Qeydiyyatdan keçmiş sahibkarların 22 faizi qadınlardır

Qadınların iqtisadiyyatda, məşğulluğun təmin edilməsində və özəl sektorun inkişafında rolu artmaqdadır. Son zamanlar qadınlar mikro və kiçik sahibkarlıq fəaliyyətinə və özünüməşğulluğa daha çox maraq göstərirlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, 2023-cü il yanvarın 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 22 faizini qadınlar təşkil edib. Qadın sahibkarlar əsasən kənd təsərrüfatı, xidmət və digər sahələrdə fəaliyyət göstərirlər. Sahibkar qadınların 29,9 faizi Bakıda, 10,2 faizi Lənkəran-Astara, 8,9 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçiblər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən də ölkəmizdə qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması, KOB subyektləri arasında qadınların sayının daha da artırılması məqsədilə müvafiq tədbirlər icra olunur. Qadınlar biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün KOBİA-nın təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və s. dəstək və xidmətlərindən faydalanırlar.

KOBİA tərəfindən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi çərçivəsində indiyədək 40 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilib ki, onlardan 9-u qadın sahibkarlar tərəfindən təqdim olunmuş layihələrdir. Təkcə 2022-ci ildə Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən təşkil edilmiş müxtəlif mövzularda biznes təlimlərdən 3 minə yaxın qadın sahibkar faydalanıb. KOBİA-nın əlaqələndiricisi olduğu “Almaniya-Azərbaycan birgə Proqramı”ndan bu günədək 100-dən çox qadın sahibkar və menecer yararlanıb, 11 qadın sahibkar “Startap” şəhadətnaməsi əldə edib.

2022-ci ildə KOBİA-nın sərgi və yarmarkalarında iştiraka dəstək mexanizmindən istifadə etmiş 1050 sahibkarlıq subyektinin 40 faizdən çoxu qadın sahibkar olub. Bundan başqa, ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmış 25 sahibkarlıq subyektindən 12-si qadındır.

Əvvəlki məqalə

Litva Almaniyadan qoşun istədi:

Sonrakı məqalə

BMT Baş katibi Polşaya gəlib