Repetitorluq bu qaydada ləğv ediləcək.
Repetitorluğun birdən-birə ləğvi mümkün deyil. AzPost APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil.
“Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək”.
Ölkəmizdə bu sahə ilə bağlı mübarizənin repetitorluğa deyil, daha çox repetitorlara qarşı aparıldığını deyən təhsil eksperti Kamran Əsədov söyləyib ki, bu gün ali məktəblərə qəbul nəticələri daha çox repititorlardan asılıdır: “Təhsil Nazirliyi tərəfindən müəllim qəbulu şəffaf şəkildə aparılır. Lakin hər kəs istər ali məktəbə, istər buraxılış, istər dövlət qulluğuna, hətta müəllim qəbulu ilə bağlı imtahandan keçmək üçün repetitor yanına gedirlər”.
Ekspert qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən repetitorluğun qarşısının alınması üçün məktəblərdə təmayülləşmə aparılır: “Bununla da məktəblilər seçəcəyi sahəyə uyğun olaraq təmayül sinifində təhsil almaq imkanı qazanırlar. Bununla yanaşı, ölkəmizdə magistr imtahanları ilə bağlı islahatlar həyata keçirilir. Amma bütün bunlarla yanaşı etiraf etməliyik ki, bu gün dərsliklərimiz çox ağırdır. Həttə bəzən valideynlər belə sualların cavabını övladlarına başa sala bilmirlər. Ona görə də məcbur olub repetitor yanına göndərirlər. Bununla yanaşı, ali məktəblərə qəbul imtahanlarında istifadə olunan test tapşırıqları da çətindir. Qəbul imtahanı bilikləri deyil, bacarıqları yoxlamalıdır. Bu baxımdan deyə bilərik ki, repetitorluğu doğuran səbəblərindən biri çətin dərsliklər, qəbul qaydalarının çətin olmasıdır”.