Rusiyanın iri şəhərlərində kirayə qiymətləri son bir ildə orta hesabla 25 faiz artıb.
Azpost.info xəbər verir ki, bu barədə “İzvestiya” daşınmaz əmlak bazarının iştirakçılarına istinadən yazır.
“Etaji” şirkətinin məlumatına görə, Nijni Novqorodda bir otaqlı mənzillərin qiymətləri 28, Çelyabinskdə 26,4, Tümendə 22,7, Volqoqradda 21,3, Rostov-na-Donuda 17,6 faiz artıb. Moskvada bir otaqlı mənzillər 14, Sankt-Peterburqda 13 faiz bahalaşıb.
“Udaça” şirkətlər qrupunun sahibi Vladimir Proxorov deyir ki, bir çox ev sahibləri üçün mənzillərin kirayəsi yeganə gəlirləridir, buna görə də qiymətləri qaldırırlar.
Öz növbəsində, VSN Group hesab edir ki, kirayə qiymətləri ipotekanın əlçatanlığının azalması və ev sahiblərinin xərclərinin artması səbəbindən artır: “Mərkəzi Bankın yüksək faiz dərəcəsi ilə ev krediti almaqdansa, mənzil kirayələmək və ipoteka faizinin azalmasını gözləmək daha sərfəlidir”.
Şirkət hesab edir ki, bahalaşmanın bir səbəbi də mənzil qıtlığıdır.
Proqnozlara görə, ilin sonuna qədər orta kirayə qiymətləri daha 1-2 faiz arta bilər.
Azpost.info