Rusiyanın müşahidəçi heyətinə Kalaşnikov rəhbərlik edəcək

29 Yanvar 2020 - 21:09

Azərbaycanda Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün gələcək Rusiya nümayəndə heyətinin tərkibi məlum olub.

Rusiya parlamentarilərindən ibarət nümayəndə heyətinə Dövlət Dumasının MDB ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov rəhbərlik edəcək.

L.Kalaşnikov açıqlamasında bildirib ki, Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün fevralın 7-də böyük nümayəndə heyəti Bakıya gələcək.

Onun sözlərinə görə, nümayəndə heyətinə Federasiya Şurası və Dövlət Dumasının deputatları daxildir: “Milli Məclisə keçiriləcək seçkiləri müşahidə edəcək nümayəndə heyətinin tərkibində Dövlət Dumasnın bütün fraksiyalarından deputatlar təmsil olunacaq. Ümumilikdə Rusiya nümayəndə heyətinə 6 nəfər daxildir”.

Rusiyalı parlamentari bundan başqa ölkəsinin bir sıra beynəlxalq təşkilatların, MDB və Şanxay Əməkdaşlıq Təşkilatı və digərlərinin tərkibində Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəyini açıqlayıb. (APA)