Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bir neçə ilkin instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
Azpost.info Azadmediatv.com -a istinadən bildirir ki, sərəncama əsasən səlahiyyətlərinə vaxtından əvvəl xitam verilən hakimlərdən biri Tovuz rayon məhkəməsinin hakimi Mustafayev Nofəl Qara oğludur.
Məhkəmə hakimi Nofəl Mustafayev 2019-cu il noyabrın 21-də Tovuzun Dondar Quşçu kəndində nənəsi və əmisinin evindən naməlum şəkildə itkin düşən 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanov haqqında 2020-ci ilin yanvarında həbs qətimkan tədbiri seçən hakimdir.
Mustafayev Nofəl Qara oğlu 1972-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1998-ci ildə Goranboy Rayon Polis Şöbəsində İstintaq Bölməsində müstəntiq, 1998-2001-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində müstəntiq, 2001-2004-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində təhqiqatçı vəzifələrində çalışıb.
Nofəl Mustafayev 2004-2005-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində təhqiqatçı, 2005-2010-cu illərdə Gəncə Şəhər Polis İdarəsinin Təhqiqat şöbəsində baş təhqiqatçı, Təşkilati inspektor bölməsinin rəisi, 2010-cu ildən indiyə qədər Tovuz Rayon Məhkəməsinin hakimi vəzifələrində çalışıb.