Rafael Cəbrayılov mətbuat konfransı keçirdi:

“Deputat vəsiqəmi girov qoymağım barədə məlumat yalandır"
30 Sentyabr 2019 - 20:06

İstefa qərarımla bağlı jonqlyorluq edilməsini istəmirəm. Bu nadir hadisədən iqtidara qarşı xoşagəlməz qaydada istifadə edilməsinin əleyhinəyəm. Bu mənim şəxsi qərarımdır”.

Azpost.info bildirir ki, bu sözləri bu Milli Məclisin üzvülüyündən istefa vermiş sabiq deputat Rafael Cəbrayılov keçirdiyi mətbuat konfransında bildirib. “Deputat vəsiqələrimi girov qoymağım barədə məlumatlar tamamilə yanlışdır və absurddur”.

O bildirib ki, həmin qadına Almaniyaya getmək üçün təminat məktubu verib: “Lakin vəsiqəmi girov qoymamışam. Təranə Fətəliyeva adlı qadın ginekoloqdur, ailəvi yaxınıq.  Qardaşım Elşənin tikinti şirkəti pul qoyub. Devalvasiyadan sonra onlar arasında problem yarandı. Mənə zəng elədi, bizə gəldilər. Xanımın əlləri əsirdi, deyirdi ki, Elşən onu təhqir edib. Elşənə zəng elədim, dedi ki, devalvasiyadan sonra məbləği 3 qat qaldırıblar. Mənzil təklif elədik. Qəbul etmədi. Mənimlə bağlı məhkəməyə müraciət elədi”.

Onun sözlərinə görə, borcla bağlı yaranmış qalmaqal olmaya da bilərdi: “Devalvasiyanın zərbəsi hamıya aydındır. Bunun nəticəsində borc məbləği 3 dəfə artdı. Bunu danışıb həll etmək olardı. Bu məsələdə bir tərəfi borc vermiş xanım,  digəri qardaşımdır. Tərəflər kompromisə getmədilər. Sadəcə tərəflər hövsələsizlik etdilər. Qardaşımla ümumi dil tapa bilmədik. Amma deyim ki, problemin bir hissəsi həll olunub”.

İstefa ərizəsi ilə bağlı danışan sabiq deputat deyib ki, son 10 gündə  həyat yoldaşının səhhəti ilə əlaqdar xarici ölkədə olub. “İstefa ərizəmi Türkiyədən telefonla diktə elədim. Amma açıqlamanı vaxtında vermək imkanından mərhum oldum. Bakıya qayıdan kimi ərizəni imzaladım. Mənim üçün deputatlıqdan önəmli olan həyat yoldaşımın sağlamlığıdır”.

İstefasını “nadir hadisə” adlandıran R. Cəbrayılov deyib ki, internetdə barəsində yazılanlardan dəhşətə gəlib. “Qardaşımın adına olan müqaviləni mənim adıma çıxıblar, paylaşırlar”.

Onun sözlərinə görə,  qanunda etibar etdiyi adama zamin durmaq praktikası var.

R.Cəbrayılov deyib ki, YAP üzvü deyil və uzun müddət prokurorluq sistemində çalışıb.

Mən ömrüm boyu Heydər Əliyev strategiyasına, prezident İlham Əliyevin siyasi kursuna xidmət etmişəm. Bu əqidənin daşıyıcısı olaraq qalacağam. Mən siyasi əqidəmi dəyişən adamlardan deyiləm”.