“Qeyri-qanuni silahlı birləşmələr Qarabağdan çıxarılmayıb” –Rusiyalı deputat Laçın yolundakı aksiyadan danışdı

Rusiya Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır. Ona görə də Laçın dəhlizindəki vəziyyətə məhz bu prizmadan baxılmalıdır.

Bunu Rusiya Dövlət Dumasının Azərbaycan Respublikası Parlamenti ilə əlaqələr üzrə deputatlar qrupunun koordinatorunun müavini, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Dmitri Savelyev ermənipərəst deputat Konstantin Zatulinin Laçın dəhlizində baş verənlərlə bağlı sözlərini tənqid edərkən bildirib.

“Konstantin Zatulinin bəyanatı ilə bağlı bir neçə vacib məqamı qeyd etmək istəyirəm. Birincisi, sizə xatırlatmaq istərdim ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır və vəziyyətin qavranılması məhz bu prizmadan baş verməlidir. Eyni zamanda, qeyd edirəm ki, mövcud razılaşmalara baxmayaraq, qeyri-qanuni silahlı birləşmələrin Qarabağdan çıxarılması həyata keçirilməyib ki, bu da öz özlüyündə gərginlik yaradır”, – Savelyev deyib.

O qeyd edib ki, sülhməramlıların Azərbaycan hakimiyyəti ilə əməkdaşlığı konstruktiv əsasda qurulub və gündəlik həyata keçirilir.

“Sülhməramlılar bütün imzalanmış razılaşmaları yerinə yetirərək vəziyyətə nəzarət edirlər”, – rusiyalı deputat vurğulayıb.

Savelyev Qarabağda Azərbaycanın təbii sərvətlərinin ermənilər tərəfindən qanunsuz şəkildə istismar olunduğunu və bu səbəbdən Azərbaycan tərəfinin ictimai narazılığın haqlı olduğunu söyləyib: “Qızılbulaq” və “Dəmirli” yataqlarında faydalı qazıntıların hasilatının heç bir texnoloji tələblərə riayət edilmədən vəhşicəsinə həyata keçirilməsi ekoloq-mütəxəssislərin və ictimaiyyətin haqlı və qanuni reaksiyasına səbəb olmaya bilməz. Odur ki, bütün bu faktları nəzərə alaraq, xüsusilə qeyd etmək istəyirəm ki, mövcud gərginliyi azaltmayan, əksinə artıran, hətta buna daha çox imkan verən bəyanatlara yol vermək olmaz. Eyni zamanda, müttəfiqlik haqqında bəyannaməni Rusiya üçün çox çətin bir məqamda imzalayan dövlətə qarşı birbaşa ittihamlar səsləndirmək siyasət sferasından olan insanlar üçün yolverilməzdir. Bu cür bəyanatlar, heç şübhəsiz, Rusiyanın maraqlarına xidmət etmir və sülhə doğru hərəkatı dəstəkləmir. Ən mürəkkəb siyasi prosesə belə düzgün olmayan müdaxiləni yolverilməz hesab edirəm. Əminəm ki, bütün maraqlı tərəflər başa düşürlər ki, bu, yalnız cənab Zatulinin şəxsi fikridir və heç bir halda ölkəmizin rəsmi mövqeyini ifadə etmir”, – rusiyalı parlamentari fikrini yekunlaşdırıb. (APA)

Əvvəlki məqalə

“Buna ayrı don geyindirmək istəyənlər cavabını alacaq”-

Sonrakı məqalə

Levon Ter-Petrosyan xəstəxanaya yerləşdirilib