Prezident İlham Əliyev Nobel mükafatçısı Əziz Sancarı qəbul edib

02 Dekabr 2021 - 18:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünya şöhrətli alim Əziz Sancarı qəbul edib.

Əziz Sancar Vətən müharibəsində Qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdi və bu Qələbədən bütün türk dünyasının qürur hissi keçirdiyini dedi.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Əziz Sancarın Azərbaycanın haqlı mövqeyini şəxsən dəstəkləməsini və təbrik etməsini yüksək qiymətləndirərək bunun ölkəmizin haqq səsinin dünyada ucaldılması işinə xidmət etdiyini vurğuladı.

Dövlət başçısı müharibə dövründə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində valideynlərini itirmiş uşağa Əziz Sancarın yardım etməsini xatırladaraq, bunu böyük insanpərvərlik nümunəsi kimi qiymətləndirdi. Əziz Sancarı türk dünyasının önəmli şəxsiyyəti kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizə səfərə gəlməsindən məmnunluğunu bildirdi və Azərbaycan xalqının ona həm bir alim, həm də bir vətənpərvər insan kimi böyük hörmət və sevgi bəslədiyini xüsusi olaraq vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.