“Son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb, həm generasiya gücləri artıb, eyni zamanda, siz itirilmiş gücləri bərpa edirsiniz. Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonra açılışını edəcəyik. Əslində, bu, yenidən tikilmiş 2400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisi”.
APA-nın xəbərinə görə, bunu Prezidenti İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edərkən deyib.
O bildirib ki, məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir: “Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi “Əhmədli” yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər”.
Prezident həmçinin deyib ki, Azərbaycanın bütün elektrik təsərrüfatı tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir: “Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik”.