Rusiya Ukraynanın 6 regionuna hava zərbələri endirib

Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna növbəti kütləvi hava hücum həyata keçirib. Hücum Ukraynanın 6 regionunda qeydə alınıb.

Bu barədə Ukraynanın energetika naziri German Qaluşenko məlumat verib.

“Qarşı tərəf ukraynalıları işıqdan məhrum etmək planlarından əl çəkmir, yenə bizim enerji sektorumuza kütləvi hücum olub”, deyə o, Teleqram səhifəsində yazıb.

Qaluşenkonun sözlərinə görə, Poltava, Kirovoqrad, Zaporojye, Lvov, İvano-Frankosk və Vinnitsa vilayətlərində elektrik enerjisinin istehsalı və ötürülməsi obyektlərinə hücum edilib. Nəticələri aydınlaşdırılır. Artıq energetiklər onların aradan qaldırılması üçün çalışırlar.

“Qarşı tərəf bizi kifayət qədər elektrik enerjisi istehsal etmək və ötürmək imkanından məhrum etmək istəyir”,- deyən nazir ukraynalıları xüsusilə səhər və axşam elektrik enerjisindən ehtiyatla istifadə etməyə çağırıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı bölgənin kritik və mülki infrastrukturu vurulub. İlkin olaraq dağıntı var.

“Ukrqenerqo”nun yaydığı məlumatda isə bildirilir ki, Vinnitsa, Zaporojye, İvano-Frankivsk, Kirovoqrad, Poltava regionlarında enerji infrastrukturuna ziyan dəyib.

Qeyd edək ki, hava hücumu zamanı Kiyev, Xarkov, Poltava, Zaporojye, İvano-Frankovsk və Lvov vilayətində hava hücumundan müdafiə sistemi işə düşüb.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Trampla bağlı məhkəmə prosesi təxrə salınıb