Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb.
Açıqlamada sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətini itirdiyi, müdir səlahiyyətlərini icra etmədiyi bildirilib.
“Sosial şəbəkələrdə yayılmış səs yazısı ilə bağlı bildiririk ki, bağçanın müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. Bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək”, – məlumatda vurğulanıb.
İdarədən, həmçinin qeyd edilib ki, sözügedən bağçanın fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb. İctimaiyyətə bu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, F.Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısında müəllimlərdən pul tələb etdiyi iddia edilir. Müəllimlərlə iclas zamanı xəlvəti qeydə alındığı ehtimal olunan səs yazısında direktor xaricdən son model “GL Mercedes” gətirtdiyini, özünün və qızlarının evi olduğunu, hər cür imkanı olduğunu vurğulayır. Qeyd edir ki, lazım gəlsə öz hesabına bağça üçün hər şeyi edər, amma hazırda həmin bağçada çalışan müəllimlərlə işləmək istəmir: “Mən heç bir müəllimlə işləməyəcəyəm. Ya həddə-kəməndə gələcəksiniz, ya elə edin ki, sabah qapımda durub bir şey xahiş edəndə, mən də sizə keçim.
…Siz məni dolamısınız. 24 uşaqdan cəmi 3 uşağın fond pulunu Yeganə müəllim gətirib. Mən 1135 manat jalüz ustasına pul göndərməliyəm. Problem deyil, o pulu mən evimdən də göndərə bilərəm. Amma niyə? Nə qədər siz burada oturub özünüzü yelləyəcəksiniz?”