Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan – orucluq ayının başlanması ilə əlaqədar fətva verib.
Fətvada deyilir:
“Bismillahir-rəhmanir-rəhim!
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan – orucluq ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarına təbriklərini ünvanlayır, bu müqəddəs ayda vacib ibadətlərimizin Allah dərgahında qəbula yetməsi üçün dualar edir. Ramazanın fəzilətləri barədə müqəddəs Kitabımız Qurani-Kərimdə Uca Rəbbimiz buyurur:
“Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun..” (Bəqərə, 185).
Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazanda müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən raz-niyaz edirik!
Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 32/201(Ş) saylı 14.12.2022 tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 23-nə təsadüf edəcəkdir, inşallah!
Möhtərəm qardaş və bacılar! On bir ayın sultanı olan Ramazani-şərif duaların qəbul olunduğu aylardandır. Şükürlər olsun ki, Qarabağ Fatehi kimi tarixi ad qazanan Prezidentimizin fədakar səyləri və müdrik siyasəti sayəsində biz Ramazanı qalib xalq, böyük Zəfər niyyətinə yetişmiş millət kimi qarşılayırıq. Mübarək ayın verdiyi bu fürsətdən istifadə edərək əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, vandalizmə məruz qalmış dini məbədlərin, məscidlərin bərpa edilməsi istiqamətində fövqəladə zəhmətlərinə görə dövlət başçımız, Zati-aliləri, cənab Prezident İlham Əliyevə, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik.
Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlam olmasına səbəb olur. Orucluq ibadəti sosial yardımlaşmanı artıran, mənəvi dəyanəti gücləndirən İlahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savabdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib etmişdir. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilmişdır. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcəkdir.
Bu mübarək Ramazan ərəfəsində dua edirik ki, Qadir Allah doğma Azərbaycanımızı, dövlətçiliyimizin təminatı olan müdrik ölkə başçımızı, müzəffər ordumuzu və əziz xalqımızı qorusun, bütün bəlalardan hifz etsin, rifah və tərəqqimizə rəvac versin! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!
Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!”.