Qarabağda Azərbaycan Ordusuna xeyir-dua verən Britaniya –London qalib Bakı ilə strateji tərəfdaşlığı necə qurur?

Qarabağda ötən ilki müharibədən sonra Britaniya, Azərbaycanın ən yeni tarixində qəbul edildiyi kimi, yenə bu ölkədə əsas dövlət rolunu oynamaq istəyir.

Xarici İşlər, Birlik və İnkişaf Nazirliyinin Avropa qonşuluğu məsələləri üzrə naziri Vendi Morton 44 günlük müharibədən sonra Bakıya səfər edən ikinci yüksək vəzifəli Qərb məmuru oldu. Onun 8-9 fevral tarixlərində baş tutan səfərindən əvvəl, yanvarın 27-də Fransanın Avropa məsələləri üzrə nazirliyinin dövlət katibi Jan-Batist Lemuan ölkəyə səfər edib. Hər ikisi dövlətlərinin Azərbaycandakı avtoritar rejimlə münasibətlərindən məftunluqlarını ifadə ediblər. Amma Azərbaycanla strateji tərəfdaşlıqda birincilik nöqteyi-nəzərdən Böyük Britaniya öndədir. Və təkcə Ermənistan Qarabağda müharibə meydanında tamamilə darmadağın edilərsə, Qarabağın müstəqilliyini tanımaqla hədələyən Parisdən fərqli olaraq, London British Petroleum-un (BP) şəxsində İlham Əliyevin ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini açıq-aşkar dəstəklədiyinə görə deyil.

Britaniya BP-nin şəxsində hələ SSRİ-nin son illərində gözünü Xəzərin enerji sərvətlərinə dikmiş, buraya yüksək vəzifəli emissarlar göndərmiş, Azərbaycan məsələlərində İngiltərənin liderliyinin əsasını qoymuşdu. Təsadüfi deyil ki, BP operator qismində regiondakı neft-qaz və boru kəməri layihələrinə rəhbərlik edib, məşhur şirkətlərin, o cümlədən Fransa şirkətlərinin Azərbaycana maraqlarına yol açıb.

Xanım Morton müharibəsonrası Bakıda yaşıl enerjinin inkişafı, habelə qadınların hüquqlarının müdafiəsi və gender zorakılığına qarşı mübarizə məsələlərini təşviq edib. Bu iki mövzu həm səfər ərəfəsində, həm də Mortonun Azərbaycan hakimiyyəti və vətəndaş cəmiyyəti ilə görüşlərində israrla təşviq edilib.

Birinci halda söhbət Azərbaycanda, xüsusən azad edilmiş ərazilərdə alternativ enerjinin inkişafında Britaniya şirkətlərinin iştirakından gedirdi. “Böyük Britaniya Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçidini və ambisiyalı iqlim hədəflərinə nail olmasını, o cümlədən 2030-cu ilə qədər karbohidrogen tullantılarının daha çox azaldılmasını dəstəkləməyə hazırdır”, deyə xanım Morton prezident Əliyevə mesaj verib.

İkinci mesaj Azərbaycana İstanbul Konvensiyasına qoşulmaq dəvətini ehtiva edirdi. “Birləşmiş Krallıq qadın və qızların hüquqlarının və gender bərabərliyinin təşviq edilməsində əsas ölkələrdən biridir və buna görə Azərbaycanı qadınları məişət zorakılığından qoruyan İstanbul Konvensiyasını imzalamağa çağırır”, deyə Morton bildirib.

İstanbul Konvensiyası kimi məşhur olan “Avropa Şurasının qadınlara qarşı şiddətin və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiyası” AŞPA-da qəbul edilib və 2011-ci il mayın 26-da İstanbulda imzalanması üçün açıq elan edilib. İstanbul Konvensiyasına qadınlara qarşı şiddət, ailədə zorakılıq qurbanlarının müdafiəsi tədbirləri, preventiv tədbirlər, təqsirkarların məsuliyyətə cəlb edilməsi, effektiv müdafiənin təmin edilməsi üçün milli qanunvericiliklərin təkmilləşdirilməsi və s. haqqında müddəalar daxildir. AŞ üzvü olan ölkələrdən yalnız Rusiya və Azərbaycan bu konvensiyanı ratifikasiya etməyib.

Azərbaycan prezidenti və vitse-prezidenti hər iki siqnalı qəbul edib. Prezident azad edilmiş əraziləri “yaşıl dirçəliş zonası” elan edib, vitse-prezident isə fevralın 11-də İslam Sülh, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən elan edilmiş “Qadınlar İli” çərçivəsində Beynəlxalq Qadınlar və Qızlar günü münasibətilə keçirilən videokonfransda Azərbaycanda qadınların hüquqlarına ənənəvi olaraq hörmət olduğunu xatırladıb.

Qərbdə iqlim dəyişiklikləri və təmiz enerji yaradılması sahəsində siyasətin sərtləşdirildiyini nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki, BP və alternativ enerji sahəsində ixtisaslaşan digər şirkətlər Azərbaycanda enerji sahəsində və digər sahələrdə liderliyi qoruyub saxlamağa çalışır.

Həmçinin, bu ilin noyabrında Şotlandiyada dünya liderlərinin iştirakı ilə BMT-nin iqlim dəyişikliklərinə həsr olunmuş genişmiqyaslı konfransının keçiriləcəyi tarixə qədər London və Bakının müharibəsonrası əməkdaşlıq strategiyası xəttini müəyyən edəcəyini gözləmək olar.

ABŞ-ın Ağ Evin yeni administrasiyasının həyata keçirmək niyyətində olduğu iqlim dəyişikliyi haqqında sazişə qayıtmasını nəzərə alsaq, 2016-cı ilin aprelində Azərbaycanın Qarabağ uğrunda çoxillik müharibəsində qısamüddətli hərbi uğurundan əvvəl baş tutmuş Bayden-Əliyev dialoqunun davam etdiriləcəyi istisna deyil. Bayden administrasiyası artıq gender bərabərliyini və digər bərabərlikləri siyasətinin prioriteti elan edib və bu, qeyri-demokratik rejimlərlə münasibətlərin qurulmasında model olacaq.

Xanım Mortonun ritorikasına əsaslansaq, London və Vaşinqtonda diqqətlə izlənən enerji və gender mövzuları onun da iştirak etdiyi Bakı və London arasında hər il keçirilən siyasi məsləhətləşmələr iclasının gündəliyindəki əsas məsələlərdən olub. Geosiyasət və Qafqaz məsələləri nöqteyi-nəzərdən onları vacib məsələlər hesab etmək olar, amma ən vacib deyil. Bütün əvvəlki illərdə olduğu kimi, şübhəsiz, bu il də özünü göstərəcək Britaniya-Azərbaycan strateji tərəfdaşlığının dərinləşdirilməsi əsas məsələ olaraq qalır. (Turan)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabir Rüstəmxanlı yenidən VHP-nin sədri seçilib

Sonrakı məqalə

Prezident İlham Əliyev və Mehriban Əliyeva Laçına gedib