Səfirlər Şeyxülislamla niyə görüşür?

06 Aprel 2021 - 01:58

Çağdaş dünyamızda dini və etnik zəmində baş verən qarşıdurmalar dövlətləri, siyasi dairələri ciddi şəkildə narahat edən problemə çevrilib.

Ayrı-ayrı ölkələrdə fərqli milli və dini mənsubiyyətə malik olan insanların ən mübhəm inanc hissləri ilə oynayan dairələr bu qanlı qarşıdurmalardan öz siyasi maraqları naminə təzyiq rıçağı kimi istifadə edir.

Mənəvi iztirablar təkcə siyasi dairələri deyil, “fani dünya”da ilahi dəyərlərin təbliğatçısı olan dini rəhbərləri də narahat edir, çıxış yollarını aramaq üçün dövlətlə birgə səfərbər olmağa səsləyir. Bu da öz növbəsində onların dövlət siyasətinin prioritetləri içində yer almasına səbəb olur.

Son 20 ildə dini rəhbərlərin ictimai xadim rolunda problemlərin həllində fəal iştirakı dünyada fəlakətli ssenarilərin qarşısını almağa kömək edib.

Azərbaycan da bu sırada öz sözünü deyə bilən dövlətdir. Prezident İlham Əliyevin multkultural dəyərlərə söykənən siyasəti ölkəmizdə müxtəlif etnik və dini cameənin vahid mövqeyini formalaşdırıb və dövlətimizi tolerantlığın güvənli məkanına çevirib.

Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinə beynəlxalq diqqət səbəbsiz deyil. QMİ dövlət siyasətinin mühüm detalı olan dinlərarası əməkdaşlıq platformasının mühüm elementi kimi çıxış edərək səmavi dinlərin nümayəndələri ilə birgə koordinasiyasını qurur.

Şeyxülislam A. Paşazadənin rəhbərlik etdiyi dini mərkəz – QMİ dünyanın 100-ə yaxın ölkəsi ilə beynəlxalq əlaqələr saxlayır. Vatikandan tutmuş müqəddəs Sinoda, katolik dünyasından pravoslav məbədlərinə qədər uzanan bu iş birliyi humanizm prinsiplərinə əsaslanan səmimi əməkdaşlıq ortamını formalaşdırıb.

Bu əlaqələri Şeyxülislamın son 40 illik fəaliyyətinin mühüm nəticələrindən saymaq olar.

Mürəkkəb regionda yerləşən bir dövlətin Şeyxülislamına olan diqqəti yaradan mühüm amil Azərbaycan dövlətinin unikal tolerantlıq təcrübəsidir. Sivil ənənələr üzərində qurulan bu nümunə başqa dövlətlər üçün xoş sürprizdir.

QMİ sədrinin zəngin beynəlxalq təcrübəsi isə bu mənada diplomatik mesajlar üçün də vacib amilə çevrilib.

İstər müharibədən əvvəl, və ya ondan sonra QMİ-nin beynəlxalq təmasları birbaşa Azərbaycanın haqlı mövqeyinin, geopolitik platformada elan etdiyi prinsiplərinin ardıcıl müdafiəsinə yönəlib.

Elə bu ilin əvvəlindən A.Paşazadənin keçirdiyi görüşlər qrafikinə nəzər saldıqda burada siyasi gündəmi əhatə edən “ruhani diplomatiyası”nın detallarını görmək mümkündür.

Son iki ay ərzində A.Paşazadə İsrail, Fransa, Belarus, Yunanıstan, Qazaxstanın Azərbaycanda olan səfirləri ilə görüşüb. Bundan başqa bir neçə mötəbər beynəlxalq təşkilatın konfransında iştirak edib.

Səfirlərlə görüşündə Şeyxülislam A. Paşazadə Azərbaycanda dinlər və məzhəblər arasında mövcud əməkdaşlığın yüksək səviyyəsindən danışıb və bunda şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu vurğulayıb.

A.Paşazadə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini bəzi ölkələr tərəfindən xristianlarla qarşıdurma kimi təqdim edilməsinə etiraz edərək bu iftiranın Erməni Apostol kilsəsi tərəfindən atıldığını təəssüflə qeyd edib.

İsrail səfiri ilə görüşdə  səfir sinaqoqlarda ibadətlərini rahat həyata keçirməni böyük nemət kimi dəyərləndirib. Allahşükür Paşazadə aprelin 1-də KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin sessiyasında iştirak çərçivəsində İstanbulda Rum Fənər Pravoslav Patriarxlığında Ekumenik Patriarx Varfolomeylə görüşündə Patriarx Varfolomeyi və Mitropolit Emanueli Qarabağdakı məscidləri və kilsələri birlikdə ziyarət etmək üçün bir daha Azərbaycana səfər etməyə dəvət edib.

QMİ sədrinin rəhbərliyində təmsil olunduğu nufuzlu təşkilatların xitabət kürsüsü daim Azərbaycanın haqq səsinin ucaldığı tribuna olub. Belə mötəbər qurumları ölkəmizin təbliği üçün gözəl imkan saymaq olar.

QMİ sədrinin tutduğu Qafqaz Xalqları Ali Dini Şurasının sədri postu Şimali Qafqaz kimi son dərəcə mürəkkəb regionda ona olan etimadın ifadəsidir.

MDB –nin müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri postu isə postsovet məkanında yaşayan müsəlman ölkələri arasında əməkdaşlıq platformasının yaradılmasında mühüm rol oynayır.

A.Paşazadə Ümumdünya Sülh Şurası, UNESCO yanında Din Xadimlərinin Yüksək Səviyyəli Məşvərət qrupunun üzvüdür, dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır.

Onun təşkilatçılığı ilə Azərbaycanda iki dəfə keçirilmiş “Dünya dini liderlərinin Bakı sammiti”nin qətnamələri beynəlxalq təşkilatların sənədləri sırasında xüsusi yer tutur.

QMİ sədrinin Vətən Müharibəsi, Dağlıq Qarabağda vəziyyətlə bağlı dünyanın din xadimlərinə, beynəlxalq təşkilatlara ünvanladığı məktubuna verilən cavablar yaradılmış beynəlxalq əməkdaşlığın sınaqdan çıxan təsbiti oldu. BMT Baş katibindən, İslam Əməkdaşlıq Təşkilatından, beynəlxalq təşkilatlardan gələn reaksiyalar Ermənistandan fərqli olaraq Azərbaycanın haqlı mübarizəsinə dəstəyin bariz nümunəsi idi.

QMİ sədrinin belə beynəlxalq əlaqələri Azərbaycanın mənəvi “cəbhədə” özünü təsdiqləmək üçün yaxşı imkanlar yaradır, bütövlükdə ölkənin xarici siyasətinin vacib elementinə çevrilir.

Əfqan Ağabəyli