“Zəfər Günü Xankəndidə hərbi parad keçirilməsi ibrətamizdir. Bu, həm də Azərbaycanı sevən, dost olanlara da, sevməyənlərə, qeyri-dost olanlara da mesajdır”.
Bu sözləri Azpost.info-ya hərbi ekspert Elxan Şıxəliyev sabah – Zəfər Günü Xankəndidə keçiriləcək hərbi paraddan danışarkən deyib.
Ekspert bildirib ki, Birinci Qarabağ müharibəsindən, 1994-cü ilin atəşkəsindən 19 sentyabr 2023-cü il, lokal antiterror tədbirlərinədək Qarabağdakı qondarma rejim mütəmadi olaraq Azərbaycana, Azərbaycan xalqına Xankəndidən barmaq silkələyirdi: “Ərazilərimiz işğalda olan zaman, xunta rejimi Xankəndidə paradlar keçirirdi, əsəblərimizlə oynayırdı. Xankəndi qondarma rejimin yuvası idi. Azərbaycan Ordusu həmin yuvanı dağıtdı, xunta rejimini diz çökdürdü. İndi isə Azərbaycan böyük zəfərini – Zəfər Gününü Xankəndidə hərbi paradla qeyd edir. Bu o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub, suverenliyimiz bərpa olunub və bir daha ərazilərimizdə separatizmə imkan verilməyəcək. Bu coğrafiyaya hakimin biz olduğumuzu bir daha bəyan edirik”.
“Xankəndidə keçiriləcək paradda Azərbaycanın bütün güc strukturlarının hərbçilərinin iştirak edəcəyi də rəmzi xarakter daşıyır. Əslində sabah keçiriləcək parad qaliblərin zəfər paradıdır“, – deyə E.Şıxəliyev qeyd edib.
Hərbi ekspert əlavə edib ki, Xankəndidə paradı Azərbaycan Ali Baş Komandanı, Prezident İlham Əliyevin qəbul edəcəyi və oradan Ermənistana sonuncu dəfə mesaj verəcəyi gözlənilir: “Xankəndidə veriləcək mesajla Azərbaycanın bundan sonra atacağı addımların nədən ibarət olacağı aydınlaşacaq. Məlumdur ki, Azərbaycan sülh istəyir, Bakıdan İrəvana sülh çağırışları edilir. Azərbaycanın şərtləri var və o şərtlər çərçivəsində sülh sazişi imzalanmalıdır. Yəqin ki, Xankəndidən sonuncu dəfə sülh çağırışı olacaq və bundan sonra proseslərin gedişi Ermənistanın davranışlarından asılı olacaq. Təəssüf ki, bu gün İrəvanın apardığı siyasət sülhdən yana deyil”.
“Nəzərə almaq lazımdır ki, Ermənistan yenidən yanlış siyasi yolu seçməkdədir, silahlanmaqdadır. Xankəndidəki hərbi paradda veriləcək mesaj ondan ibarət olacaq ki, bu coğrafiyada Azərbaycanla hərb dili ilə, güc dili ilə, qorxu dili ilə danışmaq olmaz. Bunun acı nəticələrini Ermənistan bir daha yaşaya bilər”, – hərbi ekspert bildirib.
E.Şıxəliyev onu da vurğulayıb ki, siyasi və hərbi ekspertlərin 2 ay bundan əvvələdək Xankəndidə hərbi parad keçiriləcəyi gözləntisi yox idi: “Şuşada hərbi paradın keçirilməsi proqnozlaşdırıla bilən olsa da, Xankəndidə hərbi parad keçirilməsi gözləntilərimiz içərisində yox idi. Gözlənilməz, proqnozlaşdırılmayan hadisələrə şahidlik edirik. Azərbaycan tarixi üçün böyük, son dərəcə önəmli günlər yaşayırıq. Mən cənab Ali Baş Komandan, Prezident İlham Əliyevi, Azərbaycan Ordusunu, Azərbaycan xalqını zəfərimiz münasibətilə təbrik edirəm”.
Anar ABDULLA
Azpost.info