Şeyxülislam A. Paşazadə Özbəkistanda “Mir Ərəb” mədrəsəsinin 500 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə iştirak edib.
QMİ sədri Buxara şəhərinə səfəri zamanı orta əsrin görkəmli İslam alimi və mütəfəkkiri Məhəmməd Bahaəddin Nəqşibəndinin məzarını və məscid kompleksini, ardınca “Mir Ərəb” mədrəsəsini ziyarət edib.
Bu məşhur təhsil ocağının məzunu olan Şeyxülislam A. Paşazadə orada xüsusi ehtiram və rəğbətlə qarşılanıb.
QMİ sədri 45 il əvvəl bu nufuzlu mədrəsədə dinin əsaslarını öyrənib.
Mir Ərəb mədrəsəsi XVI əsrdə Özbək Şeybanilər sülaləsinin hakimiyyəti dövründə tikilib. Buxara xanlığının əsas dini mərkəzlərindən biri olub. 1920-ci ildə Buxara Qızıl Ordu tərəfindən tutulduqdan sonra mədrəsə bağlanıb, ruhanilər repressiyaya məruz qalıb.
Mədrəsə yalnız 1946-cı ildə Orta Asiya və Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsinin (SADUM) sədri Şeyx Eşon Babaxan təşəbbüsü ilə açılıb və 1989-cu ilə qədər SSRİ ərazisində fəaliyyət göstərən yeganə mədrəsə olub.
Bu mədrəsənin məzunları sırasında məşhur və nufuzlu din xadimləri, ictimai xadimlər, siyasətçilər olub. Görkəmli tatar alimi, Nəqşibəndiyyə təriqətinin şeyxi, filosof, tarixçi, maarifçi Şəhabəddin Mərcani bu sırada mühüm yer tutur.
Moskva Ali İslam Ruhani Kollecinin professoru, Rusiya Müftilər şurasının sədri Ravl Qaynutdin, Çeçenistanın mərhum prezidenti Əhməd Kadırov bu təhsil ocağının məzunları olub.
“Mir –Ərəb” mədrəsəsnin parlaq məzunları sırasında QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin xüsusi yeri var.
Hələ uşaq yaşlarından dinə, Quran oxumağa maraqlı olan A.Paşazadə qonşuluqdakı Molla İzzət Dadaş oğlunun evində Qurani-Kərimdən dərs alıb.
1966-ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vuran A.Paşazadə bölgənin nufuzlu din xadimi, Şeyx Molla Qüdrətin zəmanəti və “Təzə Pir məscidinin göndərişi ilə Buxaradakı Mir Ərəb mədrəsəsinə imtahan verib oraya daxil olub.
1968-1970-ci illərdə bu mədrəsədə təhsil alan Allahşükür Paşazadə daha sonra 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam İnstitutunun ilahiyyat fakültəsinə daxil olub və 1975-ci ildə bu ali ruhani təhsil ocağını müvəffəqiyyətlə bitirərək tam ali dini təhsilə yiyələnib.
30 yaşlı A.Paşazadə 1980 -cı ilin sentyabrında Qafqaz Müsəlmanları Ruhani İdarəsinə sədr seçilərkən öz xələflərindən fərqlənirdi. İlk dəfə olaraq bu posta Sovet zamanında tam ali ruhani təhsili almış şəxs Şeyxülislam seçilmişdi. Bundan əvvəl QMİ-yə başçılıq edənlər ya çar imperiyası dövründə dini təhsil almışdılar, ya da fərdi qaydada dinin əsaslarına yiyələnərək bu vəzifəyə yüksəlmişdilər.
Moskva bütün ölkədə olduğu kimi Azərbaycanda da dini görüşlərin fundamental əsaslar üzərində formalaşmasını arzulamırdı. 1985-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş cəmi 18 məscid və 53 dini icma fəaliyyət göstərirdi. 1982-ci ildə aparılmış rəsmi qeydiyyata əsasən ölkədə cəmi 123 molla olub. Onlardan yalnız 16 nəfərinin dini təhsili vari idi. Buxaradakı “Mir Ərəb” mədrəsəsinin və Daşkənd İslam Universitetinin məzunları olan bu ruhanilərin hamısı Qafqaz Müsəlmanlar İdarəsində və Bakı şəhərinin məscidlərində işləyirdilər.
Şeyxulislam postunu tutmaq üçün respublika rəhbərliyinin razılığı vacib idi. Təqdim olunmuş namizədlərin anketi ilə tanış olan Azərbaycan Kommunist Partiyasının Birinci katibi Heydər Əliyev gənc Paşazadəni QMRİ-yə sədr olmasını təklif edir. Gənc Şeyxülislamın fəaliyyəti Azərbaycanda dini cameədə müəyyən canlanma yaradır. QMİ İttifaq səviyyəsində əlaqələrin qurulmasında fəallıq göstərir. Allahşükür Paşazadə SSRİ-nin Əfqanıstan, Yaxın Şərq ölkələri ilə əlaqələr üçün qurulan nümayəndə heyətləri sırasında yer almağa başlayır.
Gənc Şeyxülislamın aktiv fəaliyyəti Qərbdə də diqqəti çəkir. ABŞ Dövlət Departamentinin 1987-ci ildə QMİ sədri haqqında hazırladığı təhlil xarakterli hesabatında qeyd olunurdu ki, Allahşükür Paşazadə digər sovet din xadimlərinə xas olmayan bir sıra qeyri-adi cəhətləri ilə fərqlənir. “A.Paşazadə öz fikirlərini fars, türk, rus, ərəb və ingilis dilində ifadə etməyi bacaran bacarıqlı dini şəxsdir. Onun SSRİ-nin 4 müsəlman idarəsinin birinə rəhbəri seçilməsi Sovet İttifaqının xaricdə yaşayan müsəlmanlarla əlaqədə gənc və bacarıqlı şəxslərə üstünlük verməsini göstərir”, – deyə hesabatda vurğulanırdı.
Onun fəaliyyəti Özbəkistanın dövlət rəhbərliyi tərəfindən də qiymətləndirilib.
2022-ci ilin fevralında Özbəkistan Prezidentinin tapşırığı ilə özbək hökuməti xüsusi qərar qəbul edib. Bu qərarda göstərilir ki, Özbəkistanın dünya şöhrətli, 500 illik tarixə malik Mir-Ərəb mədrəsəsinin, Daşkənd İslam Universitetinin dünyada tanınan şöhrətli məzunu – Şeyxülislam Allahşükür Paşazadənin şərəfinə özbək torpağının tarixi məkanları – Daşkənd, Buxara, Səmərqənd və digər şəhərlərin dini-mənəvi məkanlarına ziyarətlərin təşkili «Allahşükür Paşazadənin izi ilə» devizi altında həyata keçirilsin.
Ateist SSİR-də əzmlə çalışıb tam ali dini təhsilə nail olmaq ciddi məsələ idi. A.Paşazadə Şeyxüilslam seçildikdən sonra gənclərin yüksək dini savada malik olması üçün onların dini təhsilini əsas prioritet hesab edirdi.
QMİ sədri bunun üçün müxtəlif ölkələrin nufuzlu ali dini məktəbləri ilə sıx əlaqələr saxlayıb. Bu sırada Özbəkistan da ön yerlərdə olub.
Ötən illərdə QMİ sədri təhsil aldığı mədrəsə ilə əlaqələrini heç vaxt kəsməyib. Bu əlaqələr Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmlənməsində öz töhfələrini verib.
“Mənim şeyxülislam kimi yetişməyimdə özbək xalqının, özbək torpağının böyük rolu var. Ateizmin hökm sürdüyü sərt dövrdə bu torpaq mənə yüksək mənəvi hissləri, tolerantlığı, insanları sevməyi aşılayıb”, – deyə Allahşükür Paşazadə Özbəkistanın “Xalq sozi” və “Narodnoye slovo” qəzetlərində dərc olunan məqaləsində yazıb.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Şeyxülislama məktubunda onu “əziz dostumuz” adlandırıb.
“Bir daha etiraf etmək istərdik ki, Özbəkistanı hər zaman qəlbinizdə saxlayan və uğurlarımıza sevinən əziz dostumuz olaraq xalqlarımız arasında mədəni-maarif əlaqələrinin inkişafına töhfə verəcəksiniz.
Əminəm ki, sizin kimi dostluğun, əməkdaşlığın qədrini bilən, həmişə bu yolda xidmət etmiş maarifpərvər insanlar Özbəkistan-Azərbaycan qardaşlığının simvolu kimi xidmət edəcəklər”-deyə prezident qeyd edib.
Özbəkistanda təhsil illəri Şeyxülislamın həyatında yaddaqalan və taleyini müəyyən edən period olub.
Aydın ABBASOV