Rusiya və İran Xəzərdə hərbi təlimlərə başlayıb –Azərbaycan nəzarət edir

Rusiya və İran gəmilərinin iştirakı ilə Xəzərdə  dəniz təhlükəsizliyinin təmin edilməsi üzrə təlimlər başlayıb.

Azpost.info bildirir ki, bu barədə Mehr Agentliyinə təlimlərin rəsmi nümayəndəsi kapitan Abbas Həsəni bildirib.

“Bu təlimlər ilk dəfədir ki, İranın təşəbbüsü ilə Xəzər dənizində keçirilir. Bu məqsədlə dünən Rusiya gəmisi İranın ərazi sularına daxil olub və koordinasiya görüşü keçirilib”, – Həsəni bildirib.

Mehr-in məlumatına görə, təlimlərdə iştirak edən bölmələr yanğının söndürülməsi, xilasetmə əməliyyatlarının təmin edilməsi və zərərçəkənlərin helikopterlə daşınması, eləcə də hava və dəniz hədəflərinə atəş açmaq vərdişlərini öyrədəcək.

İranın digər agentliyi olan İSNA-nın məlumatına görə, təlimlərdə İran Hərbi Dəniz Qüvvələrinin dəniz və uçuş bölmələri, o cümlədən Peykan, Joushan, Derafsh və Separ raket katerləri, iki Agusta-Bell AB212 helikopteri iştirak edəcək.

İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) elit bölmələri “Şəhid Bəsir” və ölkənin asayişi qüvvələrinin dəniz komandanlığının gəmiləri də təlimə qatılacaq.

“Təlimlər Xəzər dənizinə çıxışı olan ölkələrin nümayəndələrinin nəzarəti altında keçiriləcək”, – deyə məlumatda deyilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.