Pənah Hüseyn:

“Baş nazir postu ləğv edilməlidir”
10 Oktyabr 2019 - 11:32

“Artur müəllim kimi baş nazir işləmək heç də çətin deyil. Ölkədə icra hakimiyyətinin başçısı prezidentdir və əsas ağırlıq prezidentin üzərindədir. O baxımdan indiki vəziyyətdə baş nazir işləmək elə də çətin deyil. Baş nazir indi icra məmuru kimidir”.

Azpost.info bildirir ki, bu sözləri sabiq baş nazir Pənah Hüseyn Artur Rəsizadənin Novruz Məmmədovun istefası ilə bağlı dediyi “elə bilrilər, baş nazir olmaq asandır” sözlərini musavat.com-a şərh edərkən deyib.

Onun sözlərinə görə, baş nazir faktiki olaraq nə siyasi, nə iqtisadi kursu müəyyən eləmir: “Kurs prezident tərəfindən müəyyən olunur. Şübhəsiz ki, baş nazirin hazırlıqlı, vacib sahələri dərindən bilməsi, səviyyəli olması vacibdir.  Ola bilsin, Artur müəllimin dediyində bir ironiya da var, bununla demək istəyir ki, belə bir şəraitdə işləmək asan deyil”. P.Hüseynin sözlərinə görə, Baş nazirin kim olub-olmaması məsələsi Azərbaycanda siyasi hakimiyyətin mahiyyətinə təsir edən məsələ deyil: “Biz gənc, xaricdə təhsil almış kadrların təyinatlarını müşahidə edirdik. Lakin son dövrdə yenidən köhnə, oliqarx tipli kadrların təyinatlarını müşahidə edirik. Açığı bu bizdə bir narahatlıq doğurur. Diqqət etdinizsə, ayrı-ayrı siyasilər də, ekspertlər də çox ehtiyatlı şəkildə yanaşdılar bu təyinata da. Bunu köhnələrin yeni revanşı kimi şərh edənlər daha çoxluq təşkil etdi”.

“1990-cı illərdə, həmçinin sizin baş nazir olduğunuz vaxtlarda Azərbaycanda baş nazir vəzifəsinin səlahiyyətləri geniş idi, yoxsa indi” sualına Pənah Hüseyn belə cavab verib: “1990-cı illərin əvvəllərində də dövlət idarəetməsində baş nazir üçüncü sırada idi. İndi də üçüncü sıradadır. Bu cür məsələlərdə qanunlarla müəyyən olunmuş məsələlərlə yanaşı, Azərbaycan tipli cəmiyyətlərdə siyasi hakimiyyətin mahiyyəti, xüsusən prezidentin siyasi, iqtisadi kursu həlledici rol oynayır. Hesab edirəm ki, müstəqilliyimizin bərpasından sonrakı ilk dövrlərdə hakimiyyət qolları arasında münasibətlər indikindən daha fərqli və demokratik idi. Baş nazirin səlahiyyətləri, təsir imkanları yüksək idi. Mən prinsipcə, prezident üsul-idarəsinin, baş nazir postunun ləğv edilməsinə tərəfdaram ”.