“Ramiz Mehdiyev prezident olmaq istəyirdi…İlham Əliyev bu qruplaşmaları alt-üst etdi” –FƏZAİL AĞAMALI / MÜSAHİBƏ

 Ana Vətən Partiyasının sədri, Milli Məclisin üzvü Fəzail Ağamalı Azpost.info-ya müsahibə verib. 

Müsahibəni oxucularımıza təqdim edirik:

 -Fəzail müəllim, ötən həftə Ana Vətən Partiyası (AVP) yaranmasının 32-ci il dönümünü qeyd etdi. Qısaca necə ifadə etmək olar: SSRİ zamanında formalaşmış AVP bu illərdə hansı əsas hədəfinə çata bilib?

 -Biz partiyanı yaradanda niyyətimiz Azərbaycanın istiqlalı uğrunda mübarizəsində daha fəal iştirak etmək idi. Müstəqilliyə nail olub, müstəqil dövlətimizin qurulmasına töhvə vermək niyyətindəydik. Şükürlər olsun ki, bu istiqamətdə müəyyən etmiş olduğumuz xəttdə və hədəfə doğru dayanmadan, yorulmadan prinsiplərimizə sədaqət nümayiş etdirərək gəlib çata bildik. AVP Azərbaycanın Milli Azadlıq Hərəkatında da fəal iştirak edib. Dövlətçiliyimizə qarşı yönələn bütün təhdidlərə, təzyiqlərə qarşı da müqavimətini, vətəndaşlıq mövqeyini, prinsipial xəttini ortaya qoyub. Bununla bağlı kifayət qədər faktlar və arqumentlərimiz var. Bu zaman-zaman mətbuatda dərc edilib. Ən təhlükəli məqamda, yəni Azərbaycan dövlətçiliyi ciddi təhlükə ilə üz-üzə qalanda da biz mövqeyimizi daha ciddi şəkildə ortaya qoyduq.  Söhbət 1993-cü ildən gedir. O zaman AXC-Musavat cütlüyünün hakimiyyəti illərində olan və xalq hərəkatından gələrək müxtəlif vəzifələr daşıyanların mütləq əksəriyyəti Əbülfəz Elçibəyin Kələkiyə gedişindən sonra fəaliyyətlərini dondurdu. Hərəsi bir yerdə gizlənməyə üstünlük verdi. Çünki Surət Hüseynovun onlara hədəsi vardı. Amma biz bunu etmədik. Mən mövqeyimdə qaldım. Xüsusi olaraq belə çətin vəziyyətdə ilk olaraq 1992-ci ilin mattın 9-da rəsmi bəyanatımızla çıxış edərək Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsinin vacibliyi deyilən prinsipial mövqeyimizi Surət Hüseynovun qiyamından, ölkə idarəolunmaz vəziyyətə düşdükdən sonra daha açıq, ciddə şəkildə davam etdirdik. Ümumxalq hərəkatının içərisində olaraq Heydər Əliyevin Bakıya gəlməsində mühüm rol oynadıq. Buna görə böyük təzyiqlərə, təhqirlərə məruz qaldıq, amma fikir vermədik. Dövlətimiz, müstəqilliyim, məhz Azərbaycanın bugünkü uğurları naminə Heydər Əliyevin yanında, onunla bərabər olduq. Heç bir məqsəd güdmədən, heç bir siyasi ambisiyanı ortaya qoymadan, əksinə, nazir postundan dövlətçilik xatirinə istefa verməyə qədər gedərək sona qədər dövlətimizin, Ulu Öndərimizin yanında dayandıq.

2000-ci ilin əvvəllərində Heydər Əliyevin səhhətində problemlər yarananda ən müxtəlif cinahlardan prezidentlik iddiasına düşənlər oldu. Müxalifət qütbündən İsa Qəmbər, Etibar Məmmədov, iqtidar cinahından Ramiz Mehdiyev. Biz bunların hər ikisinə qarşı kəskin mübarizə apardıq. 2001-ci ildə “Neytral” qəzetində R.Mehdiyevlə bağlı ciddi xarakter daşıyan açıqlamam dərc edildi. Komandaya xəyanətinə görə, onu ittiham etdim. Eyni zamanda müxalifətə də qarşı mətbuatda mübarizəmizi apararaq Heydər Əliyevdən sonra Azərbaycanın dövlətçiliyinə ən layiqli namizəd kimi İlham Əliyevi önə çəkdik. Bu, AVP-nin ilki idi. 1999-cu ildə onunla bağlı – “İlham Əliyev böyük siyasətdə: reallıqlar və perspektivlər” adlı ilk kitabım çap edildi.

2003-cü ilə qədər rəhbərliyim altında “İntibah” Sosial Siyasi Araşdırmalar Mərkəzi İlham Əliyevlə bağlı 12 cildlik kitabımı buraxdı. İlham Əliyevin 2003-cü ildə prezident kimi ilk namizədliyini də AVP-nin qurultayı verdi.  Bunları deməkdə məqsədim odur ki, biz çətin anlarda dövlətçiliyimiz naminə öz prinsipial mövqeyimizə sadiq qaldıq. Bu günə qədər də o xətti davam etdiririk. Sualınızın konkret cavabı deyərdim bundan ibarətdir. Amma, ümumiyyətlə partiyanın bu 32 ildəki fəaliyyəti ilə bağlı bütün detallara varsaq, ən azı iki cildlik kitab çıxar.

 -2003-cü ildən, İlham Əliyevdən söz düşmüşkən, 2023-cü ildə İlham Əliyevin prezidentliyinin 20 ili tamam olur. İndicə dediyiniz kimi onun prezident seçilməsinin ilk təşəbbüsçüsü olmusunuz. O illərdə həm İlham Əliyevə qarşı olan siyasi elita daxilindəki qüvvələrə, həm də müxalifət liderlərinin hucumlarına qarşı ciddi fəaliyyət göstəriridiniz. Bu ötən illərdə dövlət başçısının fəaliyyətində mühüm saydığınız, amma heç vaxt demədiyiniz hansı əsas məqamları qeyd edə bilərsiniz?

 -2003-cü ildən onun fəaliyyətinin bütün məqamları əhəmiyyətlidir. Onun içərisindən hər hansı birini digərləri ilə fərqləndirmək mümkün deyil. 2003-cü ildə İlham Əliyev dövlət başçısı seçilmək kimi qərarını verəndə artıq onun hədəfləri bəlli, həyata keçirəcəyi siyasi xəttin mahiyyəti aydın idi. Bu ilk növbədə Ulu Öndərimiz Heydər Əliyevin siyasi xətti, onun dövlətçilik konsepsiyasıydı: onun qurmuş olduğu dövlətin bir ənənəyə çevrilməsi və bu dövlətin üzərində güclü Azərbaycanın yaradılması hədəfiydi.  2003-cü ildən başlayaraq İlham Əliyev bu istiqamətdə addım-addım, dayanmadan sistemli xarakter daşıyan fəaliyyətini ortaya qoydu.  İlham Əliyev ilk növbədə Azərbaycan dövlətçiliyinin idarə edilməsinin daha çevik, daha üstün keyfiyyətlərə söykənən bir sistemin strukturunu yaratmağa nail oldu. Bu idarəçilik sistemi Azərbaycan reallığını nəzərə alaraq tətbiq olunurdu. Digər tərəfdən, bu struktur dəyişikliyində əsas diqqət ona verilirdi ki, zamanın çağrışlarına uyğun olaraq Azərbaycan yenicə öz müstəqilliyini qazanan və hələ də möhkəmlənməyən, 20 faizdən çox torpağı işğal edilən, qonşu dövlətlər və ayrı-ayrı güclər tərəfindən ciddi təzyiqlərə məruz qalan Azərbaycanın o çağrışlara uyğun olaraq idarəetməni baçarsın. Və bunu etdi. Elə bir iqtisadiyyat qura bildi ki, o dünyadan gələn hədələrə və böhranlara dözümlü olsun, Azərbaycan həmin böhranların içərisində qalmasın, böyük itkilər verməsin. Bunu da etdi. Azərbaycanın külli miqdarda maliyyə ehtiyatını yaratdı. Yəni Dövlət Neft Fondunun xətti ilə Azərbaycanın 50 milyarddan yuxarı valyuta ehtiyatı oldu. Bu xüsusi olaraq ona görə lazım idi ki, həm qeyri-neft sektorunu inkişaf etdirib ölkənin iqtisadiyyatını gücləndirilməsilə neftdən aslılığı azaltsın. İkinci vacib isə müasir ordunu qursun və bu ordu vasitəsilə torpaqlar işğaıdn azad edilsin. Prezident bunu etdi və 17 il ərzində  yaratmış olduğu güclü orduyla, möhkəm iqtisadi təməllə, vətənpərvər cəmiyyətlə erməni işğalına son qoydu. Bu təkcə erməni işğalı deyildi. Bu erməni işğalı müstəvisində ermənilərə hərtərəfli yardım göstərən dünya erməniliyinə və bu dünya erməniliyinin yer aldığı ayrı-ayrı dövlətlərə qarşı müharibə idi. Bu müharibə həm cəbhədə gedirdi, həm də informasiya, həm də diplomatiya müharibəsiydi. Bütün bunların hamısının rəhbəri, komandanı İlham Əliyev idi. 44 günlük Vətən Müharibəsindən İlham Əliyev həm müzəffər Ali baş komandan, həm mahir diplomat, həm də bir master-klass səviyyəsində informasiya müharibəsinin qalibi kimi çıxa bildi. Bütün bunlar indi Azərbaycanı qalib dövlətə çevirdi, müzəffər bir xalq kimi dünyaya təqdim etdi. Regionda tamamilə fərqli bir reallıq yarandı. Bu gün Azərbaycan artıq regionda öz hədəflərinin həyata keçirilməsini qarşıya məqsəd qoyub. Buna doğru prinsipial mövqe nümayiş etdirərək bu hədəflərə addım-addım çatmaqdadır. Etiraf etmək lazımdır ki, Azərbaycan artıq regionda söz sahibidir.

-Yeri gəlmişkən, siyasi müşahidəçilər 44 günlük Vətən Müharibəsindən sonra yeni bir Azərbaycanın doğulduğunu deyir. Qələbənin xalqa yeni yaşam prinsiplərini gətirdiyini vurğulayırlar. Bu fikirlə razısınızmı?

 -Tamamilə razıyam. Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra özünün layiq olduğu bir mərhələyə qədəm qoydu. Azərbaycan xalqı bir türk olaraq dünya xalqları içərisində “biz idarə olunan deyilik, idarə edən soya malikik” dedi. O soyun bir qolu kimi Azərbaycan türkü də heç zaman erməni işğalıyla razılaşa bilməzdi. Bu işğal onun genetik kodlarının diktə etdiyi səciyyəvi cəhətlərlə tam ziddiyyət təşkil edirdi. Bütün bu üstün genetik kodları özündə, öz qanında, öz genetikasında daşıyan Prezident də bu işğalla razı ola bilməzdi. O, bu işğala son qoymaqla Azərbaycanı tamamilə üstün bir mövqeyə çıxardı. Serbiya Prezidentinin Azərbaycan dövlət başçısı haqqında söylədiyi fikirləri götürək: “Sizə bu gün bütün Avropada böyük hörmət və rəğbət bəsləyirlər. Siz çox güclü lidersiniz. Siz çox ağıllı dövlət başçısınınız. Mən sizinlə dostluqdan qürur duyuram, fəxr edirəm. Sizin sözünüz həm də imzanızdır. Siz olduqca etibarlı bir tərəfdaşsınız”. Bu gün bütün bu üstün keyfiyyətlər dünyanın əksər dövlət başçılarında yoxdur. Bu müharibə həm də cənab Prezidentin bütün keyfiyyətlərini də daha qabarıq şəkildə ortaya qoydu. Bu müharibədə əldə etmiş olduğumuz zəfər, həm də Azərbaycan xalqının qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Həm də onu nümayiş etdirdi ki, Azərbaycan xalqı heç bir zaman öz torpaqlarının işğalına razı olan xalq deyil. Eyni zamanda bu və ya digər güc mərkəzləri tərəfindən həm də idarə olunan dövlət və xalq da deyil. Bunu da İlham Əliyev Ulu Öndərimiz zamanından başlayaraq bu günə kimi nümayiş etdirməkdədir. 44 günlük müharibədə dövlət başçısının qətiyyəti, sarsılmaz iradəsi, mahir diplomatlığı, vətənpərvərliyi və yüksək təşkilatçılıq bacarığı bütün mənalarda özünü göstərməklə bizi yeni bir Azərbaycan xalqı, dövləti olaraq yeni mərhələyə çıxardı. Bu gün əslində Azərbaycanın hədəfləri başqadır. Cənubda bu gün böyük proseslər gedir. Həmin hadislərlə bağlı ölkə başçısı çox açıq və aydın şəkildə birmənalı olaraq özünün və əlbəttə Azərbaycan xalqının iradəsinə söykənərək dövlət mövqeyini ortalığa qoydu: “Cənubda yaşayan 40 milyonluq xalq bizim bir parçamız, bir hissəmizdir. Biz onların təhlükəsizliyi, hüquqları uğrunda mübarizə aparacağıq, onların müdafiəsi üçün əlimizdən gələni edəcəyik”. Bu, dövlət başçısı səviyyəsində deyilən sözdür. Nəzərə alaq ki, İlham Əliyevin demiş olduğu söz mahiyyət etibarilə onun əməllərinin ifadəsindən başqa bir şey deyil.

 -Bəs Qarabağla bağlı son danışıqlara münasibətiniz necədir? AVP sülh sazişini necə görür?

-Ermənistan çox böyük hiyləgərliyini davam etdirir. Məkrli mövqeyini ortaya qoyur. Siz əgər Paşinyanın fəaliyyət trayektoriyasını diqqətlə izləsəniz görərsiniz ki, o, bütün mənalarda çalışır ki, vəziyyəti bu şəkildə dondursun, status-kvotanı saxlasın, ayrı-ayrı dövlətlərdən almış olduğu güc vasitəsilə hansısa geopolitik vəziyyətin dəyişməsinə ümid edərək yenidən Azərbaycan torpaqlarını işğal etsin. Bu onun bütün hərəkətlərində özünü ifadə etməkdədir. Rusiyadan əlini üzəndən sonra daha çox İrana meyillənirdi. Hazırda İranda baş verən bu hadisələr istər-istəməz onu İrandan uzaqlaşdırdı, artıq Fransanın yanındadır. Fransayla faktiki olaraq müttəfiq kimi davranmaqdadır. Avropa İttifaqının platformasında əldə olunmuş müəyyən uğurlar var idi. O, bu uğurlara Fransanı ora qatmaqla nöqtə qoydu. Erməni qədər faşist düşüncəli Emmanuel Makron Praqada Aİ ilə birgə guya tərəfləri bir-birinə yaxınlaşdırmaq, sülh müqaviləsini bağlanması üçün iştirak etdi. Amma bir müddət sonra Ermənistanı tolerant, demokratik ölkə kimi təqdim etdi. Halbuki, faşist bir ölkədir. Azərbaycanı Ermənistanın ərazisini işğal edən bir dövlət kimi sərsəm fikirlərini ortaya qoydu. Beləliklə, özünü Ermənistanla bir olduğunu nümayiş etdirdi. Belə bir vəziyyətdə sülh sazişinin bağlanması ilə bağlı yaxın vaxtlarda nikbin proqnoz vermək çətidnir. Digər tərəfdən, vaxtilə Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin indi Qarabağda qalması, onların Rusiyanın müvəqqəti ərazilərdə yerləşən sülhməramlı qüvvələri tərəfindən himayə edilməsi, onların stimullaşdırılması, onlara təlimatlar verib Azərbaycanın ayrı-ayrı mövqelərinin tez-tez atəşə tutulması və s. kimi hallar sübut edir ki, Ermənistan ikinci ciddi bir zərbəni almalıdır. Bu, antiterror da ola bilər, başqa daha ciddi hərbi əməliyyatlar da. Mənə elə gəlir ki, hadisələrin gedişi buna doğru aparır. Xüsusi olaraq sülhməramlı qüvvələrin orada Ermənistanın və ermənilərin yanında yer alması da kifayət qədər problemlər yaradır. Bununla bağlı təlimatlar birbaşa Kremldən gəlir. Çünki sülhməramlıların komandanı özbaşına hərəkət etmək səlahiyyətinə malik deyil. Bu, birbaşa Rusiyanın hərbi-siyasi rəhbərliyindən gəlir. Belə çıxır ki, artıq Rusiya ilə də münasibətlərimizdə müəyyən gərginlik özünü ifadə edir və bununla da münasibətlərimizə aydınlıq gətirməli olacağıq. Çünki bizim başqa yolumuz yoxdur.

 -Fəzail müəllim, siz Milli Məclisin ən uzun müddətli deputat mandatı daşıyan deputatısınız. Parlamentin fəaliyyəti birmənalı qarşılanmır. Söz düşəndə, “deputatların xalqdan xəbəri yoxdur” rəyləri səslənir. Bu, vətəndaşların millət vəkillərinə olan etimadının zədələnməsidir, yoxsa başqa səbəblər var? Sizcə, nə üçün ictimai rəydə deputatlara münasibət xoş deyil?

-Məsuliyyətlə etiraf etmək istərdim ki, Milli Məclis qanunverici qurum kimi Azərbaycan Konstitusiyasının ona vermiş olduğu səlahiyyətlər çərçivəsində öz fəaliyyətini uğurla davam etdirir. Bizim əsas funksiyamız qanunvericilik təşəbbüslərini həyata keçirməkdir. Başqa bir formada desək, Milli Məclis qanun qəbul edən və cəmiyyətin qanunlarla idarə olunmasını reallaşdıran bir qurumdur. Digər fəaliyyət sahəmiz beynəlxalq təşkilatlarda təmsil olunmağımızdır. Üçüncü bir funkisiyamız ayrı-ayrı ölkələrin parlamentlərilə dostluq qrupları şəklində fəaliyyətimizi qurmaqdır. Bu üç istiqamətdə Milli Məclis öz işini bu gün də uğurla davam etdirməkdədir. Mən deyərdim ki, Milli Məclisin VI-cı çağrışında seçilən deputatlar, eyni zamanda parlamentin spikeri Sahibə Qafarova daha məsuldar işləyir. Xüsusi olaraq parlament diplomatiyası Sahibə Qafarovanın timsalında uğurla davam etdirilir. Onun çoxsaylı səfərləri var. Bu çoxsaylı səfərlərdə ölkə başçısının xarici siyasətinə Milli Məclisin əhəmiyyətli töhfələri verilir. Sualınıza gəlincə, təəssüf ki, seçicilərimiz səlahiyyətlərimizdən daha çox şey tələb edir. Əlbəttə, fəaliyyətlərimizin vacib hissələrindən biri həm də seçicilərlə görüşərək onların qaldırmış olduğu məsələləri, problemləri bu və ya digər şəkildə ümumi mahiyyət daşıyan ehtiyaclarının öyrənilməsi, ümumiləşdirilməsi və onu müvafiq icra strukturlarına yönəltmək və onun reallaşmasına çalışmaqdır. Bunu biz edirik. Beynəlxalq təşkilatlarda Azərbaycanın dövlət maraqlarını müdafiə edirik, dostluq qrupları səviyyəsində digər parlamentlərlə əlaqələrimiz yüksək səviyyədə qurulur, münasibətlər yaradılır. Burada da bzidən aslı olmayan problemlər var. Bunlarla bərabər xalqın qaldırmış olduğu məsələlərə də biganə yanaşmırıq. Yazılı və ya şifahi şəkildə ya onu icra strukturlarına yönəldir, xahişimizi edir və ya mərkəzi icra sturturlarına həmin problemləri qarşılarında qaldırır, reallaşmasına çalışırıq. Artıq o yerinə yetirilməyəndə dəyərli seçicilərimiz Milli Məclisdən narazı qalır. İşlə bağlı müraciəti Məşğullu İdarəsinə yönəldirik. Orada birinə iş veriləndə, digərinə iş verilməyəndə yenə də hücum obyekti deputatlar olur. Və ya pensiyaların təyinatında gecikmələr olursa, müəyyən haqsızlıqlar yaranırsa, yenə də günahkar deputatlar sayılır. Bütün o seçicilərin həyatda rast gəlmiş olduğu ümumi və ya fərdi çətinlikləri yerinə yetirlməyəndə parlamentin üzvləri onların hədəfinə çevrilir. Əlbəət bu doğru deyil.

 -Fəzail müəllim, Parlamentin iclaslarında xalqı narahat edən sosial problemləri qaldırırsınız. Ötən dəfə ərzaq və dərmanların bahalılığından şikayətləndiniz, uşaq pulunun verilməsini təklif etdiniz. Ölkədə sosial problemlərin, bahalığın kökündə nə dayanır? Monopoliya, idarəçilikdə məmur sərişətsizliyi, yoxsa başqa nəsə?

-Birincisi, indiki bahalaşmanın başlıca səbəbi beynəlxalq səviyyədə gedən proseslərlə bağlıdır, konyuktura bizdən aslı deyil. Biz də dünyanın bir parçası kimi o bahalaşmadan kənarda qalmırıq. Şübhəsiz ki, burada obyektiv amillər mövcudur. Bundan istifadə edən möhtəkirlər də var. Bu möhtəkirlər xaricdən gələn istənilən ərzaq məhsulunu anbarda saxlayır, 10-15 gün sonra onları satışa çıxarır. Bu, möhtəkirlikdir. Yaxud da möhtəkirliyin ikinci elementi Azərbaycanda istehsal olunan məhsulları “hər şey bahadır, hər şey bahalanır” düşüncəsiylə onların da qiymətinin artırılmasıdır. Düzdür, İqtisadiyyat Nazirliyinin müvafiq qurumları bunların qarşısının alması üçün müvafiq addımlar atır, lakin görünür bu yetərli deyil. Çünki bu böyük şəbəkə, bu böyük set bəzən öz aralarında razılığa gəlir və o ərzaq məhsullarının artımında vahid mövqe nümayiş etdirir. Xaricdən gələn istənilən məhsul bütün marketlərdə eyni qiymətə satılır. Eyni şəkildə də qiyməti artırılır. Ölkə başçısı mühüm addım atdı: Pakistandan Azərbaycana idxal edilən düyü 5 il müddətinə gömrük rüsumundan azad edildi. Bu, əslində ona qarşı vacib adım idi. Yəni bunun qarşısının alınmasının digər yollarından biri ərzaq məhsullarına olan ƏDV-nin müəyyən müddətə dondurmaqdır. Kənd təsərrüfatı məhsullarına vergi alınmır, müəyən zaman kəsiyində bu qərar təzələnir. Eyni şəkildə də xaricdən gələn məhsulların ƏDV-ni dondurmaq lazımdır. Bu, müəyyən dərəcədə aztəminatlı ailələrin ərzaq məhsullarının ödənilıməsinə mühüm təhsil göstərə bilər. İndi bahalaşma o səviyyəyə qalxıb ki, nəinki aztəminatlı ailələr, orta təminatlı insanların büdcəsinə də xeyli dərəcədə mənfi təsir göstərir. Bu da əhalinin mütləq əksəriyyətidir. Dediyim kimi, burada möhtəkirlik də var, təbii və süni şəkildə monopoliyalar da.

 -Prezident İlham Əliyevin islahatlar paketi siyasi rəqiblərə olan münasibətdə tam yeni format gətirdi.  Son 2-3 ildə ölkənin siyasi həyatında görünməmiş tendensiya müşahidə olunur. Bir zamanlar kəskin qarşıdurmada olan müxalifət partiyaları bu gün hakimiyyətlə konstruktiv dialoq aparır. Siz həmişə iqtidar-müxalifət münasibətlərinin ilıq məcrada olmasının tərəfdarlarından olmusunuz. Sizcə, bu günkü iqtidar-müxalifət dialoqunu hansı çağırışlar vacib edib? Götürək, ən qatı rəqiblər Əli İnsanov, Rəsul Quliyevi. Onlar bu gün Prezidentin siyasi kursunu dəstəklədiklərini bəyan edir. Təcrübəli siyasətçi kimi bu barədə nə deyə bilərsiniz?

-Bu, ilk növbədə ölkə başçısı İlham Əliyevin ən böyük nailiyyətidir. Onun həyata keçirmiş olduğu uğurlu xarici və daxili siyasətidir. Xüsusi olaraq erməni işğalına son qoyması Azərbaycan xalqının əsrlər boyu düşündürən və bu gün ciddi hədəfə çevirmiş olduğu məsələlərin Prezident tərəfindən açıq şəkildə gündəliyə gətirilməsidir. İlham Əliyev bir siyasətçi, dövlət xadimi olaraq üstün keyfiyyətləri bütün müxalifəti artıq tərkisilah edib. İçərisində radikal mövqedə dayanan, daha çox xarici qüvvələrdən aslı olan, onlardan maliyyələşən, onların diktəsilə hərəkət edən bir-iki partiyanı çıxmaq şərtilə, digər partiyalar bu gün İlham Əliyevin daxili siyasətini alqışlayır. Təbii ki ayrı-ayrı nazirlərin, ayrı-ayrı qurumların fəaliyyətlərində yol vermiş olduğu səhvlər də dilə gətirilir. Burada daha az qərəz, böhtan elementləri görünür. Bu gün siyasi partiyaların mütləq əksəriyyətində qərəz, böhtan elementləri yox dərəcəsindədir.

Siz ikisinin adını çəkdiniz. Onlar vaxtilə İlham Əliyev siyasətinə qarşı çox kəskin, barışmaz mövqedə dayanan siyasətçilər olub. Uzun müddətdir Rəsul Quliyev ölkə başçısının fəaliyyətini üstün qiymətləndirir, onu dəstəkləyir, müdafiə edir. Son vaxtlar Əli İnsanovun fəaliyyətində ciddi dönüş var. Bu da görünür ki, real düşünən, hər şeyə obyektiv qiymət verməyə çalışan bir siyasətçi kimi İlham Əliyevin üstün keyfiyyətlərini etiraf etməyi özünə borc bilir. Nəhayət, ölkəmizdə iqtidar və müxalifət arasında normal münasibətlərin formalaşması prosesi gedir. Bu prosesə bu həftə Milli Məclisin iclasında ikinci oxunuşda qəbul etdiyimiz “Siyasi partiyalar haqqında” yeni qanun özünün müsbət təsirini və töhfəsini verəcək. Bundan sonra artıq iqtidarla müxalifət arasında konstruktiv əməkdaşlıq, dialoq , normal və sivil şəkildə davam edəcək.

 -Azərbaycanda korrupsiya məsələsi ciddi müzakirə edilir. Prezident çıxışlarında daim bu bəlaya qarşı mübarizənin vacibliyini vurğulayır. Səsli-küylü həbslər də baş verir: icra başçıları, nazir müavinləri, məmurlar və s… Siz aparılan mübarizəni səmərəli sayırsınızmı? Başqa nə etmək lazımdır?

-İlk növbədə cənab Prezidentin 2018-c ildə seçiləndən sonra bütün sahələri əhatə edən sistemil davamlı və dərin islahatları öz əhəmiyyətli təsirini göstərir. 2018-ci ildən demək olar ki, Baş nazirdən tutmuş ayrı-ayrı komitə sədrlərinə qədər yeni komanda formalaşıb. Müəyyən istisnalar olmaqla demək olar ki, bu sahədə artıq şəffaflıq, korrupsiya və rüşvətxorluq halları yığışdırılıb. Təəssüf edirəm ki, yaxınlarda mədəniyyət nazirinin 1-ci müavini ilə bağlı belə hallar baş verdi. Təqribən 5-10 il bundan əvvəl kimi qurcalasaydın, elə beləydi. Bəziləri istisna olmaqla, əksəriyyətinin fəaliyyətində korrupsiya, rüşvətxorluq əməlləri var idi. İndi tamamilə fərqlidir. Bütün strukturlarda aparılan dəyişikliklər, kadr islahatları, cəmiyyətin daha çox şəffaflaşması, elektron höklumətin yaradılmasına doğru atılmış olan ciddi adımlar  və ən vacib məsələlərdən biri ölkə başçısının korrupsiya və rüşvətxorluğa qarşı elan etdiyi müharibədə göstərmiş olduğu qətiyyət və barışmazlıq. Bunlar ölkədə rüşvətxorluğun, korrupsiyanın həddini xeyli aşağı salıb. Deyə bilmərəm ki, bu tamamilə aradan qaldırılıb. Dünyanın hər yerində az və ya çox dərəcədə korrupsiya halları mövcuddur.  Ayrı-ayrı ölklərin prezidentlərinin, baş nazirlərinin, yüksək səviyyəli dövlət məmurlarının rüşvətxorluq və korrupsiya ilə bağlı istintaqa cəlb edildikləri, həbsləri ilə bağlı xəbərlərə mətbuatda rast gəlirik. Bu insan amilidir. Hər kəsdə ola bilər. Arzulayırıq ki, ümumiyyətlə olmasın. Çünki korrupsiyanın, rüşvətxorluğun özü də əslində dövlətə, xalqa xəyanətin bir formasıdır. Bu baş verməzsə,  dövlət daha güclü olar. Dövlətlə vətəndaşlar arasında münasibətlər daha yüksək səviyyəyə yüksələr. Vətəndaşların dövlətə, məmura inamı yaranar. Ümid edirəm ki, aparılan siyasət həm islahatlar müstəvisində, həm dövlət başçısının qətiyyətilə nəticə çıxarmayanların haqqında hüquqi qiymətin verilməsində güzəştlər edilməməsi, cinayət işinin açılması, həbslər, belə bir bəlanın tamamilə olmasa da, xeyli dərəcədə qarşısının alınmasında öz rolunu oynayacaq.

 -Kadr islahatlarından, yeni komandadan danışırsınız, bu aparılan islahatlarda əsas gözləntiniz nədir? Harada nələrin dəyişdirlməsini, yenilənməsini istəyirsiniz?  Hökumət AVP-nin təkliflərini eşidirmi?

 -Əslində bizim təkliflərə ehtiyac olmayıb. Səmimi etiraf edirəm ki,  prezident özünün uzaqgörən siyasəti ilə bütün bunların hamısını  qabaqlayıb. Dövlət başçısının üstün keyfiyyətlərindən biri də ondan ibarətdir ki, o, 5-10 il bundan sonra Azərbaycanla, regionla bağlı, dünyada gedən proseslərin hamısını özü üçün dəqiqləşdirə bilir. Buna uyğun olaraq hədəflərini müəyyənləşdirməyi bacarır. Azərbaycanda həyata keçirilən istənilən məsələ onun tərəfindən atılan addımlar dediklərimi sübut edir.  Prezidentin gözəl bir ifadəsi var: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Bunun açılımı odur ki, dövlət başçısı təkcə bu gün üçün deyil, gələcək çağrışların özünün bütövlükdə olmasa da, onun əksəriyyətinin konturlarını bilir. Zamanı gələndə digər elementləri də ona əlavə edir, Prezident tərəfindən bir sistemə çevrilir.  Sizcə, Prezident 5 il bundan qabaq Cənubi Azərbaycanla bağlı fikirlərini niyə demirdi? Ona görə demirdi ki, o haqda düşünmürdü. Və yaxud, Cəbrayıl azad olunandan sonra Mehriban xanımla Arazın sahilinə gedib, o Arazın suyundan götürüb əl-üzünü yuyub sonra əlini Xudafərin Körpüsünə çəkdi. Bir qayda olaraq biz bunu, məscidlərə, pirlərə, ziyarətgahlara gedəndə edirik. Əl çəkmək o deməkdir ki, Xudafərin Körpüsü onun üçün bir ziyarətgahdır. Bunu artıq indi dilə gətirdi. İranda o proseslərin başlanmasıyla Prezident gecikmədi. Prezident onu zamanında dedi və cənublu soydaşlarımıza bir başa mesaj verdi ki, bir Dövlət olaraq Azərbaycan və bir  Dövlətin başçısı, lideri olaraq mən sizin yanınızdayam. Bu kifayət qədər İlham Əliyevin atdığı addımların necə proqnozlaşdırdığını əvvəlcədən xəbər verir. Etiraf etmək lazımdır ki, bu gün dünya dövlətlərinin liderləri içərisində Azərbaycan dövlətinin başçısı çox üstün keyfiyyətlərlə seçilir, fərqlənir. Bu, dünya miqyasında etiraf olunur. İlham Əliyev dünyanın 120 ölkəsini və 3  qitəsini – Asiya, Afrika, Latın Amerikası – dövlətlərini əhatə edən Qoşulmama Hərəkatının şərksiz lideridir. Bunu arqumentləşdirən odur ki, İlham Əliyevə əlavə 2023-cü ilə qədər bu hərəkata liderlik etməyi bu təşkilatın özündən təklif gəldi, ona belə bir etimad göstərildi.  Qoşulmama Hərəkatının tarixində belə bir hadisə bu günə kimi baş verməyib. Bu gün Türk Dövlətləri Şurasının yaradılmasının aparıcı lideri şərksiz İlham Əliyevdir. Onun Orta Asiya ölkələrinə davamlı səfərləri, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanla qurmuş olduğu yüksək münasibətləri var. R.T.Ərdoğan 5 il əvvəl hardaydı, ərəb dünyasının, müsəlmanların yanındaydı. Mənə elə gəlir ki, dövlət başçımızın inamlı, arqumentli fikirləri Ərdoğan tərəfindən qəbul edildi. Bu gün Ərdoğan kimi dünya miqyaslı bir siyasətçisi İlham Əliyevə “qardaşım və dostum” deyir. Həm də özü etiraf edir ki, bir çox məsələləri mən İlham Əliyevlə məsləhətləşirəm. Onu orada ayıraraq Türkiyəni türk dövlətlərinin yanına gətirməyin özü böyük hadisədir, böyük tarixi xidmətdir. Düşünürəm ki, bəzi oturuşmuş böyük dövlətlərdə dövlət başçısını lider edən o dövlətin özüdür. Çünki oturuşmuş və ənənələrə malik olan dövlətdir. Onun lideri əbədi deyil. Götürək Fransanı, son olaraq, Fransua Mitteran, ondan sonra Jak Şirak. Onlardan başqa Fransanın hansı lideri insanların yaddaşında və ya tarixdə qalıb? Yaddan çıxıb gedib. Makron da bir neçə ilə yaddaşlardan silinəcək. Hətta fransızların belə yadından çıxacaq. Amma elə liderlər var ki, o öz dövlətini lider dövlətə çevirir və özü də lider olur. Lider kimi dünya miqyasında tanınır. Bizim prezidentimiz məhz dövlətini liderə çevirən və liderlərin arasında seçilən liderdir.

 -Siyasi elitada Prezidentin apardığı ciddi islahat paketinə müqavimət göstərən hansısa qruplaşmanın olduğu iddia olunur. Bu gün belə bir təhlükə görürsünüzmü, “Beşinci kolon” təhlükəsi varmı?

-İlham Əliyev bütün bu klanları, qruplaşmaları alt-üst etdi. O qruplaşmanın vaxtilə başında dayanan, aparıcı qüvvə Ramiz Mehdiyev idi. O, dövlətimiz üçün böyük problemlər yaradırdı. Hakimiyyətdən və özünün günahı üzündən AMEA-dan uzaqlaşdırılaraq ətrafındakıların əksəriyyəti səlahiyyətlərindən məhrum edildikdən sonra demək olar ki, ölkə daxilində qruplaşma yox dərəcəsindədir. Bu gün ölkə başçısının vahid komandası var, bu komanda kifayət qədər peşəkardır. Dövlətçiliyə xidmət edən bir komandadır. Onun içərisində müəyyən sapmalar olursa, dərhal ölkə başçısı tərəfindən qətiyyətli cavabı verilir. İndiki vəziyyətdə belə bir yanaşmanın olmasını doğru hesab etmirəm. Çünki artıq yox dərəcəsindədir.

 Laçın SƏMLA

Azposti.info

 

 

 

 

Əvvəlki məqalə

Buzovnada evə basqın zamanı bıçaqlanan qadın xəstəxanada ölüb

Sonrakı məqalə

Qətərdə “dünyanın ən gözəl dəvəsi” yarışması keçirilib