Qarabağ Muxtar Respublikasının yaradılmasını kim təklif edib? –Siyasi Büroda Qorbaçova "Qarabağ məsələsinin həlli mümkün deyil" sözünü kim deyib? (TARİX)

1988-ci ildən başlanan Qarabağ münaqişəsi Sovet İttifaqının rəhbərliyini çətin vəziyyətə saldı. Mixail Qorbaçovun problemə yanaşmasında buraxdığı kobud səhvlər millətlərarası münaqişəni daha da dərinləşdirdi və Qarabağ SSRİ-ni dağılmasında həlledici məqamlardan birinə çevrildi.

Azərbaycan cəmiyyəti uzun müddət SSRİ rəhbərliyinin münaqişənin həllində erməniyönlü mövqe tutduğunu israr etsə də respublikanın o vaxtkı siyasi rəhbərliyi bunu ciddi şəkildə ört-basdır edərək “xalqlar dostluğu” və “beynəlmiləl qardaşlıq” nəğmələri ilə  özlərinə təsəlli verirdilər.

Azpost.info Qarabağ münaqişəsinə SSRİ rəhbərliyinin münasibətini əks etdirən “məxfi” qrifli sənədi oxucularına təqdim edir. 31 saylı bu stenoqram SSRİ-də Qorbaçov islahatlarının əsas ruporu və ideoloji təbliğatçısı olmuş Aleksandr Yakovlevin arxivindən götürülüb.

A.Yakovlev 1985-ci ildə Sov.İKP MK-nın təbliğat şöbəsinin rəhbəri təyin olunub. 1986-cı ildə Mərkəzi Komitənin üzvü seçilib. Mərkəzi Komitənin katibi kimi ideologiya, informasiya və mədəniyyət məsələlərinə cavabdeh olub.  1987-ci ilin iyun plenumunda Siyasi Büronun üzvü seçilib.  SSRİ Prezidentinin baş müşaviri olub. 27 iyul 1991-ci ildə bu vəzifədən istefa verib.

1988-ci ilin 22 fevralında SovİKP-nin Mərkəzi Komitəsində SSRİ-nin  aparaıcı partiya KİV rəhbərləri ilə görüşdə müzakirə olunan əsas məsələlərdən biri Dağlıq Qarabağ ətrafında vəziyyət olub.

İclasda çıxış edən A. Yakovlev bildirir ki, 21 fevralda Qarabağdakı vəziyyətlə bağlı Siyasi Büronun iclası keçirilib: “Dünən axşamkı iclasın keçirilməsinə səbəb DQMV Vilayət Sovetinin Ermənistana birləşmək barədə qərar qəbul etməsi oldu.  Bu məsələnin mürəkkəb tarixi vardır”.

Daha sonra bolşeviklərin Qarabağ məsələsi ilə bağlı 1923-cü ildə qəbul etdikləri qərarı xatırladan Yakovlev deyir ki, Qafqaz Bürosu bir neçə dəfə qərarını dəyişməli olub: “Kavbüro Stalinin, Orconikzenin, Kirovun, Myasnikovun və Nərimanovun iştirakı ilə bu gün qərara qalıb ki, Qarabağ Ermənistana verilsin. Nərimanov əleyhinə səs verib. Səhəri gün bütün qərara yenidən baxılıb. Sənəd var ki, Lenin bu məsələ haqqında Çiçerindən öz mövqeyini ifadə etməyi xahiş edir. Görünür Leninin məsələ ilə bağlı əminliyi olmayıb. Çiçerin isə bu məsələdə qəti mövqe tutub və bildirib ki, bu torpaqlar erməni torpaqlarıdır. Gördüyünüz kimi, dəhşətli dərəcədə mürəkkəb məsələdir”. 

Hazırkı vəziyyət barədə danışan A.Yakovlev bildirir ki, Siyasi Büroda məsələ xeyli müzakirə edilib: “Orada səbəblər təkcə emosional-millətçi deyil, real olanlar da var. Vilayətin 80 faizində ermənilər yaşayır.  Amma erməni dilində televiziya yoxdur. Ermənilər məsələni necə qoyurlar? Yerevanda  Azərbaycan teatrı var? Var. Amma Bakıda erməni teatrı yoxdur. Vilayətdə mədəniyyət evi yoxdur, kitabxana qəzalı vəziyyətdədir. Deyək ki, bir sıra ərazilərdə yalnız ermənilər yaşasalar da sahə müvəkkili azərbaycanlıdır. Digər tərəfdən mənzil tikintisinin həcmi  respublikadan yuxarıdır”. 

Daha sonra A.Yakovlev Siyasi Büronun qərarını KİV rəhbərlərinə açıqlayır: “Qərar belədir: Hazırkı vəziyyətdə heç bir ərazi dəyişikliyindən söhbət gedə bilməz. Bu barədə Ermənistan və Azərbaycan partiya-təsərrüfat fəallarına qəti şəkildə demək. Xüsusən Ermənistanda.  Azərbaycanda bir sıra adamlarda şovonist niyyətlər var. Orada uşaqlar erməni olduğuna görə məktəbə getməyə qorxurlar.

Ermənilər haqqında: Orada mitinq olub. Ekstemistlər öz proqramları ilə çıxış ediblər. ( red-?)  Bütövlükdə onlar hər şeyi qanun çərçivəsində ediblər. (?-red)  Dərhal situasiyaya müdaxilə etmək lazımdır. Yoldaşlar, dediyim kimi, məsələ çox mürəkkəbdir. Burada çox diqqətli olmaq, görmək, anlamaq və iş görmək lazımdır. Ona görə sizdən xahiş edirəm ki, heç bir müstəvidə heç bir ərazi mübahisələrinə toxunmaq olmaz. Hünərin var özbəklərə subut elə ki, Səmərqənd və Buxara onların deyil. Baxmayaraq taciklər qəti əmindirlər ki, bunlar tacik şəhərləridir. Yoldaşlar, diqqətli olun ki, sizə heç bir halda ərazi məsələlərinə baxılması  ilə bağlı materiallar itələməsinlər.

Bu birinci.

İkinci, bu məsələləri necə və hansı qaydada işıqlandırmaq. Bu elə vəziyyətdir ki, informasiya məqsədəyönlü və sakitləşdirici olmalıdır. Orada qızğın başlar var, kimlərsə bütün xalqı ittiham edir.

Ermənistanda işlər necə gedəcək, bilmirəm.  Yerli rəhbərliyin özünü aparmasından belə görünür ki, onlar özlərini “qeyri-populyar” qərarların qəbul olunmasına bağlamaq istəmirlər. Baxmayaraq ki, Siyasi Büronun axşamkı qərarı ilə vəziyyətin normallaşmasına görə Bağırov və Dəmirçiyan şəxsən məsuliyyət daşıyırlar. Hələlik isə yerli rəhbərliyin mövqeyi belədir: Qoy, Moskva həll etsin! Qoy Moskva qərar versin.

Nə üçün 10 günlük müzakirələrdən sonra rəsmi qərar qəbul etməli olduq? Ona görə ki, Dağlıq Qarabağın Mərkəzi Komitədə, Ali Sovetdə, KQB-də görüş keçirmiş nümayəndələri belə bir informasiya yayırlar ki, guya Moskva onları dəstəkləyib. Moskva məsələni öyrənəcək, baxacaq. Görünür bizim adi bürokratik termin olan “baxılacaq” sözünü özlərinin istədiyi kimi  şərh edirlər. Moskvanın onların tələblərini dəstəkləməsi barədə dediklərini isə ümumiyyətlə özlərindən əlavə edirlər. Buna görə bizim həqiqi mövqeyimiz barədə açıq və vicdanla açıqlamaq lazımdır. Ona görə ki, bu məsələdə hər hansı yanılmalar, illuziyalar və anlaşılmazlıqlar olmasın”.

Yenidənqurma ideoloqunun çıxışı yayğındır və problemə qəti yanaşmanı əks etdirmir. Yakovlev iclasda deyir: “Formal yanaşsaq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tərəfdarlarının hərəkətlərində nöqsan tapmaq çətindir: Onlar özlərini qanun çərçivəsində aparırlar. Vilayət Sovetinin sessiyasında qərar qəbul ediblər, məsələyə baxılmaq xahişi ilə Ermənistan və Azərbaycan Ali Sovetlərinə müraciət ediblər. Bəs orada hansı qərar qəbul olunacaq? Aydındır ki, Azərbaycanın qərarı əleyhinə olacaq.  Ermənistanla da məsələ aydındır, Ali Sovet bu xahişi dəstəkləyəcək.

Hələki bu şüarlarla çıxılar: “Əbədi olaraq rus xalqı ilə”, “Dağlıq Qarabağ əbədi erməni torpağıdır”, “Yasasın Lenin”, “Yaşasın Qorbaçov”, “Yaşasın Aqanbekyan”… Təəsüf ki, “Literaturnaya qazeta”nın müxbiri Zori Balayan çox güclü şəkildə bu məsələyə qarışıb. Onunla yaxşıca danışmaq lazımdır.  Sabah hətta təsadüfi toqquşma olarsa qan axacaq. Biz sonra bunun altını çəkəcəyik. Aqanbekyanla da söhbər aparılacaq. İlk olaraq nəticələr barədə düşünmək lazımdır. Milli məsələdə diqqətli olmaq lazımdır. Məsələni mürəkkəbləşdirən bir də odur ki, Yerevanda rəhbər heyət və ziyalılar arasında Dağlıq Qarabağdan çıxanlar çoxdur.  İndi millətçi ektemizimə öz qiymətini vermək lazımdır. Heç bir halda millətçiliklə milliliyi qarışdırmaq olmaz. Milli olanı dəstəkləmək lazımdır, millətçiliyə qarşı amansız olmaq lazımdır”.

Yakovlevin Qarabağla bağlı 1988-ci ilin yanvarında Mixail Qorbaçova göndərdiyi şəxsi yazışması da açıqlanıb.  

Bu yazışmada Yakovlev Qarabağ məsələsini həlli mümkün olmaya məsələ adlandırır: “Mixail Sergeyeviç, elə riyazi məsələlər var ki, onların həlli yoxdur.  Onların həllinin mümkünsüzlüyünün riyazi metodlarla subut edən metodları var.

Qarabağ probleminin də bu gün həlli mümkün deyil. Onun üçün optimal həll yolu yoxdur. Bütün düşünülən mümkün qərarlar tərəflərin biri tərəfindən qəbul edilməyəcək. Həll yolu axtarmaq boş vaxt itkisidir və bunu dayandırmaq lazımdır. Bunun əvəzinə yaranmış vəziyyətdən çıxış yolu tapmaq lazımdır – Gərginliyi, artan qəzəbi azaltmaq, hər iki respublikada bu aylarda yarann emosional stressi aradan qaldırmaq.  Bu planda ekstemral vəziyyətə istinad edərək ekstermal tədbirlərin qəbulunu əsaslandırmaq olar: Dağlıq Qarabağın vilayət orqanlarını müvəqqəti olaraq ölkənin mərəkəzi orqanlarının nəzarətinə vermək.   Gələcəkdə işi o istiqamətə aparmaq lazımdır ki, orada muxtar respublika yaratmaq mümkün olsun”.

A.Yakovlev yazır ki, belə yanaşma tərəflərin heç birində etiraz doğurmamalıdır – azərbaycanlılar inzibati -ərazi üzrəində status –kvonu saxlayır, ermənilər mərkəzin nəzarəti altında olan idarəetmə orqanları əldə edirlər.

O, Mixail Qorbaçova təklif edir ki, bununla əlaqadar Azərbaycan və Ermənistan KP MK-larına yubanmadan Qarabağ hadisələrinin işıqlandırılması üçün birgə hərəkətin ümumi prinsiplərini işləyib hazırlasınlar. Bu zaman yerli KİV-lərin verilişlərinin məzmununa nəzarət olunsun: “Azərbyacan və Ermənistan KİV-lərinin hərəkətlərinin gündəlik koordinasiyası təmin olunsun.  Müvəqqəti olaraq əvvələcədn razılaşdırılmış müsbət materiallar istisna olmaqla bütün vizual vasitələrədən ( telegörünütü, foto, sənədli kinolent) imtina olunsun.

Mərkəzi KİV-lərin verilişlərinin mündəricatı Mərkəzi Komitənin təbliğat şöbəsinin nəzarətinə verilsin”.

Sənədlərdən göründüyü kimi SSRİ-nin mərkəzi rəhbərliyi Dağlıq Qarabağ məsələsinin hansı fəsadlara gətirib çıxaracağını təsəvvür etməyiblər.

Azpost.info  

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb –

Sonrakı məqalə

Cahangir Hacıyev bəraət istəyirdi, həbs cəzası verildi –