“Sərhəddə görüşdə bu kəndlərin qaytarılması müzakirə olunub”-QABİL HÜSEYNLİ

Azərbaycan və Ermənistan arasında sərhəddə Baş nazirlərin müavinləri – Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi altında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın bu gün keçirilən beşinci görüşü başa çatıb.

Qeyd edək ki, görüş Qazax rayonunda keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) görüşlə bağlı məlumat yayıb. Məlumatda qeyd edilib ki, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Vurğulanıb ki, tərəflər iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar. Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər.

Görüşü və əldə olunan nəticələri Azpost.info-ya şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, bu, bir növ tərəflərin danışıqları bərpa etməsidir: “Düzdür, sərhədlə bağlı, delimitasiya və demarkasiya ilə bağlı komissiyaların görüşləri bundan əvvəl də keçirilmişdi. Amma xeyli müddət idi ki, proses dayanmışdı. Hesab edirəm ki, yenidən görüşün keçirilməsi müsbət amildir. Bu, iki ölkə arasında sülh prosesinə təkan verə bilər”.

“Komissiya üzvlərinin sərhəddə keçirilməsinin özü də müsbət məqamdır. Səhv etmirəmsə, əvvəllər görüşlər Moskvada keçirilirdi, bir dəfə sərhəddə baş tutub. Bu dəfə də sərhəddə iclasın və görüşün keçirilməsi yaxşıdır. Nəzərə almaq lazımdır ki, bu komissiyalar sırf sərhəd məsələsi ilə məşğuldurlar və praktik olaraq danışıqların elə sərhəddə keçirilməsi vacibdir. Xüsusilə də görüşün Qazaxda keçirilməsinin də müəyyən mənası var. Çünki bu gün Qazaxın 7 kəndi Ermənistanın işğalındadır. Görüş zamanı çox güman ki, bu kəndlərin qaytarılması da müzakirə olunub”, – deyə Q.Hüseynli əlavə edib.

Politoloq deyib ki, delimitasiya və demarkasiya vaxt aparan prosesdir: “Onsuz da görüşdə yüksək nəticənin əldə ediləcəyi gözlənilmirdi. XİN-in məlumatına baxdıqda görünən odur ki, müzakirələrin, görüşlərin davam etdirilməsi razılaşdırılıb. Hər görüşdə bir neçə detal razılaşdırıla bilər ki, bu, nəticədə ümumi işin xeyirinədir”.

Analitik növbəti görüşlərdə müsbət nəticələr əldə olunacağına inanır: “Ermənistan anlayır ki, sülhdən başqa yolu yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan da, digər dövlət rəsmiləri də Azərbaycanın ərazi bütövlüyünün İrəvan tərəfindən tanındığını bəyan ediblər. Həm də bu bəyanatı dəfələrlə səsləndiriblər. Belə olan halda sərhədlərin müəyyənləşməsi, delimitasiyanın aparılması çətin olmamalıdır. Yəqin ki, komissiyaların Azərbaycandan olan üzvləri Qazaxdakı danışıqlarda bu bəyanatları qarşı tərəfin diqqətinə çatdırıblar”.

Anar ABDULLA

Azpost.info

Əvvəlki məqalə

“Blinken Prezidentə zənglə səhvini düzəltməyə çalışdı” –

Sonrakı məqalə

Bu qidaları ev heyvanlarına vermək olmaz