“Azərbaycanda əsas problem pensiya yaşı deyil, pensiya məbləğlərinin aşağı səviyyədə olmasıdır”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli öz paylaşımında bildirib.
Onun sözlərinə görə, pensiya yaşı ölkədə, əsasən də hökümət nümayəndələri tərəfindən qeyri- peşəkar səviyyədə müzakirə edilir: “Pensiya məbləğləri normal dərəcədə ödənildikdən sonra, pensiya yaşının artırılıb-artırılmaması ilə əlaqəli müzakirə aparmaq olar. Ölkəmizdə dövlət sektorunda çalışan işçilər təqaüdə çıxmaq istəmirlər. Bunun səbəbi isə maaşların daha yüksək, təqaüdlərin isə daha aşağı verilməsidir”.
Ekspert bildirib ki, dövlət sektorunda 900 minə yaxın şəxs işləyir: “Bu çox ciddi problemdir, bu problemi həll etməkdənsə, pensiya yaşını gündəmə gətirmək doğru və məntiqli deyil. İnsanların təqaüd yaşının artırılması ilə bağlı məsələdən öncə təqaüdlərin artırılması, əhalinin dolanacaq səviyyədə təşkil olunması təmin edilməlidir”.
Azpost.info