“Pensiyadayam, bizneslə məşğul olmuram. Dolanışığa oğlum kömək edir” –Məşhur iş adamı Telman İsmayılov başına gələnləri danışdı (VİDEO)

Azərbaycanlı iş adamı, Rusiyada təqiblərə görə, Çernoqoriyada siyasi sığınacaq almış Telman İsmayılov araşdırmaçı-jurnalist Eynulla Fətullayevin “Eynulla Fətullayevlə söhbət” layihəsi çərçivəsində video-müsahibə verib.

T.İsmayılov həbsi ilə bağlı bir sıra maraqlı məqamları açıqlayıb. Onun sözlərinə görə, Çernoqoriyadan siyasi sığınacaq alıb: “Xüsusi təyinatlılar məni oturduğum kafedə saxladılar. Dedilər ki, interpolun axtarışındayam. Çernoqoriyada həbsxanada 22 gün oturdum. Həbsxana təəəsüratım xoş deyil. Əgər heç nə üstündə tutublarsa bu adamı incidir. Özümə təsəlli verirdim ki, Allaha şükür ki, Rusiyada həbsxanada deyiləm. Orada mənimlə belə humanist davranmayacaqdılar”.

İş adamı deyib ki, bu səbəbdən Rusiya hüquq-mühafizə orqanlarından gizlənib.

T.İsmayılov parlaq biznes kareyarasının birdən-birə dağılmasının və Kremlin gözündən düşməsinin səbəbini biznes olduğunu vurğulayıb: “Bəzi məmurlar mənim biznesimi ələ keçirmək istəyirdilər. Buna da nail oldular. Bu məmurlar Prezident Putini aldatdılar. Prezident mənə etimad edirdi. Bu etimadın səbəbini aça bilmərəm. Onu aldatdılar. Putinə yazılı qeydlər ötürdülər ki, guya mənim 2 milyard dollar dəyərində kontrabanda məhsullarım var. Bu yalan idi. Mənim biznesiminin bütün sənədləri qanuni idi. Bazardakı mallarımı bu adla talan edib digər bazarlara daşıyırdılar. 5 milyard dollarım məhv olundu. Əgər 2 milyard kontrabanda var idisə necə olur ki, bununla bağlı bir cinayət işi yoxdur?”-deyən iş adamı bunun sifariş olduğunu vurğulayıb.

“Mardan Palas” oteli ilə bağlı ünvanına səslənən “Rusiyada qazandığı pulu Türkiyəyə qoyur” ittihamlarına toxunan T.İsmayılov burada qeyri-adi heç nə olmadığını bildirib: “Biznesmenin digər ölkələrə sərmayə qoymasında qeyri –adi heç nə yoxdur. Məgər başqa ölkələrin iş adamları Rusiyaya sərmayə qoymurlar? Bu, həm də münasibətlərdir. Mən Suriyada Rusiya təyyarəsinin vurulması zamanı yaranmış böhranda Rusiya və Türkiyə arasında vasitəçilik də etmişəm. Ondan sonra da… Danışıqları aparanalar heç də həmişə məmurlar olmur ki…”

T.İsmayılov deyib ki, “Mardan Palas”la bağlı hay-küydən yorularaq bu oteldən imtina edib: “Yoruldum.  Məni Rusiya TV-lərində nə qədər göstərərlər? İndi 63 yaşım var, amma hələ də mənim 50 illik yubileyimi, evimi göstərirdilər. Nə qədər olar? Özüm bilərəkdən bu otelin başını buraxdım. Çoxlu pul itirdim. Amma kim itirmir ki? Rusiya İstintaq Komitəsinin başçısı Bastırikin məni çağıranda dedi ki, bu qədər mal itirəndən sonra bizə qarşı hər hansı iddialarınız olmayacaq ki? Mən dedim yox. Bastırkin dedi ki, onda sənədə qol çəkin. Dedim qol çəkməyəcəyəm, amma heç bir iddam da olmayacaq. Yeni səhifədən biznesə başlayacağam. Mən hər şeyi onlara verdim. Sıfırdan başladım”.

T.İsmayılov hazırda sahibkar olmadığını açıqlayıb: “Mən pensiyadayam. Bizenslə məşğul olmuram”.

“Bəs necə yaşayırsınız?” sualına T.İsmayılovun cavabı maraqlı olub: “Dolanşıq xərclərinə gəlincə, böyük oğlanlarım var, qardaşım uşaqları var. Onlar kömək edir”.

T.İsmayılov “nə üçün beynəlxalq arbitraj məhkəməsinə müraciət etmirsiniz?” sualına cavabında “Rusiya ilə məhkəmədə çəkişmək axmaqlıqdır”-cavabını verib.

T.İsmayılov deyib ki, bu çətin günlərində ən böyük dəstək Azərbaycandan görüb: “Sadə azərbaycanıların 99 faizi mənim başıma gələnlərdən təssüflənirdilər. Qardaşım oğlu internetdə göstərirdi. Məni böyük hörmətlə yad edirdirlər. Buna görə azərbaycanlılara öz minnətdarlığımı bildirirəm”.

İş adamı deyib ki, həyatımın qalan hissəsini Azərbaycanda, Bakıda yaşamaq istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev 2022-ci il üçün yaşayış minimumunu təsdiq edib

Sonrakı məqalə

“NATO heç zaman genişlənməməyə söz verməyib” –