2022-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 339 şəxs barəsində 240 cinayət işinin ibtidai istintaqı tamamlayıb.
Azpost.info bildirir ki, bu barədə Baş Prokuror Kamran Əliyev Yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2022-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışı zamanı bildirib.
O deyib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 285 şəxs barəsində 209 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.
İbtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 74 milyon 763 min manat məbləğində maddi ziyandan 52 milyon 243 min manatın ödənilməsi təmin olunmuş, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 19 milyon 461 min manat məbləğində pul vəsaiti ödənilmişdir.
Bundan əlavə, hesabat dövründə aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi, həmçinin cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 245 təqdimat verilmişdir.
Həmin təqdimatlar üzrə 10 şəxs çalışdığı qurumdan xaric edilmiş, 20 şəxs tutduğu vəzifədən azad olunmuş və ya müvəqqəti olaraq vəzifəsinin icrasından kənarlaşdırılmış, 93 şəxsə töhmət və ya şiddətli töhmət verilmiş, 21 şəxsə xəbərdarlıq olunmuş, 110 halda isə əmək kollektivinin iştirakı ilə müzakirə olunmaqla zəruri tədbirlər görülmüşdür.