Qış üçün daha faydalı olan D vitaminli beş sadə məhsul

13 Noyabr 2020 - 10:49

İmmunitet sistemi üçün həyati əhəmiyyət daşıyan D vitamini günəş şüası sayəsində əmələ gəlir. Qışda, günəş çatışmazlığı şəraitində tərkibi D vitamini ilə zəngin olan məhsulların qəbulu xüsusi əhəmiyyət kəsb edir.

Qarşıdakı qış aylarında tərkibində D vitamini olan məhsulların qəbulu, yəqin ki, daha zəruri olacaq. Alimlərin çoxu onu koronavirus infeksiyasına və kovidin ən ağır formasının inkişafına qarşı etibarlı qoruyucu sayır. D vitamininin bu xüsusiyyəti onun faydalı xüsusiyyətlərini genişləndirir. Məsələn, məlumdur ki, ilin ən soyuq və tutqun vaxtlarında D vitamininin kifayət etməsi mövsümi depressiyanın qarşısını alır, narahatlığı azaldır. Bundan əlavə, sümük və dişlərin sağlamlığı üçün zəruri olan kalsium və fosforun mənimsənməsinə müsbət təsir göstərir. D vitamininin digər bir faydalı xüsusiyyəti onun hüceyrələrin insulinə həssaslığını və mədəaltı vəzidəki beta hüceyrələrinin fəaliyyətini gücləndirərək ikinci növ diabetin inkişafından qoruya bilməsidir.

Mütəxəssislər gün işığının az olduğu qış aylarında rasiona orqanizmi bu vitaminlə təmin edən qida məhsullarını daxil etməyi məsləhət görürlər. “Well + Good” portalında bunlardan ən azı üçünün rasiona daxil edilməsini tövsiyə edərək beş sadə və əlverişli mənbənin adını açıqlayıb.

Sizi həmin məhsullarla tanış edir.

Yumurta sarısı. Bir böyük yumurtanın sarısı D vitamininin birgünlük normasının təxminən 10 faizindən ibarətdir. Qışda daha çox ehtiyac duyduğunuz vitamin dozasını artırmaq üçün digər müvafiq inqrediyentləri də əlavə etməklə omlet hazırlamaq olar.

Qızılbalıq. Qızılbalıq növləri bu vitaminin çox zəngin qida mənbələrindən sayılır. 100 qram qızılbalıq D vitamininə olan birgünlük ehtiyacın 70 faizini təmin edə bilir.

Tunes. Tərkibi D vitamini ilə zəngin olan daha bir dəniz məhsulu tunes balığıdır. Bu balığın 120 qramı (hətta konservləşdirilmiş halda) orqanizmin vitaminlərə olan birgünlük ehtiyacının 34 faizini ödəyir.

Göbələklər. Ağ göbələklər (onların bir fincanı gündəlik normanın 46 faizini təşkil edir) D vitaminin çox səxavətli bitki mənbəyi sırasına daxildir. Bu baxımdan həmin sıraya daha əlçatan olan şampinyonları da əlavə etmək olar. Onlar, günəş işığı və ya kəsik süni işığın təsiri altında D qrupu vitaminlərini sintez etmək qabiliyyətinə malikdirlər.

Süd. Bir fincan 2 faizli süd D vitamininin birgünlük normasının 155 faizini təşkil edir. Qeyd edək ki, onu siz yumurta omleti ilə hazırladığınız səhər yeməyinə də əlavə edə bilərsiniz.