“Ratsiyada erməni dilində əmr verib 1500 erməni hərbçisini aldatdı…” –"Hadrut fatehi" Şəhid Camal İsmayılovun şah əsəri

Onu “Hadrut fatehi” adlandırırlar…

Bu adı ona təsadüfən verməyiblər.

O, Vətən müharibəsi günlərində Hadrut əməliyyatı zamanı ermənilərlə rabitə əlaqəsinə girərək güllə atmadan 1500-dək düşmən əsgərini başqa istiqamətə yönləndirib, generallara isə geri qayıtmaq əmrini verib.

Erməni dilində səlis danışmağı sayəsində düşmən əsgərləri aldanaraq geri çəkilib və həmin mövqelərə Azərbaycan Milli Ordusunun bölmələri yerləşiblər.

Hadrut əməliyyatını şəhid baş gizir, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun şah əsəri hesab edirlər…

Siması da adına uyğun idi…

Camal İsmayılovlar ailəsinin ikinci övladı olub. Onun özündən iki yaş böyük bacısı və 8 yaş kiçik qardaşı var. Şəhidin anası Filarə İsmayılova AZƏRTAC-a deyib: “O, dərin düşüncəsi və intellektual səviyyəsi ilə seçilirdi. Camalın çox maraqlı, yaddaqalan uşaqlığı olub. Onunla söhbət etməkdən, simasına baxmaqdan heç doymazdım. Çox yaraşıqlı və nurlu siması var idi. Sən demə, elə o vaxtdan üzündə şəhadətin nuru var imiş. Deyirdilər, adı da Camaldır, özü də…

Onun uşaqlığının bir hissəsi Rusiyada keçib. Bağçada iyirmi dörd uşağın içində yeganə azərbaycanlı idi. Özünü o qədər əyilməz, məğrur aparırdı ki, tərbiyəçi-müəllim ona “Azərbaycanın fəxri” deyə müraciət edirdi. Zaman gəldi ki, Camal doğrudan da Azərbaycanın fəxri oldu, tək mənim deyil, Vətənin qəhrəmanına çevrildi.

Camal uşaqlıqdan oyuncaq avtomatlara, tapançalara, tanklara meyil edirdi. Nə istəyirdisə, mən də alırdım. Dərslərini yaxşı oxuyurdu. Fizika, kimya və riyaziyyatı xüsusilə çox sevirdi. Ədəbiyyata böyük maraq göstərirdi. Azərbaycan tarixini isə xüsusilə diqqətlə oxuyurdu, müxtəlif kitablardan əlavə məlumatlar toplayırdı.

Haqsızlıqla barışan deyildi. Yadımdadır, İkinci Dünya müharibəsinin 65 illiyi münasibətilə Moskvaya hərbi parada getmişdilər. Paradda əvvəlcə Rusiya, sonra Ermənistan ordularının bölmələri keçməli imiş. Hərbçi yoldaşları ilə birgə buna etiraz ediblər. Şərt qoyublar ki, Ermənistan ordusundan əvvəl Azərbaycan Ordusunun tribuna qarşısından keçidi olmasa, paradda iştirak etməyəcəklər. Təşkilatçılar onların iradəsini qəbul etməli olublar. Özü gəlib sevinə-sevinə danışırdı. Paraddan sonra muzeyə gediblər. Orada general-mayor Həzi Aslanovun şəkli varmış. Muzeyin bələdçisi Həzi Aslanov barədə məlumat verərkən onun Sovet İttifaqı Qəhrəmanı olduğunu deyib. Camal onun dediklərinə düzəliş edərək Həzi Aslanovun iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü diqqətə çatdırıb. Bələdçi Camalın bu hərəkətini, öz həmyerlisini yüksək qiymətləndirdiyi və onun haqqında məlumatlı olduğuna görə təqdir edib”.

O, Azərbaycan Tibb Universitetinə qəbul olsa da, ali təhsil almaqdan imtina edərək hərbi xidmətə yollandı: “Hərbi xidmətə gedəndən sonra onun yazdığı gündəliyi tapdım. Ürək sözləri, arzuları, xəyalları ilə dolu bir dəftərçə idi. Dəftərçədə onun belə qeydləri vardı: “Doğrudur, anam həkim olmağımı istəyirdi. Lakin mənim arzum hərbçi olmaqdır. Ümid edirəm ki, əsl zabit olacağam”.

Hərbi xidmət vaxtı məzuniyyətə gəlmişdi, kefsiz idi. Səbəbini soruşanda ön cəbhədə qulluq etmədiyi üçün əhvalının korlandığını söylədi. Dedi ki, “onsuz da hərbçi olacağam, sadəcə olaraq düşmənlə üzbəüz mövqedə olmaq, döyüşmək istəyirəm. Səkkiz ay idi ki, müddətli həqiqi hərbi xidmətdə idi. Mənə məktub göndərdi. Yazmışdı ki, “məndən sarı narahat olmayın, kursa gedəcəyəm. Bu, bir fürsətdir və bu fürsəti əldən verməyəcəyəm. Narahat olmayın, vaxt tapan kimi əlaqə saxlayacağam”. Ondan bir müddət xəbərimiz olmadı. Sən demə, Camal xüsusi təyinatlı qüvvələrin təkmilləşdirmə kursunda təhsil alırmış. Kursu uğurla bitirəndən sonra XTQ hərbi hissələrinin birində xidmət etməyə başladı. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat və rabitəçi qrupuna seçilmişdi. 18 il xüsusi təyinatlı qüvvələrin mənsubu kimi müxtəlif təlimlərdə, vacib hərbi əməliyyatlarda iştirak etdi. Rus, ingilis, erməni dillərini sərbəst bilirdi. Xizək sürməyi, dağçılığı, paraşütdən tullanmağı peşəkar şəkildə öyrənmişdi. Dağçılıq üzrə kitablar tərcümə edib dərslik hazırlayırdı. Aprel və Tovuz döyüşlərində də iştirak edib. Son döyüşü isə Vətən müharibəsi oldu”.

Camal doğum günümü şəhadəti ilə təbrik etdi…

Filarə xanım 2020-ci ili Sumqayıtda Camalgildə qarşılayıb. Oğlunun mənzilində Yeni ili onun ailə üzvləri ilə qarşılayan Filarə xanım gözəl vaxt keçirdiyini və həmin gündən yadigar şəklin qaldığını da söyləyib.

O, oğlu ilə həmin il sentyabrın 16-da olan son görüşü isə belə xatırlayır: “Neftçalaya gəlmişdi, gecəni bizimlə qaldı. Səhərə kimi müxtəlif mövzulardan söhbətlər etdik. Gedəndə isə arxasınca su atdım. Bu gedişin dönüşü olmayacağını hardan biləydim? Sentyabrın 26-da təlimə getdiyini öyrəndim. Səhəri gün yuxudan oyananda isə müharibənin başlaması xəbərinə sarsıldım. Sanki ürəyimdən nəsə qopub düşdü. Camal indiyədək bir neçə dəfə hərbi əməliyyatlarda olsa da, budəfəki narahatlığım bir başqa idi. Tez-tez zəng vurub danışması, bizə təskinlik verməsi qəlbimdə qətiyyən arxayınlıq yaratmırdı. Hər gün əllərimi açıb dua edirdim ki, müharibə tezliklə xalqımızın qələbəsi ilə başa çatsın. Müharibə başlayandan son günə qədər hər səhəri belə açırdım. Camal bacısı ilə hər dəfə danışanda deyirmiş ki, “ata-anamı darıxmağı qoymayın. Mən onların başını uca etmək üçün bura gəlmişəm”.

Hər gün döyüş meydanlarından şəhid xəbəri gəldikcə qəlbimizə dağ çəkilirdi. Hər qapı döyüləndə, telefon hər zəng çalanda səksənir, bəd xəbər eşidəcəyimizdən qorxurduq. Bir dəfə atası onunla danışanda ağladı. Camal isə ona xəbərdarlıq etmişdi: “Bir də belə etsən, səninlə danışmayacağam. Siz mənimlə fəxr edəcəksiniz”.

Son telefon danışığımız oktyabrın 18-də axşamüstü oldu. Əhvalı çox yaxşı idi. Bir-bir hamını soruşdu. Hər dəfə Camal zəng edəndə nəsə alıb bişirər, qonşulara paylayardım. Ona bu barədə deyəndə gülümsədi, dedi, narahat olma, az qalıb. O qədər sevindim ki… Sən demə, son sevincim imiş…

Oktyabrın 19-da zəng etmədi. Düşündüm ki, yəqin vacib tapşırıq icra etdiyindən zəng vurmağa imkanı olmayıb. Oktyabrın 20-də yenə zəng olmadı. Oktyabrın 21-i mənim doğum günümdür. Fikirləşdim ki, harada olsa bu gün mütləq zəng vurub məni təbrik edəcək. Vətən müharibəsində iştirak edən kiçik oğlum Ülvi səhər tezdən zəng edib məni təbrik etdi. Camalın zəng vurub-vurmadığını soruşdu. Üç gündür ondan xəbərsiz olduğumu dedim. Dedi, darıxma zəng edər. Həmin gün axşamadək gözlədim, zəng gəlmədi. Axşam namazından sonra qapımız döyüldü. Ən çox ehtiyat etdiyim dəhşətli və bəd xəbəri biz də aldıq… Övladım doğum günümü öz şəhadəti ilə təbrik etdi. Mən həmişəlik olaraq 59 yaşımda, Camal isə 36 yaşında qaldı… Camal 36 il, 3 ay, 16 gün yaşadı. Otuz altı ilə hər şeyi sığdırmağı bacardı, amma özü bu dünyaya sığa bilmədi… Özündən sonra dağ boyda qürur və dərin bir boşluq qoyub getdi…”

Şəhidlik arzulayırdı, ona da qovuşdu

Övlad itirməyin acısı gözlərindən oxunan qəhrəmanın atası Vidadi İsmayılov deyir: “Camal şəhid olmağı çox arzulayırdı. O, Allaha ibadət edir, namaz qılır, oruc tuturdu. Dəfələrlə namazdan sonra Uca Yaradana əl açıb özünə şəhadətlik arzuladığını eşitmişəm. Allah onun dualarını qəbul etdi…”

O, oğlunun qəlbində ermənilərə olan nifrətinin kök saldığı illərə qayıdaraq söhbətinə davam edib: “1992-ci ildə Xocalı hadisələri baş verəndə Bakıya gəldik. Camal şəhər küçələrində şütüyən tankları, xalqın çəkdiyi zilləti, yurd-yuvasından didərgin düşənlərin ağrı-acılarını gözləri ilə görərək böyüdü. Həmişə deyirdi ki, başımıza gələn müsibətlərə görə alacağımız qisası növbəti nəsilə ötürə bilmərik. Torpaqlarımızı mütləq azad etməliyik. Onun düşmənə nifrəti çox böyük idi. Heç vaxt ədalətsizliklə barışmırdı.

Ölümündən sonra necə bir qəhrəman olduğunu təkcə biz yox, hamı eşitdi. Döyüş yoldaşları Camal haqqında danışanda həm çox qürurlanıram, həm də kədərlənirəm. Çünki o cür qorxmaz və cəsur övlad itirmişəm”.

Camal İsmayılov Vətən müharibəsində öz şücaəti ilə seçilənlərdən biri olub. Xocavənd və Qırmızı bazar istiqamətində gedən döyüşlərdə xüsusi fərqlənib. Şəxsi heyəti ilə hər zaman düşmənə ən yaxın təmas xəttində olub, daha çox zərbə vuran, öndə gedən hücum əməliyyatlarında iştirak edib. Hətta 3-5 nəfərlə düşmənin arxasına keçərək çox mühüm tapşırıqları uğurla yerinə yetirib.

Hadrut əməliyyatları isə onun döyüş yolunun ən parlaq səhifələrindən biridir. Gözlənilməz mövqedən düşmənə səssiz yaxınlaşaraq sarsıdıcı zərbə vurur, onları çaş-baş salırdı. Ermənilər döyüş mövqelərini qoyub qaçırdılar. Ən məşhur əməliyyatı zamanı isə 1500 erməni hərbi qulluqçusuna öz dillərində əmr verərək onları aldadıb. Döyüş yoldaşları deyirlər ki, Camal erməni polkovniki qətlə yetirəndən sonra onun sənədlərini, bıçağını və ratsiyasını özü ilə götürüb. Ratsiyaya qoşularaq erməni dilində əmr verib. Güllə atmadan 1500 nəfərlik heyəti aldada bilib və tapşırıq şəhid verilmədən uğurla yekunlaşıb.

Camal hər hansı bir uğurla kifayətlənən deyildi, daim təkmilləşməyə, bildiklərini döyüşçü yoldaşlarına öyrətməyə çalışırdı.

Silahdaşları deyirlər ki, hədsiz yorğunluq, aclıq və susuzluğa baxmayaraq, azad olunan hər qarış torpaq sanki ona yeni ruh verirdi. O, irəli getmək, mənfur düşməni son nəfəsinədək qovmaq, torpağımızdan çıxarmaq istəyirdi. Təəssüf ki, Camal Şanlı Zəfərə şahidlik edə bilmədi…

Son döyüşü Qırmızı Bazar istiqamətində olub. Qırmızı Bazarda yüksəkliyin ələ keçirilməsi uğrunda döyüşdə ayağından yaralansa da, öz yaralarını sarıyıb və döyüşməkdə davam edib. Lakin təəssüf ki, həmin döyüşdə düşmən snayperinin atəşinə tuş gələrək şəhid olub. Şəhadətə qovuşduğu ana qədər isə düşmənin xeyli canlı qüvvəsini məhv edib.

O, bizim üçün həmişə sağdır

Hərbi forma ona çox yaraşırdı, şax duruşu ilə formaya gözəllik və məğrurluq gətirirdi. Deyirdi ki, “əgər əynində hərbi forma varsa, ona layiq olmalısan”.

Şəhidin ömür-gün yoldaşı Fatimə üçün onun haqqında danışmaq çətindir: “Mənim üçün o həmişə sağdır, diridir, canlıdır. Onun bizim üçün qoyub getdiyi qaydaları hər gün xatırlayır və yolumuza davam edirik. Nə qədər ki, biz varıq, nə qədər biz yaşayırıq, Camal həmişə bizimlə olacaq. Elə bilirik ki, Camal hələ də təlimlərdədir, yolunu gözləyirik.

Camal çox qayğıkeş ata olub. Ailəsini sevindirmək üçün xüsusi gün gözləmir, tez-tez sürprizlər edirdi. Camalın qoyub getdiyi üç övlad yadigarını onun adına layiq böyüdəcəyəm. Camal mənə güclü olmağı da aşılaya bilib. Mən onun arzularını həyata keçirmək üçün yaşayıram”.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılov Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin, Qırmızı Bazarın azad olunmasında, həmçinin Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin alınmasında qəhrəmancasına vuruşub. Oktyabrın 19-da Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə şəhid olub.

Camal İsmayılov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Özündən yadigar iki qızı və bir oğlu qalıb.

Əvvəlki məqalə

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb –

Sonrakı məqalə

“Həsən Həsənov bizə dedi ki, İsmayıl Şıxlını yıxın, yerinə Anarı gətirin…” –