlə də müzakirə edilə bilər. Bölgədə “altılı” platformanın yaradılması bu müzakirələri aktuallaşdırmaq üçün əhəmiyyətli ola bilər. Xəzər hövzəsinin çox böyük potensialı var, bunun dəyərləndirilməsini düşünmək lazımdır. Şübhəsiz ki, Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri iki ölkə arasında münasibətləri dərinləşdirməklə bərabər, bölgədə sülhü, sabitliyi təmin etmək baxımından çox əhəmiyyətlidir. Zəngəzur dəhlizinin əhəmiyyətini Azərbaycan və Türkiyə prezidentləri tez-tez dilə gətirir. Bölgədəki hansı ölkə ilə olur-olsun, ikili görüşlərdə bu məsələ mütləq müzakirə ediləcək. Bu dəhlizə, sadəcə, Türkiyə ilə Azərbaycanı bağlayan koridor kimi baxmamaq lazımdır. Bunun tranzit məqsədli dəhliz olduğu diqqətə çatdırılacaq.

– Türkiyənin Ermənistanla əlaqələrinin bərpasının Ermənistan üçün hansı müsbət tərəfləri olacaq?

– Bunu əvvəlcədən demək mümkün deyil. Öncə sülh müqaviləsi imzalanmalı, sərhədlər müəyyən edilməli, sərhədlərlə bağlı münaqişə ortadan qalxmalıdır. Ermənistan hələ sadəcə 2 rayonun mina xəritələrini Azərbaycana verib. Digər mina xəritələrini də Azərbaycana verməlidir ki, bölgə inkişaf etsin. Qarabağın yenidən bərpası üçün çox güclü iş gedir. Qarabağa hər gedəndə tikinti fəaliyyətlərini, yol çəkilişlərini, minatəmizləmə fəaliyyətlərini görmək şansım olur. Bu baxımdan Ermənistan mina xəritələrini Azərbaycana tam verməlidir. Təkrar edirəm ki, Türkiyə əlaqələrin inkişafına sağlıqlı müstəvidə, sülh şəraitində, iki ölkənin münasibətlərinin inkişaf etməyin tərəfdarıdır. Məsələyə bu yöndə baxmaq lazımdır. Ümid edirəm ki, Ermənistan da bu istiqamətdə müsbət addımlar atar.

– Yəni Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmadan Türkiyə və Ermənistan münasibətlərinin yaradılması düşünülmür?

– Hədəfimiz bu coğrafiyada sülh müqaviləsinin imzalanmasıdır. Əks təqdirdə, iki ölkə arasında problemlər intensiv şəkildə gündəmə gələcək, beynəlxalq platformalarda müzakirəyə çıxarılacaq. Başqa sözlə, problemlər qalacaq, bunun isə Ermənistana faydası olacağını düşünmürəm.

– Artıq 2 ildir, Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimləri intensiv şəkildə keçirilir. Bu təlimlərin nəticələrini necə qiymətləndirirsiniz? Artıq Azərbaycan Ordusunda Türkiyə modelinin tətbiqinə başlanıldığını deyə bilərikmi?

– Türkiyə və Azərbaycan arasında hərbi münasibətlər illərdir inkişaf edir. Təlimlər həm Türkiyədə, həm də Azərbaycanda həyata keçirilir. Bəzi təlimlər hətta 3 ölkənin iştirakı ilə keçirilir. Bunlar planlı təlimlərdir, planlı şəkildə də davam edir. Təlimlərin keçirilməsi hərbi əməkdaşlıq çərçivəsində davam etdirilir.

– “Bayraktar” PUA-sının II Qarabağ müharibəsində qazanılan qələbədə rolu çox böyük oldu. Müdafiə sənayesi sahəsində Türkiyə-Azərbaycan birgə müəssisələrin, o cümlədən müştərək PUA istehsalının təşkili planlaşdırılırmı?

– Səlcuq Bayraqdar bu gün bütün dünya televiziyalarında əsas müzakirə mövzularından biridir. Texnologiya sahəsində “Bayraktar” Türkiyənin ən əhəmiyyətli yatırımlarından sayılır. Bu çərçivədə “Baykar” Türkiyənin üzağlığıdır. Ötən həftələrdə Prezident Rəcəb Tayyib Ərdoğan da “Baykar”ı ziyarət edib. Türkiyə Kıbrısa müdaxilə edəndə embarqoyla qarşılaşdı, həmin dövrdə Türkiyəyə bir mərmi, bir əsgəri təchizat verilmədi. Bu embarqo illərlə davam etdi. Türkiyə bu embarqodan öz hərbi texnologiyasını inkişaf etdirərək çıxdı. Amma Türkiyənin inkişaf etdirdiyi hərbi texnologiya, sadəcə, “Baykar” deyil, “ASELSAN”, “Roketsan” və s. kimi yüzlərlə müdafiə sənayesi şirkəti Türkiyədə fəaliyyət göstərir. Türkiyənin istehsal etdiyi hərbi texnologiyaları satın almaq üçün hər kəs sıraya girib. Bunların bir qismi isə strateji məhsullardır. Bu məhsullar hər istəyənə alma, armud kimi satılmır. “Baykar”a da bu yöndə baxmaq lazımdır. Bizim onlarla, yüzlərlə şirkətimizin içərisində ən çox ön plana çıxan şirkətlərimiz olub. “Bayraktar” müasir bir modeldir. Bu gün Türkiyədə keçirilən “Texnofest” festivalında çox sayda sürpriz layihələr tanıdılacaq. Biz də yeni layihələri orada görəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xəzərdə külli miqdarda siqaret gətirən qaçaqmalçılar tutuldu –

Sonrakı məqalə

Ərdoğanın Rusiyaya səfər tarixi açıqlandı