Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda karyerasını yenidən ölkəmizdə davam etdirə bilər.
Matc.az saytının əldə etdiyi məlumata görə, “Qarabağ”ın futbolçusu əzəli rəqib “Neftçi”nin maraq dairəsinə düşüb. “Astana” ilə sözləşməsinə xitam verən 30 yaşlı orta sahə oyunçusunun “Qarabağ”la müqavilə müddəti də yanvarın 1-də başa çatacaq. 2020-ci ilin ilk günündən azad agent statusu daşıyacaq braziliyalı Ağdam klubu ilə yeni anlaşma məsələsində ortaq məxrəcə gələ bilmir.
Bundan yararlanan “Neftçi” “sambaçı” ilə danışıqlara başlayıb. Komandaya lider axtarışında olan bakılılar həm təcrübəli, həm də yerli statusu daşıması səbəbindən Almeydanın keçidində maraqlıdı. Ancaq futbolçunun ilk seçimi uzun illərdi şərəfini qoruduğu “Qarabağ”dı.
Yığmamızın üzvü çempionla ortaq məxrəcə gəlməsə, yeni klub axtarışına çıxacaq. 7 ildi ölkəmizdə yaşayan Almeyda özü və ailəsi də Bakıda qalmaqdan məmnundu və hələ ki, Braziliyaya qayıtmağa tələsmir.
Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən “Qarabağ”ın formasını geyinir. Ötən ilin yayında “Astana”ya keçən futbolçu cəmi 6 ay sonra Ağdam klubuna qayıdıb.
Riçard Almeyda Qazaxıstan mətbuatına müsahibəsində “Qarabağ”dan ayrıldığını təsdiq edib.
Apasport.az saytının məlumatına görə, gələcək karyerası barədə danışan braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionu “Qarabağ”dan ayrıldığını açıqlayıb.
– “Qarabağ”dan gedəcəyinizlə bağlı xəbərlər var…
– Bəli, belədir.
– İcarədən “Astana”ya qayıdırsınız?
– Biz qarşılıqlı razılıqla “Astana” ilə müqaviləmə xitam vermişik.
– Bu nə vaxt baş verib?
– 3-4 ay əvvəl.
– Özünüzə yeni klub tapmısınız?
– Agentim bir neçə klubla danışıb. Amma hələ qərar verməmişəm. İndi məzuniyyətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm.
– Bu siyahıda Qazaxıstan klubu var?
– Hələ ki, yoxdur. Qazaxıstandan heç kim agentimlə əlaqə saxlamayıb.