Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV və QHT rəhbərləri ilə keçirilən görüşlərin məqsədini açıqlayıb.
H.Hacıyev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi olaraq ictimaiyyət nümayəndələri ilə keçirilən görüşləri çox yüksək qiymətləndirir: “Prezidentin köməkçisi olaraq çox böyük şərəf hissi ilə mən də istər onlayn, istərsə də çap mediasının nümayəndələri ilə bu görüşləri keçirdik. Azərbaycan mediasının gələcəkdə daha da inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Düşünürük ki, məsuliyyətli və peşəkar medianın inkişafı qarşımızda duran əsas məsələlərdən biridir. Ona görə də media kapitanları ilə bu mövzuda operativ müzakirələrimiz oldu”.
Azərbaycan Prezidentinin köməkçisi vətəndaş cəmiyyəti təsisatları ilə də fikir mübadiləsi aparıldığını nəzərə çatdırıb: “Dövlət başçısı hər bir ictimai çıxışında vətəndaş cəmiyyəti təsisatlarının ölkəmizin ictimai həyatında rolunun daha da artırılması, ictimai nəzarətin gücləndirilməsi kimi məsələləri qeyd edir. Bu xüsusda da biz müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərlə birinci ictimai liderlər platformasında görüşdük. Daha sonra əlillər, şəhidlər, Qarabağ qaziləri ilə əlaqədar sahələrdə, o cümlədən beynəlxalq sahədə fəaliyyət göstərən QHT təmsilçiləri ilə görüşümüz oldu. Bu görüşdə də dövlətimizin QHT sektorundan fəal çalışması ilə bağlı gözləntilərini, vətəndaş cəmiyyəti təsisatlarının fikirlərini, rəylərini, onlar tərəfindən qaldırılan problemləri də dinlədik. Bu qəbildən olan dialoqlar dövlətimizin başçısı tərəfindən qoyulan tapşırıqlara uyğun olaraq həyata keçirilir. Dövlət başçısı Milli Məclisdə çıxışında da ictimai-siyasi münasibətlər kontekstində yeni bir konfiqurasiyanın yaradılmasını xüsusi qeyd edib. Bundan da çıxış edərək bizim media nümayəndələri və QHT təmsilçiləri ilə fikir mübadiləmiz olub. Bu, davamlı bir xarakter alacaq”.