Rusiya sülhməramlıları Qarabağda sülh və sabitliyin təmin olunması üçün səylərini əsirgəməyib- Baş Qərargah rəisi

“Bu gün, bu əlamətdar gündə xatırlatmaq istərdim ki, 3 ildən artıq müddət əvvəl baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə ölkəmizin tam qələbəsi və ərazi bütövlüyünün bərpa edilməsi ilə sona çatdı”.

Bu barədə Azərbaycan müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Xocalıda Rusiya Sülhməramlı Kontingentinin missiyasının başa çatmasına həsr olunmuş mərasimdə bildirib.

Müdafiə naziri Zakir Həsənovun salamlarını çatdıran Kərim Vəliyev deyib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin imzaladığı üçtərəfli Bəyanat nəticəsində atəşkəsə nail olunub və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulub: “Missiya müddətində sülhməramlı kontingent üzərinə düşən tapşırıq və vəzifələri yerinə yetirib, Qarabağ iqtisadi rayonu ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəməyib”.

Baş qərargah rəisi qeyd edib ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin mülki əhaliyə qarşı davam edən təxribatlarının qarşısının alınması və Qarabağ iqtisadi rayonu üzərində Azərbaycan Respublikasının tam nəzarətinin bərqərar edilməsi məqsədilə 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri keçirilib: “Bu tədbirlər nəticəsində separatçı rejimin fəaliyyətinə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tam çıxarıldı.

Yaranmış vəziyyət nəzərə alınaraq ölkələrimizin ali rəhbərliyi tərəfindən Rusiya Federasiyasının sülhməramlı kontingentinin missiyasının vaxtından əvvəl dayandırılması barədə qərar qəbul edildi”.

Kərim Vəliyev sülhməramlılara Qarabağ iqtisadi rayonunda sülhün və sabitliyin rifahı naminə cəsarətli xidmətlərinə görə minnətdarlığımı bildirib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Əvvəlki məqalə

Rusiya sülhməramlıları qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetiriblər

Sonrakı məqalə

Qarabağdakı Sülhməramlı Qüvvələrin komandanı Rusiyanın “Şücaət” ordeni ilə təltif olunub