Ali Baş komandan İlham Əliyev Xankəndiyə Azərbaycan bayrağını sancmaqla ölkəmizin 35 ildir məruz qaldığı qanlı separatizm hərəkatını kökünü qazdı.
8 noyabrda Xankəndidə hərbi paradda çıxış edən prezident zəfərin qazanılması üçün illərlə beynəlxalq platformada iş aparıldığını və güclü ordu sayəsində məqsədə nail olunduğunu bəyan etdi.
Qarabağ münaqişəsi Azərbaycan dövlətçiliyi üçün böyük sınaq oldu. Qanlı müharibə, düşmən işğalı, milyonlarla məcburi köçkün müstəqil dövlət kimi ilk addımlarını atan ölkəmiz üçün fəlakətlər gətirsə də dünya çapında haqlı mövqeyini sarsıda bilmədi.
SSRİ-nin son illərində yaranmış vəziyyəti öz mənfur məqsədi üçün fürsət bilən Ermənistan Qarabağda separatçı hərakata dəstək verməklə bu münaqişəni sovet dövlətinin ən qanlı və faciləi tarixinə çevirdi.
Avanturist İrəvan, etnik zəmində dava salan beynəlxalq maraq dairələri Azərbaycanı öz torpaqları uğrunda mübarizədən çəkindirmək üçün ən müxtəlif böhtan üsullarına əl atmaqdan çəkinmirdilər.
Belə cəhdlərdən biri Qarabağ münaqişəsinə dini rəng vermək, onu dünyaya “xristianların təqibi” kimi təqdim olunması idi. Erməni Apostol Kilsəsinin tezisləri ilə diaspora təşkliatları Avropa dövlətlərində bu iddianı gecə-gündüz yayırdılar. Yalançı göz yaşları ilə “dərdli xristian ermənilərinin tək qoymamağa” çağıran bu dini-siyasi dairələr üçün əsas hədəf Qarabağın Azərbaycandan qoparılmasının ideoloji müstəvisini qurmaq idi.
Azərbaycan ilk gündən bu ittihamı rədd edən siyasi mesajlarını verdi. Bu yöndə Qafqaz Müsəlmanları İdarəsi, onun sədri Şeyxülislam Allahşükür Paşazadənin mövqeyi və apardığı fəaliyyət dövlət siyasətinin vacib detalına çevrildi.
Azərbaycanın xariclə məhdud əlaqələri Ermənistanın dini savaş çağırışlarına qarşı yeni platformanın qurulmasını tələb edirdi. Bu rolu Qafqaz Müsəlmanları İdarəsi öz üzərinə götürdü.
Şeyxülislam Qarabağ davasının din və inanc uğrunda deyil, ərazi uğrunda aparılan müharibə olduğunu etiraf etdirə bildi.
Azərbaycan və Ermənistan dini liderlərinin 1993-cü ildə baş tutan görüşündə katalikos 1-ci Vazgen Qarabağ münaqişəsinin dini motiv daşımadığını bəyan etdi. 1995-ci ildə Rusiya Patriarxı II Alekseyin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşdə Erməni Apostol Kilsəsinin başçısı 1-ci Qaregin Qarabağ münaqişəsinin dini mahiyyət daşımadığını etiraf etdi və bununla bağlı birgə bəyanatı imzaladı.
Bununla erməni kilsəsi problemin dini zəmindən qaynaqlanması barədə dünyada qaldırdığı yalançı hay-küyünü etiraf etdi.
QMİ sədrinin bu yöndə apardığı fəaliyyət ən müxtəlif formatlarda özünü göstərirdi. Nufuzlu müsəlman və xristian, katolik, pravoslav liderləri ilə ardıcıl görüşlərində A.Paşazadə Qarabağ məsələsində Azərbaycan prezidentinin siyasi xəttinə söykənərək bu münqaişədə “din izi” axtaranları məyus edə bildi.
Nəticələri isə çox gözləmək lazım gəlmədi.
Avropanın aparıcı ölkələrində, Rusiyada təşkil olunan beynəlxalq konfranslarda Qarabağ münaqişəsinin həlli üçün əsas prinsip Azərbaycanın ərazi bütövlüyü qeyd olunurdu.
2019-cu ildə Azərbaycanda keçirilən Dünya Dini Liderlərinin Bakı Zirvə görüşündə müxtəlif səmavi dinləri təmsil edən nufuzlu din xadimləri bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirdilər.
Aparılan ardıcıl işin sayəsində dünya Qarabağ münaqişəsini xristian-müsəlman savaşı kimi qəbul etmədi. İki xalqı düşmən edən erməni kilsəsinin bu savaşı dini zəmində elan etməyə cürəti çatmadı.
QMİ sədri iştirak etdiyi bütün mötəbər konfranslarda Qarabağın Azərbaycan torpağı olmasını bəyan edərək separatçı qüvvələrə hər hansı dəstəyin böyük fəlakətlər gətirəcəyini bildirirdi.
Vətən Müharibəsindən sonra QMİ sədrinin Qarabağda son vəziyyətlə bağlı dünyanın din xadimlərinə, beynəlxalq təşkilatlara ünvanladığı məktubuna verilən cavablar bu dəstəyin miqyasını göstərən bir indikatordur. BMT Baş katibindən, İslam Əməkdaşlıq Təşkilatından, beynəlxalq təşkilatlardan gələn reaksiyalar Ermənistandan fərqli olaraq Azərbaycanın haqlı mübarizəsinə dəstəyin bariz nümunəsi oldu.
Azərbaycanın müsəlman, yəhudi, xristian din xadimləri bəyan etdilər ki, Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmaya başqaları nə qədər dini don geyindirməyə çalışsa da, bu münaqişə heç bir dini mahiyyət daşımır və Azərbaycan “müsəlman işğalçısı” rolunu oynamır.
Müxtəlif toplantılara, mötəbər beynəlxalq konfranslara ölkədə olan 3 müxtəlif dini konfessiyasının rəhbərləri ilə qatılan Azərbaycan nümayəndə heyətinin tərkibini dini həmrəyliyin dünyada arzu olunan tablosu saymaq olar.
44 günlük müharibə zamanı erməni kilsəsi özünün militarist sifətini açıq göstərməyə başladı. Eçməzdinin yaydığı bütün bəyanatlar, çağırışlar yalnız qan tökməyə, sadə erməniləri onlara aid olmayan torpaqlar uğrunda ölməyə səsləyirdi.
Amma bütün bu cəhdlər əbəs oldu. Erməni Apostol Kilsəsinin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara son hərbi əməliyyatlar zamanı dəstək istəməsi o qədər də reaksiya doğrumadı.
Həmin günlərdə Yunanıstan Pravoslavlarının Patriarxı 3-cü Feofil Qareginin məktubuna cavabında danışıqların münaqişənin həllində yeganə və təhlükəsiz vasitə olduğunu bildirdi, Anqlikan kilsəsi, Kenterberri arxiyepiskopu Castin Uelbin tərəfləri sülhə və dialoqa çağırdı.
Bununla da Erməni kilsəsinin “köhnə bayatısı”- hərbi əməliyyatları dünya ictimaiyyətinə “əzabkeş erməni xalqına” olan hucum kimi təqdim etmək cəhdləri alınmadı.
Döyüşlərin ilk günündə xarici ölkələrin hökümətlərinə və dünya dini liderlərinə müraciət edən Allahşükür Paşazadə Azərbaycanın bu davasının haqlı və ərazilərini işğaldan azad etməsi üçün apardığını bəyan etdi.
BMT-nin Baş Katibinə, ATƏT-in fəaliyyətdə olan Sədrinə, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanına, Moskva və Bütün Rusiya Patriarxı Kirilə, Bütün Gürcüstanın Patriarxı II İliyaya, Roma Papası Fransiskə, İslam Əməkdaşlığı Təşkilatının baş katibinə və digər nufuzlu qurumların başçılarına ünvanlanan bu müraciətlər və verilən reaksiyalar Azərbaycanın haqlı mövqeyinin təsdiqi oldu.
Həmin günlərdə QMİ sədrinin Qarabağda son vəziyyətlə bağlı dünyanın din xadimlərinə, beynəlxalq təşkilatlara ünvanladığı məktubuna verilən cavablar bu dəstəyin miqyasını göstərən bir indikator oldu. BMT Baş katibindən, İslam Əməkdaşlıq Təşkilatından, beynəlxalq təşkilatlardan gələn reaksiyalar Ermənistandan fərqli olaraq Azərbaycanın haqlı mübarizəsinə dəstək verdilər.
44 günlik müharibənin əvvəlində və sonunda Şeyxülislamın etdiyi müraciətlərə beynəlxalq reaksiya, nufuzlu dini rəhbərlərin Azərbaycana göndərdikləri qələbə təbrikləri görülən işin nəticəsi idi.
Vətən müharibəsindən sonra erməni kilsəsinin xisləti bir daha aydın oldu. Məğlubiyyətin bütün dəhşətini duyan kilsə sülhün avanqardı olmaq əvəzinə “köhnə bayatılara” üz tutdu. Düşmən bu dəfə Azərbaycanın guya kilsələri dağıtması barədə hay-küy qaldırdı.
Amma bütün bu cəhdlər Bakının təkzibedilməz arqumentləri qarşısında çarəsiz duruma düşdü. QMİ sədri və Azərbaycanda digər dini icmaların rəhbərlərinin işğaldan azad edilmiş Ağdamda verdikləri bəyanatlarında Ermənistanın yalanı faş edildi və bunun tam əksi ortaya qoyuldu: Məlum oldu ki, 28 illik işğal nəticəsində Ermənistan Qarabağda bütün məscidləri, kilsələri dağıdıb, müqəddəs abidələri darmadağın edib, qəbristanlıqları şumlayıb, insan sümüklərini yerindən çıxarıb. Bütün dünya vandalizmin miqyasını göstərən bu kadrlardan heyrətlənmişdi.
Ən müxtəlif dini konfessiya nümayəndələrinin cəmləşdiyi KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Azərbaycanın haqlı mövqeyini ifadə etmək üçün daha bir mötəbər müstəvi oldu. Müharibə gedən günlərdə qurumun onlayn keçirilən Vyana konfransında QMİ sədri Qarabağ müharibəsinin Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı mübarizə olduğunu bəyan etdi.
Bu baxımdan Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycan Aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Atanın ABŞ-ın nufuzlu “Newsweek” nəşrində birgə məqaləsi ciddi hadisə sayıla bilər.
Müsəlman, yəhudi, xristian din xadimləri bəyan etdilər ki, Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmaya başqaları nə qədər dini don geyindirməyə çalışsa da, bu münaqişə heç bir dini mahiyyət daşımır.
Bu məqalə QMİ-nin dövlətin bəyan etdiyi tolerant prinsiplərə söykənən fəaliyyətinə, dünyanın multikultural vitrinində ən cazibədar ölkəyə çevrilən Azərbaycana etimad və hörmətinin yaddaqalan məqamlarından oldu.
Hərbi əməliyyatlar zamanı beynəlxalq müstəvidə Azərbaycan üçün əhəmiyyət daşıyan məsələ ictimai rəyin doğru yönəldilməsi idi. Bu baxımdan QMİ sədrinin müsəlman ölkələrinin birləşdiyi nufuzlu beynəlxalq qurumlarda apardığı iş, mövqe xüsusi qeyd oluna bilər.
Azərbaycanın bu paltformada özünün tutarlı mövqeyini möhkəmləndirməsi üçün bu illər ərzində çoxlu işlər görülüb. A.Paşazadənin fəaliyyəti, müxtəlif dinlərin rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında öz töhfələrini verdi.
Həmin günlərdə verilən dəstək bəyanatlarının hər birinin arxasında Azərbaycanın mürəkkəb beynəlxalq münasibətlər sistemində illər boyu apardığı ardıcıl və xalqa söykənən siyasətinin izi durur.
QMİ sədri üçün dünya ölkələrini, dini rəhbərləri münaqişənin dini zəmində olmadığına inandırmaq çox ciddi və ən xırda məqamları nəzərə almağı tələb edən bir proses olub. Bu baxımdan Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü tolerantlıq siyasəti çox böyük amildir.
Bu gün Rusiya-Ukrayna müharibəsinin fonunda kilsə üzərindən ayrılamalar, dini mübahisələr bu məsələdə vahidliyin necə mühüm amil olmasını bir daha subut edir.
Azərbaycanda tarixən fəaliyyət göstərmiş səmavi dinlər daima qardaşcasına, ulu yaradanın buyurduğu mərhəmət çağırışları əsasında yaşayıblar. Müstəqil Azərbaycanın bu dini həmrəyliyi ağır günlərdə, müharibədə polad sipər oldu.
A.ABBASOV