Ukraynanın dünən kütləvi raket hücumlarına məruz qalması nəticəsində hazırda dördü uşaq olmaqla 38 nəfərin öldüyü məlumdur.
Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında yazıb.
Prezident bildirib ki, zərbələr nəticəsində 190 nəfər xəsarət alıb. Hazırda Kiyevdə 64, Krivoy-Roqda 28, Dneprdə 6 nəfər xəstəxanada müalicə olunur.
Uşaq xəstəxanasında olan bütün xəstələr başqa tibb müəssisələrinə köçürülüb. Düşmən raketlərinin vurduğu bəzi bölgələrdə xilasetmə əməliyyatları gecə boyu dayanmadan davam etdirilib.
“Şəhərlərimizin və icmalarımızın mühafizəsini artırmaq üçün işimizi davam etdiririk… Həll yolları olacaq. Bunun üçün dünyanın lazımi gücü var. Bizi dəstəkləyən və yeni birgə addımlar hazırlayan bütün liderlərə təşəkkür edirik”-deyə prezident bildirib.
Dünən, iyulun 8-də Rusiya ordusu Ukrayna ərazisinə növbəti genişmiqyaslı hücum həyata keçirib. Əvvəlcə Krivoy-Roq və Kropivnitski rayonu raket hücumlarına məruz qalıb. Daha sonra Kiyev və ətrafında partlayış səsləri eşidilib. Ümumilikdə, Rusiya ordusu müxtəlif tipli 38 raketdən istifadə edib.