Paşinyan Ermənistanın təslimçilik sənədinə imza atdığını bəyn etdi

10 Noyabr 2020 - 03:08

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması – əslində isə işğalçı ölkənin təslimçilik sənədinə imza atdığını bildirib.

Bu barədə o özünün “facebook”dakı səhifəsində yazıb.

“Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim.

Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”, – deyə o qeyd edib.

Diplomatik mənbələrdən “Report”a verilən məlumata görə, söhbət Ermənistanın kapitulyasiyasından gedir. Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin azad olunması sentyabrın 27-də başlanmış müharibənin taleyini həll edib. Ötən gün daha 72 kəndin və 8 strateji yüksəkliyin işğaldan azad olunmasından sonra Ermənistan ağ bayraq qaldırmağa məcbur olub.

Şuşanın azad edilməsindən sonra Nikol Paşinyan Azərbaycan Respublikası Prezident İlham Əliyevin tələbləri ilə razılaşmaq məcburiyyətində qalıb.

Qeyd edilir ki, yaxın saatlarda Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə işğalçı ölkənin təslim olunması şərtlərinin uyğunlaşdırılacağı və razılaşmanın imzalanacağı videokonfrans keçiriləcək.

Sənəd cəbhə xəttində hərbi əməliyyatların dayandırılmasını, atəşkəsin elan olunmasını, Azərbaycan Prezidentinin tələblərinə uyğun olaraq qısa müddətdə Ermənistanın işğalçı qoşunlarının Kəlbəcər, Laçın və Ağdamdan qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutur.

Azərbaycan Ordusu azad edilmiş ərazilərdə qalır. Qarabağın statusu müzakirələrin predmeti deyil.

Beləliklə, qışın yaxınlaşması ilə Azərbaycan Kəlbəcər kimi böyük, strateji baxımdan əhəmiyyətli rayonu, habelə Ermənistan tərəfindən ciddi müdafiə istehkamlarının qurulduğu Ağdam və Laçın rayonlarını işğaldan azad edə biləcək.

Bu, Azərbaycanın böyük hərbi-siyasi qələbəsidir.