“Paşinyan hərbi əməliyyatların bərpasını qaçılmaz edir” –

Tofiq Zülfüqarov
29 Yanvar 2020 - 21:54

“Paşinyan Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların bərpasını qaçılmaz edir, bu, faktdır. Sadəcə, məsələ ondadır ki, bu, nə vaxt zaman baş verəcək”.

Bu barədə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Facebook səhifəsində yazıb.

“Rusiyanın Valday şəhərində keçirilən forumdan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovun imitasiya danışıqları prosesini bərpa etmək üçün son cəhdi tamamilə uğursuzluqla başa çatdı. Danışıqlara dair sənədləri elan edərək və  işğal olunmuş əraziləri azad etmək və total  etnik təmizlənmənin nəticələrini aradan qaldırmaq istəmədiyini bir daha təsdiqləyərək Ermənistanın baş naziri siyasi nizamlanmanı Azərbaycan üçün mənasız etdi”-, T.Zülfüqarov bildirib.

O, Nikol Paşinyanın Gümrüdə mətbuat konfransındakı çıxışını belə şərh edib.

“Paşinyan Serj Sarkisyanı yeddi rayonu geri qaytarmağa hazır olmaqda ittiham edib və əlavə edib ki, qarabağlıların dəstəklədiyi təqdirdə bunun əleyhinə deyil. Buna cavab olaraq Qarabağ siyasətçiləri bildiriblər ki, Azərbaycan rayonlarının qaytarılması yolverilməzdir, çünki bu torpaqlar ermənilərin mülkiyyətidir”.

T.Zülfüqarovun fikrincə, Ermənistanın baş naziri vəziyyəti qəsdən gərginləşdirir.