Polis Ramanada əməliyyat keçirdi- Narkotik satışı ilə məşğul olan 9 nəfər tutuldu

Avqustun 1-dən bu günədək Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən ümumilikdə 43 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayon polis idarəsinin və 12-ci polis şöbəsinin əməkdaşları daxil olmuş məlumatlar əsasında ötən gün Ramana qəsəbəsində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan doqquz nəfər saxlanılıb. Araşdırma zamanı müəyyənləşdirilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkarlanıb. Onlar əldə etdikləri narkotiklərin Ramana qəsəbəsində satışını təşkil ediblər.

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının ötən gün Maştağa qəsəbəsində həyata keçirdikləri əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum edilmiş Rasim Əliyev də tutulub. Onun həyətinə baxış zamanı aqrotexniki qaydada qulluq edərək satmaq məqsədi ilə yetişdirdiyi çəkisi 3 kiloqram olan 16 ədəd çətənə kolu və 311 qram qurudulmuş marixuana aşkar edilib.

Sabunçu Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən avqust ayında rayonun digər ərazilərində keçirilmiş silsilə əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan ümumilikdə 33 nəfər saxlanılıb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılan şəxslərdən ümumilikdə 2 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin, eləcə də çəkisi 15 kiloqram olan 142 ədəd çətənə kolları aşkar olunub. Aşkarlanan faktlarla bağlı idarənin istintaq şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 10-u barəsində məhkəmə tərəfindən həbs, 23-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyənləşdirilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Əvvəlki məqalə

AQTA Amerikadan gətirilən toyuqlara qoyulmuş qadağanı ləğv edib

Sonrakı məqalə

Litva Belarusla sərhəddə 502 kilometrlik hasar çəkdi