“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə araşdırması davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
O bildirib ki, məhkəmə tərəfindən iş üzrə şahidlərin dindirilməsi təmin edilib, hazırda Rasim Məmmədov şahidlərə təsir etmə imkanına malik deyil: “Həmçinin, müvəkkilimin məhkəmədən və istintaqdan yayınmağa heç bir səbəbi yoxdur. Biz hesab edirik ki, Rasim Məmmədov heç bir cinayət əməli törətməyib və məhkəmədən bəraət almaq istəyirik”.
Prokuror isə vəsatətə münasibət bildirək vəsatətin təmin edilməməsini istəyib.
Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə yollanıb.
Məhkəmənin müşavirədə olması səbəbindən yaranan fasilə zamanı üzünü zaldakılara tutaraq danışan Rasim Məmmədov şəriki Yusif Hənifəzadənin ötən prosesdə dediklərinə münasibət bildirib. O qeyd edib ki, Yusifin dedikləri yalandır: “Bildirir ki, arxamca gələrək məni güdüb. Mənim avtomobilim zirehli idi, 4 tərəfdən çəkiliş aparılırdı. Hər gün görüntülərdə görürdüm ki, kimsə məni izləyib. O isə məni izləməyib. Deyir, guya mən zavoddan “yuxarılara” verilməsi üçün götürdüyüm 350 min manatı evimə aparmışam. Hesab edir ki, guya ki, mən “yuxarı” deyəndə evimin yuxarı mərtəbədə olmasını nəzərdə tutmuşam. Halbuki, mən 2019-cu ildən Mərdəkandakı evimdə yaşamışam. Pandemiyadan sonra orada olurdum. Amma bunun iddiasına görə, 2020-ci ildə şəhərdə Bakı sirkinin yanında evimə qədər məni izləyib. Sonra deyir ki, “Baku Steel”lə əlaqəsi olmayıb. “Baku Steel Company”nin maliyyə direktoru Mübariz Səmədovun istintaqa təhvil verdiyi “flaş kart”a baxın. Yusif hər ay 50 min manat maaş alıb. Maştağadakı xəstəxanaya sorğu versəniz, görərsiniz ki, Yusif Hənifəyev dəlidir”.
Məhkəmə müşavirədən qayıdaraq ev dustaqlığı ilə bağlı vəsatətin təmin edilmədiyini açıqlayıb.
Daha sonra vəkillər prosesin audio yazısının aparılmasını, hər prosesin protokolunun ayrı tərtib edilməsini və onunla tanış olmaq istədiklərini bildirib.
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Prosesdə istintaqda ifadə verən, sonradan vəfat etmiş şahid Mehman Hüseynovun ifadəsi elan edilib.
Mehman Hüseynov istintaqda ifadəsində bildirib ki, Rasimlə uşaqlıqdan dost olub: “Rasimlə yaxşı münasibətim vardı. O vaxt Rasim atasının maşınını təmir üçün yanıma gətirirdi. Eləcə münasibətlərimiz möhkəmləndi. 2006-2007-ci illər idi, Rasim bildirdi ki, Oksford məktəbi tikdirir. Məni ora tikintiyə nəzarətçi götürdü. Əvvəllər 900 manat, daha sonra 3 min manat maaş aldım. 2010-cu ildə Rasimlə Çingiz adıma şirkət yaratmaq istədiklərini bildirdilər. Mən də razılaşdım. “Royal Steel” MMC yaratdılar, təsisçi kimi mənim adıma rəsmiləşdirildi. Şirkətinin heç bir işindən xəbərim yox idi. Tamara adlı mühasib işləri görürdü. Lazım olanda mənə sənədlər verirdilər, qol çəkirdim. Lakin şirkətə faktiki olaraq Rasimlə Çingiz rəhbərlik edirdi”.
İfadəyə münasibət bildirən Rasim Məmmədov qeyd edib ki, şahidin ürəyi partlayıb ölüb: “Tamara sağdır, onu istintaqa belə çağırmayıblar. Həmin işlə bağlı ittiham odur ki, mən 1 milyon 150 min manat mənimsəməyə yol vermişəm. Tamaranı çağırın görək, o boyda pul görüb? Uydurma ittihamdır. Həmin şirkət metal qırıntıları ilə bağlı yaradılan şirkət idi, 2009-2010-cu illərdə fəaliyyət göstərib. Ondan sonra fəaliyyətini dayandırıb. Bizdən bu şirkətinin yaranmasını aidiyyəti qurumlar istəmişdi. Sonradan işləmək istəmədilər. Biz də işi dayandırdıq”.
Vəkil Zibeydə Sadıqova da Rasim Məmmədova “Royal Steel”lə bağlı ittiham verildiyini yada salaraq vurğulayıb ki, istintaq bu şirkətin ona aid olması haqda heç bir sübut ortaya qoymayıb.
Rasim Məmmədov qeyd edib ki, iki vərəqə görə ona 60 milyon manatlıq ittiham irəli sürüblər: “Əcnəbi vəkillərin Dubayda yaradılan, səhmlərinin 25 faizinin mənə məxsus olan “Terra”nın qazancları, alqı-satqısı ilə bağlı hesablarından çıxarışları gətirdilər. Məhkəməyə təqdim edirəm. Baxın, rəsmi bank çıxarışları ilə məlum olur ki, mənim qazancım 6 milyon manat olub. Amma mənə 60 milyon manat mənimsəmə ittihamı veriblər. O şirkətin cəmi 25 faizi mənim olub, digər 75 faizi məlumdur kimindir. Mən bu haqda danışmaq istəmirəm. Bu barədə danışmaq mənə lazım deyil”.
Daha sonra prosesdə sənədlərin tədqiqinə başlanılıb.
Proses oktyabrın 24-də davam etdiriləcək.
Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.