Qorbaçovun iştirak etdiyi iclasda Qarabağla bağlı qalmaqal –SSRİ Ali Sovetində ermənilərin cavabını kim verib? (VİDEO)

30 il əvvəl SSRİ Xalq Deputatlarının 1-ci Qurultayında edilən bir çıxış Azərbaycanda ciddi rezonans doğurdu və Qarabağ hadisələrinin daha da qızışması üçün bir detala çevrildi.

Qurultayın 25 sentyabr 1989-cu ildə keçirilmiş iclasında gözlənilmədən söz alıb kürsüyə çıxan SSRİ Rəssamlar İttifaqının Ermənistan SSRİ-dən seçilmiş deputatı Henrix İgityan Azərbaycanın əleyhinə çıxış etməyə başladı. O, bir il əvvəl DTK tərəfindən Sumqayıtda törədilmiş təxribat barədə danışaraq Qurultayı bu hadisəyə siyasi qiymət verməyə və Azərbaycanı buna görə üzr istəməyə çağırdı.

Həmin çıxış Azərbaycanda ciddi etirazla qarşılanmışdı.

Azpost.info bildirir ki, üstündən 30 il ötdükdən sonra internetə həmin iclasdakı çıxışlar yerləşdirlib. Burada baxdıqda maraqlı məqamları görmək olur. Rəyasət Heyətində oturmuş sovet rəhbəri Mixail Qorbaçov, SSRİ Ali Sovetinin sədri A.Lukyanov H. İgityanın bu təxribatçı çıxışına heç bir reaksiya verməyiblər.

Onun cavabını isə Azərbaycandan olan deputat verib. Xitabət kürsüsünə qalxan Bakı şəhər Partiya Komitəsinin birinci katibi, SSRİ Xalq deputatı Müslüm Məmmədov H.İgityanın çıxışına etiraz edərək baş verənləri yalan və böhtan adlandırır.

“Məni bu tribunaya çıxmağa vadar edən səbəb İgityanın məsuliyyətsiz çıxışıdır. Onun burada dedikləri birbaşa mənim xalqıma qarşı təhqirdir. İki xalq arasında düşmənçiliyin səbəbkarı heç vaxt biz olmamışıq. Məgər İgityan bilmir ki, bu gün Ermənistanda yaşamış 165 min azərbaycanlı artıq oradan qovulub? Məgər İgityan bilmir ki, Ermənistanda Sumqayıtdan daha çox azərbaycanlı öldürülüb?” –deyə M.Məmmədov əsəbi halda qurultay rəhbərliyinə müraciət edir.

Bu zaman zalda hay –küy düşür. Deputatların bir hissəsi əl çalaraq M.Məmmədovu alqışlayırlar. Bundan sonra iclasa sədrlik edən azərbaycanlı deputatın çıxışını kəsərək “bura qarşılqılı ittihamları etmək üçün yer deyil” iradını bildirir. Cavabında M.Məmmədov “bu tirbunadan səslənən çıxışlara görə məsuliyyətli olmağı tələb edirəm” deyir. Bu zaman yenidən alqışlar səslənəndə Mixail Qorbaçov əli ilə zala etiraz edərək alqışı dayandırmağa işarə edir.

Bəs Müslüm Məmmədov kim olub?

Müslüm Məmmədov 1931‑ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. 1954‑cü ildə Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib.

O, Astraxan bazarda (indiki Cəlilabad) əmək fəaliyyətinə başlayıb, müəllim, rayon xalq maarifi şöbəsinin inspektoru (1957–1958), Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı (1960–1962), Azərbaycan KP MK‑nın təbliğat və təşviqat şöbəsinin mühazirəçisi, mühazirəçilər qrupunun rəhbəri (1962–1963) vəzifələrində çalışıb. 1963‑cü ildə Sovet İttifaqı KP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasına daxil olub.

1966‑cı ildə tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

1966–1969‑cu illərdə Azərbaycan KP MK Aparatında işləyib, Bakı Şəhər Nəsimi Rayon PK‑nın birinci katibi olub. 1988-ci ildə Azərbaycanın xalq təhsili naziri,  1989-1991-ci illərdə Bakı Şəhər Partiya Komitəsinin birinci katibi  vəzifələrində çalışıb.

Müslüm Məmmədov 1999‑cu ildə vəfat edib.

1989-cu il Azərbaycanın ən qaynar illərindən olub. Qarabağ dalğası ilə artan siyasi aktivlik həmin ilin iyulunda Azərbaycan Xalq Cəbhəsinin yaranması ilə əlamətdar idi. Həmin ilin sentyabrında Azərbaycan Ali Soveti iqtisadi suverenlik haqqında qanun qəbul edib. Bu, SSRİ-də müttəfiq respublika qanunlarının SSRİ qanunlarından üstün olduğunu göstərən ilk addım olub.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda koronavirusa yoluxan daha 107 nəfər vəfat edib

Sonrakı məqalə

Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır