“Reket jurnalistlər”-Azərbaycanda KİV vasitəsilə şantaj sxemi necə işləyir?

Azərbaycanda bəzi şəxslər özlərini jurnalist adlandıraraq şantaj yoluyla pul qazanırlar. Amma dövlət strurkturlarının fəaliyyətsizliyi fonunda sadə insanlara məişət problemlərinin həllində kömək edən imkansız nəşrlər də bəzən “reket” KİV siyahısına daxil edilir.

Azpost.info bildirir ki, bu barədə BBC radiosunun əməkdaşı Məhərərm Zeynalovun hazırladığı məqalədə qeyd olunub.

“Məktəb direktorunun müavini mənə yaxınlaşıb deyir ki, pul yığmaq lazımdır. Səbəbini soruşuram. Cavab verir ki, yenə jurnalist gəlib“, – Bakı məktəblərinin birində işləyən coğrafiya müəllimi belə deyir.

Asif (öz xahişiylə adı dəyişdirilib) artıq 15 ildir həmin məktəbdə çalışır. Onun sözlərinə görə, üç il əvvəl də başqa bir jurnalist məktəbə gəlibmiş, məsələnin detallarını açıqlamadan deyirdi ki, “bir qanun pozuntusu baş verib və valideynlər şikayət ediblər”. Həmin şəxs bunu işıqlandırmamaq üçün pul tələb edirmiş. Məktəb belə tələblər qarşılığında pul verməyə hazırdır, təki mətbuatda heç nə yazılmasın”.

“Düşünürəm ki, o jurnalist yazmaq üçün yox, məhz pul almaq üçün gəlirdi. Mən deyirdim ki, gəlin polis çağıraq, pul verməyək. Amma müəllimlər işlərini itirməkdən qorxurlar, elə direktor da. Şantajçını susdurmaq üçün müəllimlərin çoxu 10 manatdan pul yığdılar”, – Asif belə deyir.

O, işlədiyi məktəbdə “ağ qarğa” olduğunu bildirir, çünki belə işlərdə iştirak etmək istəmir. Buna görə onun dərs saatlarını azaldıblar, dərs qrafikini çətinləşdiriblər.

Menecer Əhməd restoranlarda tematik tədbirlərin təşkiliylə məşğul olur; iki il əvvəl polis müdaxiləsinə görə tədbirlərdən birinin baş tutmaması təhlükəsi yaranıb, çünki internetdə həmin tədbirdə narkotik olacağı barədə məlumat yayılıb.

Əhməd saytın rəhbərinə zəng vurub, o, 300 manat müqabilində materialı saytdan götürməyi vəd edib. “Mən onlara dedim ki, bu şantajdır və onlar əl çəkdilər. Bir aydan sonra həmin sayt bağlandı”, – Əhməd belə deyir.

Reket jurnalistikası necə fəaliyyət göstərir

Jurnalistikadan istifadə edərək şantajla məşğul olan şəxslərə Azərbaycanda “reket jurnalistlər” deyirlər. Onlar, əsasən, kiçik tirajlı qəzetlərdə və məmurlarla biznesmenlər haqqında “ifşaedici” məqalələr dərc edən saytlarda işləyirlər.

Nizamnaməsində KİV-in azadlığını müdafiə etdiyi və peşə standartlarının yaxşılaşdırılmasıyla məşğul olduğu bildirilən Mətbuat Şurası bu nəşrlər haqqında məlumat toplayır. MŞ qanunları və jurnalist etikasını pozmaqda suçladığı KİV mənsublarının “qara siyahı”sını hər il yeniləyir. Keçən il bu siyahıda 91 nəşrin adı olub.

Təşkilat bildirir ki, hər il vətəndaşlardan müxtəlif nəşrlərlə bağlı 500-ə yaxın şikayət daxil olur. 2008-ci ildə reketçiliklə mübarizə üçün MŞ-nin nəzdində xüsusi komissiya yaradılıb.

“Gəlib bizdən pul tələb etdilər, rədd cavabı verdik. Bundan sonra haqqımızda yazmağa başladılar“,- qurumun icraçı katibi Şəmsəddin Əliyev MŞ-yə daxil olan ərizələrin, adətən, bu məzmunda olduğunu deyir və qeyd edir ki, ildən-ilə şikayətlərin sayı artır.

Şikayəti araşdırmaq üçün MŞ hər iki tərəfi dəvət edir. Bir çox hallarda informasiyanın yoxlanılmadığı, bəzən də bilərəkdən böhtan atıldığı ortaya çıxır. Şəmsəddin Əliyev deyir ki, bir dəfə hətta bazarda eşidilən şaiyəyə əsasən məqalə hazırlanıb.

O, reket-jurnalislərin əsasən kiçik və orta sahibkarları, xırda məmurları və məktəbləri hədəfə aldığını vurğulayır.

Vidadi (ad dəyişdirilib) də jurnalistdir. O, bir neçə şantajçıyla şəxsən tanışdır, ona görə də prosesin necə cərəyan etdiyini bilir: əvvəlcə qəzetdə “araşdırmanın” anonsu verilir, sonra qəzetin bir neçə nüsxəsi haqqında məqalə yazılacaq adamlara göndərilir. Bəzən həmin adamlar pul təklif etmək üçün nəşrin əməkdaşlarıyla özləri əlaqə yaradırlar.

Jurnalist reketliyi ilə mübarizə aparmaq çətindir: Azərbaycanda KİV-in fəaliyyətini tənzimləyən ayrıca dövlət qurumu yoxdur, Ədliyyə Nazirliyi yalnız qəzetlərin qeydiyyatı məsələsinə baxır, saytlar qeydiyyatsız fəaliyyət göstərirlər.

İnternet resursunu ancaq məhkəmə qərarıyla bloklamaq mümkündür, bunun üçünsə zərərçəkən özü müraciət etməlidir, belə hallar nadirən baş verir. Azərbaycanda bloklama cəzası daha çox müxalif və müstəqil saytlara tətbiq edilir – prokurorluq onları milli təhlükəsizliyə xələl gətirməkdə günahlandıranda.

“Qara siyahı”nı hazırlayan Mətbuat Şurası qeyri-hökumət təşkilatıdır, real səlahiyyətləri yoxdur. Şəmsəddin Əliyev deyir ki, əslində bu siyahı ictimai qınaq yaratmalıdır.

“Qəzetdə çıxıbsa, doğrudur”

Azərbaycan korrupsiyanın qavranması indeksinə görə dünya üzrə 152-ci, mətbuatın azadlığının səviyyəsinə görəsə 180-ci yerdədir. Dövlət orqanlarının fəaliyyəti üzərində müstəqil nəzarət mexanizmləri yoxdur deyə, çoxları rüşvət verib-almağı öz problemlərini həll etməyin ən sadə üsulu sayırlar.

Şəmsəddin Əliyev deyir ki, adamlar MŞ-yə şantajçılara pul verəndən sonra müraciət edirlər. Bu onları daha da ürəkləndirir və iki aydan sonra bir də gəlib pul istəyirlər.

İkinci səbəb kasıblıqdır: “Jurnalistikada reketçiliklə məşğul olan şəxslər digər peşələrdə uğur qazana bilməyənlərdir. Məsələn, biri mühəndisdir, amma pul qazana bilməyib. Gedib 50-60 manat verib domen alıb və guya jurnalistikayla məşğul olmağa başlayıb”, Əliyev belə deyir.

“Hansısa əvvəllər polis işləyib, hansısa müəllim və ya biznesmen. Bu adamlar heç yerdə işləmədən pul qazanmağın mümkün olduğunu görüblər. Reketçiliyi mümkün edən səbəblərdən biri də insanların mətbuatda yazılanlara inanmasıdır – qəzetdə yazılıbsa, doğrudur“, – MŞ-nin rəhbəri, deputat Əflatun Amaşov belə deyir.

Əvvəllər Reportyorların Azadlığı və Təhlikəsizliyi İnstitutunda mətbuatın monitorinqiylə məşğul olmuş hüquq müdafiəçisi Rəsul Cəfərovsa Azərbaycanda KİV-in real fəaliyyəti üçün fundamental imkanlar olmadığını deyir. O hesab edir ki, qəzet və saytların reklam əldə etmək şansları olsaydı, reketçiliyin səviyyəsi kəskin azalardı: “Sahibkarlar Azərbaycandakı vəziyyəti bilirlər, başa düşürlər ki, öz təşəbbüsləriylə KİV-ə reklam versələr, onlara problem yaradılacaq”.

“Qara siyahı”da olan nəşrlərin çox gurultulu adları var, məsələn, “Jurnalist və qanun”, “Vətəndaş hüququ”, “Xalqın müdafiəçisi”, “Xalq nəzarəti” kimi. Siyahıdakı qəzetlərdən üçünun adında “korrupsiya”, səkkizində “qanun” sözləri var. Çox vaxt bu qəzetlərin birinci səhifələrindəki materiallar aylarla dəyişilmədən qalır.

Ekspertlər deyirlər ki, bu nəşrlərdən hansının məhz şantaj üçün dərc edildiyini aydınlaşdırmaq çətindir. Siyahıdakıların çoxunun nümayəndələri özlərini reketçi saymırlar.

Məsələnin başqa tərəfi də var – istənilən neqativ informasiya, hətta həqiqəti əks etdirməsə belə, xırda məmuru və ya rəhbəri işsiz qoya bilər.

Düşünmürəm ki, bu problem ancaq bizim məktəbə aiddir. Mənə elə gəlir ki, bu qalmaqalla bağlı ümumi qorxu atmosferidir. Məsələn, atası jurnalist olan uşağa üç yazmaqdan qorxurlar ki, birdən o götürüb nəsə yazar”, – coğrafiya müəllimi Asif belə deyir.

Direktoru və müəllimləri məktəbdəki çatışmazlıqlardan daha çox onun reputasiyası narahat edir, ona görə də onlar üçüncü dərəcəli jurnalistlərə pul verirlər”, – bu da Asifin sözləridir.

Asifin həmkarları bir il əvvəl jurnalistə vermək üçün 10 manatdan pul yığandan sonra ona belə xahişlə müraciət edən olmayıb. Asif düşünür ki, ona belə hallar barədə daha deməməyə başlayıblar: “İndi pul məsələsinə görə mənə yaxınlaşmırlar. Düşünürəm ki, mənim itirilmiş adam olduğumu başa düşüblər”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mədəniyyət xadimlərinə fəxri adlar verilib – 

Sonrakı məqalə

Köçəryan məhkəməyə minnət qoydu: