“Qərb Ukraynada strategiyanı qətiləşdirməlidir, vəziyyət dəyişdi…” –Politoloq Zaur İBRAHİMLİ

“Rusiyanın Ukraynaya işğalçı hücumunun və davam edən müharibənin elə bir mərhələsi gəlib çatıb ki, başda ABŞ olmaqla Qərb ölkələri, həmçinin NATO strategiyanı qətiləşdirməlidirlər. Bu vaxta qədər Qərb ölkələrinin davranışını müəyyən edən bir sıra gözləntilər doğrulmayıb, həmçinin yeni amillər meydana çıxıb”.

Azpost.info bildirir ki, bu sözləri politoloq Zaur İbrahimli Meta-da bildirib.

Onun sözlərinə görə, Rusiyanın Kiyev ətrafında məğlubiyyətə uğramasından sonra, belə tezliklə və rahat şəkildə hərbi strategiyanı dəyişməsi, Rusiya ordusunun döyüş ruhunun tamamilə sınmaması, Kremlin Ordu üzərində tam nəzarəti saxlaya bilməsi, siyasi elitanın əsasən bütövlüyünü qoruması və Putinə qarşı açıq çıxış etməkdən çəkinməsi belə ehtiyacı yaradıb: “Rusiya cəmiyyətinin əsasən xarici siyasət ambisiyalarını dəstəkləməsi, həddindən ağır sanksiyaların cəmiyyətə psixoloji və mənəvi təsirinin ümid edildiyindən az olması, iqtisadi məsələlərdə Moskvanın qətiyyətli addımlar atmağa qadir olması, ən başlıcası gözlənilən miqyasda Rusiyaya qarşı qlobal ittifaq yaradıla bilməməsi, Putinin fəaliyyət qabiliyyətini və nəzarət imkanlarını saxlaması strategiyanı dəyişməyi tələb edir”.

Z.İbrahimli deyib ki, Rusiya zərurət yaranarsa uzunmüddətli müharibə və qarşıdurma aparmaq iqtidarındadır: “Uzunmüddətli müharibənin yalnız Rusiyanı zəiflədəcəyi ilə bağlı gözləntilər, hesablamalar tam həqiqəti əks etdirmir. Müharibənin qiyməti nəzərdə tutulduğundan baha ola bilər. Yan təsirləri daha genişmiqyası əhatə edə bilər. Belə bir şərtlərdə Qərb artıq uzunmüddətli qarşıdurma üçün planları qətiləşdirmək məcburiyyətində qalıb. Aralıq planlar işə yaramır və Rusiya üçün imkanlar yaradır”.

Politoloq hesab edir ki, Moskvanın da strategiyası məhz uzunmüddətli qarşıdurmanın yaradacağı risklərdən Qərb ölkələrinin qorxacağıdır: “Həmçinin, Moskva tarana getməklə Qərbə də vurulacaq ziyanın miqyasının böyük olmasının yaradacağı qorxuya ümid edir. Qərbdə bununla bağlı artıq müzakirələr başlayıb. Bu həm də, Qərb cəmiyyətlərinin yanaşmasının dəyişməsini tələb edir. Yalnız iqtisadi rifah əsas götürüləcəksə, o zaman dünya tədricən kolonial dünyaya doğru irəliləyəcək, güclülər zəifləri tam ilhaq edəcək və resurslarını istismar edəcək. Güclü ölkələrin cəmiyyətləri isə yalnız iqtisadi rifahı düşünəcəklər.Tarix isə bunun səhv yol olduğunu artıq göstərib”.

Z.İbrahimlinin fikrincə, söhbət yalnız hərbi əməliyyatların davam etməsindən getmir: “Söhbət Rusiyanın yanaşmasının və ona mümkün güzəştlərin yaradacağı daha böyük fəalkət və faciələrin anlaşılmasından və bütün addımların bunları nəzərə alaraq atılmasından gedir”.

Azpost.info 

Əvvəlki məqalə

Rusiya taxıl blokadasını açsa, sanksiyalar ləğv ediləcək? –

Sonrakı məqalə

Britaniya Avropa İttifaqına alternativ yaradır? –