“Rəqiblərim titullu idmançılar idi…” –Avropa çempionu Əliabbas Rzazadə

Ötən gün Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. Azərbaycan millisi qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanıb.

Milli komandamız bu nəticələrlə 150 xal toplayaraq Avropa çempionu tituluna sahib olub.

Güləşçilərimizdən ikisi – Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu adına sahib olaraq, bayrağımızı ən yüksək pilləyə qaldırıb.

Turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə ilk görüşdə almaniyalı Horst Lerə “tuş”la qalib gəlib. Pəhləvanımız yarımfinalda italiyalı Simyone Piroddu ilə qarşılaşıb. Gərgin keçən görüşdə 12:8 hesablı qələbə əldə edən Ə.Rzazadə finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə türk Süleyman Atlıyla üz-üzə gəlib. Rəqibini 12:2 hesabı ilə məğlub edən idmançımız ilk dəfə Avropa çempionu olub.

Qələbə təəssüratlarınıModern.az-la bölüşən Əliabbas Rzazadə yarışlara ciddi hazırlaşdığını bildirib:

“Yarışa çox yaxşı hazırlaşmışdıq. Keçən il olduğu kimi, bu il yenə yığma komandamız Avropanın ən güclüsü oldu. Mən özüm də çox ciddi hazırlaşmışdım. Sözün düzü, özümə hədsiz dərəcədə inanırdım. Rəqiblərim titullu və güclü idmançılar idi. Bütün görüşlərim demək olar ki, gərgin keçdi. Şükürlər olsun ki, onlara qalib gəldim.
Beləliklə, ötən il qazandığım gümüş medalı qızıla çevirməyi bacardım. Həqiqətən qızıl medalın yeri başqadır”.

Avropa çempionu daha böyük uğurlar qazanmaq üçün var gücü ilə çalışacağını, qarşıda yeni hədəflərinin olduğunu söyləyib:

“İlə necə başlamışamsa, elə də davam etmək istəyirəm. Növbəti hədəfim Dünya Çempionu olub, olimpiadaya iddialı şəkildə qatılmaqdır. Niyyətim 2024-cü ildə keçiriləcək olimpiadada Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirməkdir. Əsas arzum budur. İnanıram ki, istəyimə çata biləcəyəm. Bunun üçün var gücümlə çalışacağam”.

Əvvəlki məqalə

Sabunçuda əl qumbarası aşkarlanıb –

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri