“Qarabağ münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır” –Avropa Parlamentindən birgə bəyanat

Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıb.  

Birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub.

“Keçən il yaxın vaxtlarda Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı elan edilmişdi.

Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistandakı Kapan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək.

Prinsip etibarı ilə biz Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik.

Lakin bu magistralın inşası qərarı, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alınıb və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər.

Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu etimad, sülh və barışıq üçün mühit yaratmağa kömək etmir.

Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən  Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz  öhdəliklərini gücləndirməyə çağırırıq”, birgə bəyanatda deyilir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da etirazçılar Xristofor Kolumbun heykəlini dağıdıb –

Sonrakı məqalə

Şəkinin küçələrində yenə ayı göründü –