“Qərbin hərbi yardımının dayandırılması Ukraynanın ölkənin qərb sərhədlərinə doğru irəliləyərək bütün ərazisini işğal edən Rusiya ordusunun qarşısını almaq qabiliyyətini itirməsinə səbəb ola bilər”.
Azpost.info xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Bu ssenaridə Rusiya Polşa, Slovakiya, Macarıstan və Rumıniya sərhədlərində hərbi bazalar açacaq. Moskva həmçinin ölkənin cənub-qərbində və şimalında iki diviziya – hava-desant qüvvələri və motoatıcı diviziyalar yerləşdirməklə Belarusdakı hərbi mövcudluğunu artıracaq.
ISW ekspertləri hesab edirlər ki, bu, Rusiyaya bir və ya bir neçə NATO ölkəsinə sürətli hücum üçün şərait yaratmağa imkan verəcək.
Hərbi alyansın sərhədlərində yerləşdirilən rus qoşunları Baltikyanı ölkələri, Moldovanı, həmçinin Polşa, Rumıniya və Slovakiyanın əhəmiyyətli hissəsini əhatə edəcək sıx hava hücumundan müdafiə şəbəkəsi ilə əhatə olunacaq.
“Bu vəziyyətdə ABŞ NATO üzrə tərəfdaşlarının tam təhlükəsizliyini təmin etmək üçün lazımi miqdarda qüvvə və texnikanı tez bir zamanda Avropaya köçürə bilməyəcək. Üstəlik, Avropa ölkələrinə yardım ABŞ-ın Çinin Tayvana qarşı potensial təcavüzünə effektiv cavab vermək imkanlarını azaldacaq. Buna görə də Vaşinqton Avropa və Tayvan arasında seçim etməli olacaq”, – ISW analitikləri deyirlər.
Onların fikrincə, nəticədə ABŞ bir müddət elə vəziyyətə düşə bilər ki, nə Rusiyaya, nə də Çinə tam müqavimət göstərə biləcək.
Eyni zamanda, hərbi ekspertlər başqa bir ssenarini də istisna etmirlər – Ukraynanın tam qələbəsi və 1991-ci il sərhədlərinə qayıdış. Bu halda NATO-ya qarşı hazırkı təhdidlər zəifləyəcək. Xüsusilə, Rusiya aviasiyası alyansın cənub-şərq cinahını təhdid etməyi dayandıracaq, Qara dəniz NATO-nun “daxili gölü”nə çevriləcək və Rumıniyaya ən yaxın rus qoşunları təxminən 800 km məsafədə olacaq.
Bu vəziyyətdə Belarusdakı rus qoşunları Alyans qüvvələri və müstəqil Ukrayna tərəfindən mühasirəyə alınacaq. Baltikyanı ölkələr və Polşanın şimal-şərqi Ukraynanın Rusiya ordusu tərəfindən tam işğalı ssenarisi ilə müqayisədə daha çox qorunacaq.
Bu təhlil əsasında ISW hərbi ekspertləri qeyd edirlər ki, Vaşinqton üçün Ukraynanın tamamilə Rusiya tərəfindən tutulmasını gözləməkdənsə, indi ona yardım göstərmək daha sərfəlidir.
Azpost.info