May ayının ortalarına çatsa da bazarda pomidorun qiyməti baha olaraq qalır. Bazarlarda və marketlərdə pomidorun kiloqramı 3-5 manat arasında satılır.
Satıcılar Azpost.info-nun əməkdaşı ilə söhbətdə bazarda qiymətlərin düşməməsinin səbəbini idxalla bağlı olduğunu deyiblər. Belə ki, Azərbaycanda yetişdirilən pomidorlar Rusiyaya daşınır. Onların sözlərinə görə, sahikarlar birbaşa fermerlərlə əlaqə saxlayır, məhsulu sahədən birbaşa maşınlara yükləyirlər.
Pomidor elə yerindəcə 3 manatdan alınır.
Ötən ilin bu dövrü ilə müqayisədə qiymətlərin baha olması diqqət çəkir. 2025-ci ilin may ayında Azərbaycan bazarlarında adi yerli pomidorun kiloqramı orta hesabla 1 manat 30 qəpiyə satılıb. Yerli istixanalarda yetişdirilən və “özbək sortu” adlnana pomidorun kiloqramı 3 manat olub. Bu növ yüksək keyfiyyəti və dadı ilə seçildiyi üçün digərlərinə nisbətən baha qiymətə təklif edilib.
Bu il pomidorun qiymətinin baha olmasına digər amillər də təsir edir.
Ekspertlrin fikrincə, Azərbaycan bazarlarında pomidorun qiymətinin baha olması istehsal xərclərinin artması, əkin sahələrinin azalması, ixrac yönümlü ticarət və vasitəçilərin çoxluğu ilə bağlıdır.
İstehsal həcminin və istixanalrın azalması qiymət artımına birbaşa təsir edən əsas iqtisadi və aqrar səbəblər sırasındadır.
Rəsmi statistika göstərir ki, ölkədə istixanaların sayı və sahəsi, eləcə də pomidor istehsalı kəskin şəkildə azalıb. Əvvəlki illərdə ixrac bazarlarında yaşanan müvəqqəti qadağalar və zərərlər səbəbindən bir çox fermer pomidor əkinini 50 faiz-ə qədər azaldıb və ya fəaliyyətini dayandırıb. Daxili bazarda təklifin azalması qiymətləri birbaşa yüksəldir.
Maya dəyəri və xərclər yüksəlib
İstixanalarda pomidor yetişdirilməsi üçün istifadə olunan gübrə, dərman, təbii qaz və toxumun qiyməti əhəmiyyətli dərəcədə artıb. Bundan əlavə, ölkədə yanacaq qiymətlərinin artması regionlardan Bakı və digər böyük şəhərlərin bazarlarına məhsulun daşınma (loqistika) xərclərini yüksəldib.
Xarici bazarlar niyə “gəl-gəl” deyir?
Pomidor Azərbaycanın ən çox gəlir gətirən əsas qeyri-neft ixrac məhsuludur. Fermerlər və böyük aqroparklar yetişdirdikləri yüksək keyfiyyətli, seçmə məhsulları daha baha qiymətə Rusiya və digər xarici bazarlara satmağa üstünlük verirlər. Daxili bazara isə az həcmdə məhsul qaldığı üçün qiymət tənzimlənməsi alıcıların ziyanına işləyir.
Qiymətlərin ucuzlaşmamasında vasitəçilərin rolu da var. Sahədə fermerdən ucuz qiymətə alınan pomidor birbaşa paytaxt bazarlarına daxil olmur. Məhsul bir neçə alverçi tərəfindən topdansatış mərkəzlərindən (“Meyvəli” və s.) keçərək pərakəndə satış nöqtələrinə gətirilir. Hər bir vasitəçi öz qazanc marjasını və məhsulun yolda tez xarab olma riskinin dəyərini qiymətin üzərinə əlavə edir.
Qış, yaz və erkən yay aylarında bazarda yalnız parnik (istixana) pomidorları satılır. Bu obyektlərin qızdırılması və işıqlandırılması əlavə resurs tələb etdiyindən qiymət həmişə yüksək olur. İyun ayının sonundan etibarən bölgələrdə açıq sahə (torpaq) pomidorlarının kütləvi yığımı başladıqda bazarlarda təbii ucuzlaşma müşahidə edilir
2026-cı ildə Rusiya bazarlarına nə qədər pomidor ixrac olunub?
Dövlət Gömrük Komitəsinin rəsmi hesabatlarına əsasən, 2026-cı ilin ilk 3 ayının (yanvar-mart) göstəricilərinə görə, Azərbaycandan xarici bazarlara 35 min 67 ton pomidor ixrac edilib. Bu ixracatdan 45 milyon 90 min dollar gəlir əldə olunub.
Azərbaycanın ixrac etdiyi pomidorun təxminən 96%-i birbaşa Rusiyanın payına düşür. Bu nisbəti tətbiq etdikdə, 2026-cı ilin ilk 3 ayında Rusiya bazarlarına təxminən 33,6 min ton pomidor göndərildiyi məlum olur.
2026-cı ilin ilk rübündə qeydə alınan 35 min 67 tonluq göstərici, 2025-ci ilin eyni dövrü (36 min 101 ton) ilə müqayisədə miqdar ifadəsilə 2.9% azalıb.
Miqdarın azalmasına baxmayaraq, dünya və Rusiya bazarında qiymətlərin yüksəlməsi səbəbindən ölkənin pomidor ixracından əldə etdiyi gəlir 1.2% artıb.
2026-cı ilin əvvəlində Rusiya istiqamətində daşıma xərclərinin artması daxili bazarda pomidorun qiymətinə qısamüddətli təsir göstərib. Eyni zamanda, ixrac coğrafiyasını genişləndirmək məqsədilə Qazaxıstan və Körfəz ölkələrinə də məhsul göndərilir.
Sunay AYDIN