Prezident İlham Əliyev sülhməramlı qüvvələrdən danışdı:

“Təmas xətti yoxdur, onlar harada yerləşdirilə bilər?”
19 Oktyabr 2020 - 20:16

“Torpaqların işğaldan azad edilməsi ilə bağlı məsələ həll olunduqdan sonra xarici sülhməramlı qüvvələrin iştirakı nəzərdə tutulur”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev TASS-a verdiyi müsahibədə sülhməramlı qüvvələlərin Qarabağda iştirakı barədə danışarkən deyib.

“Tənzimlənməsi tələb olunan əsas məsələlər razılaşdırılmadığına görə, tərəflər bu məsələyə hələ ki gəlib çatmayıblar. Odur ki, dəqiq anlayış yoxdur: Bu qüvvələr kimlərdən təşkil ediləcək? Hansı beynəlxalq strukturlar, hansı ölkələr orada təmsil olunacaq.  Bütün bunlar müzakirə olunmayıb. Bir şey aydındır ki, sülhməramlı qüvvələrin tərkibi, dislokasiya yeri Azərbaycan və Ermənistanla razılaşdırılmalıdır. Bu da həmçinin müəyyən edilməyib.

Status-kvo yoxdur, təmas xətti yoxdur. Yaxşı, hərbi müşahidəçilər texniki cəhətdən necə yerləşdirilə bilər? Harada yerləşdirilə bilər? Döyüş meydanında hər gün situasiya dəyişir. Hansısa xarici mütəxəssislər ora gələcək? Onlar orada harda duracaqlar? Hansısa dağlarda? Təpələrdə? Körüplərdə? Bütün bunlar detallı şəkildə iş tələb edir. Bu,həmçinin ora hərbi kontingent göndərənlər üçün də böyük riskdir.

Və bütün bunlar razılaşdırılmalıdır- Tərkib, mandat, müddət, məqsəd. Əlbəttə ki, bütün bunlar baza prinsipləri çərçivəsində olmalıdır.

Odur ki, mən əminəm, həmsədrlik formatı çərçivəsində bu  məsələ razılaşdırılmalıdır. Razılaşdırıldıqdan sonra o tərəflərə təqdim edilməlidir. Bütün bunlar baza prinsiplərində nəzərdə tutulub. Ona görə ki, sülhməramlıları, yaxud indi adlandırdıqları kimi müşahidəçiləri biz müəyyən etməyəcəyik. Bu ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təklif olunacaq. Azərbaycan və Ermənistan isə öz tərəfindən bu və ya digər ölkəni ya rədd edə, ya da razılaşa bilər. Odur ki, mən hesab etmirəm birtərəfli qaydada bu üç həmsədr ölkənin əməkdaşlıq ruhuna cavab versin –Hansısa hərbi kontingenti müəyyən etmək.  Ən əsas –hara? Məsələ budur.

Məsələ Azərbaycanın razılıq verib-verməyəcəyində deyil. Biz mandatı, təminatçının kimliyini, funksiyaları, yerləşəcək ərazini, fəaliyyəti bilməliyik. Onlar nədir, dağlarda, yaxud,açıq sahədə durub müşahidə edəcəklər ki, kim hara güllə atır? Birinci, bu təhlükəlidir. İkincisi, əgər atəşkəsi kimin pozduğu müəyyən olunsa sonra nə olacaq? Bu adamları cinayət məsuliyyətinə cəlb edəcəklər? Hansısa cinayət işi açılacaq? Odur ki, ilk növbədə baza prinsiplərinin  tətbiqetmə ardıcıllığını müəyyən etmək lazımdır. Ermənistan Baş naziri aydın şəkildə öhdəlikləri təsdiq etməlidir. Baş nazir hər şey barədə danışır, bircə bundan danışmır”.