Paşinyan Qazaxla sərhədə gəldi, etirazçılarla görüşdü –"Qonşularımızı mən seçməmişəm"

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 29-da son günlərdə Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması qərarına etirazların episentri olan sərhədyanı Tavuş rayonunda bir qrup sakinlə görüşüb.

Azpost.info bildirir ki, bu barədə Azadlıq Radiosunun erməni xidməti – Azatutyun məlumat yayıb.

Baş nazirin ofisi bu görüşlə bağlı rəsmi açıqlama yayıb: “Baş nazir hazırkı vəziyyəti detallı şəkildə izah edib və bildirib ki, hökumət bütün problemlərlə tanışdır”.

Paşinyanla bu görüşdə sərhədyanı Kirants kəndinin başçısı və bir neçə sakini iştirak ediblər. Azatutyun Kirants kənd sakinlərinin görüşdə o qədər də məmnun görünmədiklərini, amma mediaya danışmaq istmədiklərini yazır. Sakinlərdən bəziləri Paşinyandan “təzə heç nə” eşitmədiklərini deyiblər.

Bu sakinlərlə ayrıca söhbət etmiş müxalifət deputatı Geğam Nazaryan da vəziyyətin olduğu kimi qaldığını bildirir:

“Adamlar yenə də qeyri-müəyyənlik və panika içində qalıblar. Adamlar daha pis şeylərin baş verəcəyindən qorxurlar, çünki onların heç bir ağlabatan təklifi qəbul edilməyib”.

Azatutyun yazır ki, Kirants Azərbaycana qaytarılmalı olan ərazilərə bitişik Ermənistan kəndlərindən biridir.

Kirantslılar və Tavuş rayonunun başqa kəndlərinin sakinləri buradan keçən Yerevan-Tbilisi yolunu bağlamaqla Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına etiraz edirlər. Ötən günlər ərzində bəzi etirazçılarla polis arasında toqquşmalar baş verib.

Bu da xəbər verilir ki, Erməni kilsəsinin və müxalifətin nümayəndələri də bu etirazlara qoşulurlar.

Buna baxmayaraq Paşinyan hökuməti fikrindən dönmür və etirazçılarla münasibətdə prinsipial mövqe tutmağa çalışır. Ötən həftə burada baş vermiş zorakı etirazın ardınca 6 nəfərə cinayət işi açılıb.

Bu da xəbər verilir ki, Yerkrapa könüllü cəmiyyəti və onun başçısı, Paşinyanın müttəfiqi olan Sasun Mikaelyan da bu ərazidə asayişin təmin olunmasında iştirak edir.

Azatutyun yazır ki, hakim partiyadan olan başqa deputatlar da demarkasiya prosesi ilə bağlı izahat verir və gərginliyi azaltmağa çalışırlar. “Vətəndaş müqaviləsi” partiyasından deputat Arsen Torosyan Azatutyuna müsahibəsində deyib ki, hazırda Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının razılığı əsasında demarkasiya prosesi aparılır.

O əlavə edib ki, bütünlükdə iki ölkə arasında dövlət sərhədinin 1991-ci il Almatı Bəyannaməsi əsasında demarkasiyasına dair razılaşma əldə olunub: “Biz yeni sərhəd xətti çəkmirik. Yeni sərhəd xəttinin çəkilməsi bir sıra hüquqi prosedurlar tələb edir. Bu, sadəcə olaraq iki dövlət arasında mövcud olmuş sərhəd xəttinin təsdiqlənməsidir”.

Azatutyunun “əgər Kirants körpüsü üzərində azərbaycanlı dayanacaqsa, bu məsələ necə həll olunacaq” sualına Arsen Torosyan belə cavab verib: “Qonşularımızı mən seçməmişəm. Heç Kirants və ya Bağanis sakinləri də seçməyiblər ki, qonşuları azərbaycanlılar olsun. Bu mənada, bəli demarkasiyadan sonra o xəttin üstündə bir azərbaycanlı dayanacaq. Demarkasiya özlüyündə təhlükəsizlik qarantiyalarından biridir. Əgər dövlət sərhədi varsa, deməli təhlükəsizliyin təmas xəttindən daha yüksək səviyyəsi var. Təmas xətti olanda tərəflər bir-birlərini güdüb atəş açmağa məqam axtarırlar. Aydındır ki, dövlət sərhədi lap o tərəfdə azərbaycanlı sərhədçi dayansa da təhlükəsizliyin qarantiyasını gücləndirir”.

Torosyan vurğulayıb ki, tərəflər Almatı Bəyannaməsini imzalayıblar və dövlət sərhədi sovet Ermənistanı ilə sovet Azərbaycanı arasında mövcud olmuş inzibati sərhədi əvəz edəcək.

Əvvəlki məqalə

ABŞ-da azyaşlıların sosial şəbəkədə hesab açması qadağan edilib

Sonrakı məqalə

Sumqayıt şəhərində 5 ədəd qumbara tapılıb