“Qərbin hədəfi Rusiyanın təcavüzünün qarşısını almaq deyil” –NATİQ CƏFƏRLİ

“Rusiyaya qarşı yeganə və həlledici sanksiya neft və qaz qiymətlərinin aşağı səviyyələrdə qalması ola bilərdi”.
Azpost.info bildirir ki, bu barədə REAL partiyasının funksioneri Natiq Cəfərli bildirib.
O, bunun üçün bir sıra məqamları sadalayıb:  “İrana qarşı enerji sanksiyaları götürülsəydi, İranın neft bazarına çıxaracağı əlavə 2,5 mln. barel neft qiymətləri aşağı səviyyədə tutmağa kömək edəcəkdi. Bundan başqa İranın böyük qaz potensialına investiya qoymaqla bu ölkənin dünyaya, əsasən AB ölkələrinə qaz nəqlini təşkil etmək olardı. Venesuelaya qarşı sanksiyalar da götürülməli idi. Nəticədə bu ölkə dünyaya indiki kimi günə 700-800 min barel deyil də, 3 mln. barel neft sata bilərdi. Bu da qiymətləri aşağı salacaqdı”.
N.Cəfərli bildirib ki, bundan başqa OPEC təşkilatına qarşı beynəlxaq cinayət işi açılmalı, bu təşkilatın kartel sövdələşməsi cinayət sayılmalı, qurum ləğv edilməli idi: “Əgər ABŞ və AB-nin fikri Rusiyaya ziyan vurmaq idisə, məhz bu addımlar atılmalı idi.  Neft 30-40 dollar, qaz 150-200 dollar olsaydı, Rusiya iqtisadiyyatı maksimum 2 il bu qiymətlərə dözə bilərdi – başqa heç bir sanksiyaya ehtiyac qalmayacaqdı. Etmədilər, öz ayaqlarına güllə vurdular, dünyada inflyasiyanı şişirdilər”.
Siyasətçinin fikrincə, beynəlxalq güclərin daha böyük gündəmləri, hədəfləri var – Yeni Enerji Keçidi: “Bu keçidin baş tutması, özəl sektorun marağının artması üçün mütləq neft-qaz qiymətləri baha olmalıdır. Ucuz ənənəvi enerji daşıyıcıları alternativ enerjiyə keçidin əsas düşmənidir. Həm də ucuz neft səyahətləri artırır, uçuşları çoxaldır, maşınlardan daha çox və daha intensiv istifadəyə səbəb olur ki, bu da qlobal gündəli yaradan bir ovuc güclü oyunçular üçün yolverilməzdir, onların hədəflərinə uyğun deyil”.
N.Cəfərlinin fikrincə, deməli əsas hədəflər başqadır: “Hədəf Rusiyanın təcavüzünün qarşısına almaq deyil. Çünki, bu gün baha neft-qaz qiymələri Rusiyaya sanksiyalardan öncəki zamana görə 2,5 dəfə çox pul qazandırır. Həm də enerjinin fiziki azlığı, çatışmazlığı Rusiyaya əlavə təzyiq alətləri verir”.
Əvvəlki məqalə

“Ukraynada bütün istiqamətlər üzrə hərəkətlər artırılacaq”

Sonrakı məqalə

ABŞ Afrika və Yaxın Şərq ölkələrinə 1 milyard dollar ayıracaq