Son illər vitamin və qida əlavələrindən istifadə edənlərin sayı artıb. Bir çox insan immunitetini gücləndirmək və yorğunluğu azaltmaq məqsədilə eyni anda bir neçə vitamin qəbul edir.
Azpost.info -nun məlumatına görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, bütün vitaminləri birlikdə qəbul etmək hər zaman düzgün seçim deyil.
Həkimlərin sözlərinə görə, bəzi vitamin və minerallar bir-birinin sorulmasına mane ola bilər. Məsələn, kalsium dəmirin mənimsənilməsini azalda bildiyi üçün bu iki əlavənin eyni vaxtda qəbul edilməsi tövsiyə olunmur. Dəmir preparatlarının daha yaxşı sorulması üçün onları C vitamini ilə birlikdə qəbul etmək faydalı hesab edilir.
Yağda həll olan A, D, E və K vitaminləri isə qida ilə, xüsusilə tərkibində sağlam yağlar olan yeməklərlə qəbul edildikdə daha yaxşı mənimsənilir. Suda həll olan B qrupu vitaminləri və C vitamini isə adətən günün əvvəlində qəbul edilir.
Mütəxəssislər bildirirlər ki, vitamin çatışmazlığı analizlərlə təsdiqlənmədən əlavələrdən uzun müddət istifadə etmək düzgün deyil. Həddindən artıq qəbul edilən bəzi vitaminlər, xüsusilə A və D vitaminləri, orqanizmdə toplanaraq sağlamlıq problemlərinə səbəb ola bilər.
Həkimlər balanslı qidalanmanın əsas vitamin mənbəyi olduğunu, qida əlavələrinin isə yalnız ehtiyac yarandıqda və mütəxəssis tövsiyəsi ilə istifadə edilməli olduğunu vurğulayırlar.
Sunay