Şərqi Zəngəzur dəhlizinin aşılmasının regiona gətirəcəyi dəyişikliklər

44 günlük Vətən müharibəsindən sonra regionda sülh və əməkdaşlığın yaradılması üçün Şərqi Zəngəzur dəhlizinin açılması ideyasını gündəliyə gətirən rəsmi Bakının bu təklifinə həm bəzi region ölkələrinin, eləcə də bəzi ermənipərəst siyasi mövqe sərgiləyən xarici ölkələrin münasibəti birmənalı olmasa da, rəsmi Bakı öz siyasi xəttini inamla davam etdirir.

Qeyd edək ki, Şərqi Zəngəzur dəhlizinin aşılması regionun loqistika mərkəzinə çevrilməsi və iqtisadi baxımdan inkişaf etməsi baxımdan səmərəli deyil, bu yol həm də Şərq və Qərbin arasında mühüm strateji əhəmiyyətli birləşdirici yol missiyasını daşıyır. Belə ki, Şərqi Zəngəzur dəhlizinin açılması Çindən gələn yüklərin bu marşrut vasitəsi ilə Türkiyə və Avropa bazarlarına rahat şəkildə çatdırılmasını təmin edə bilər.

Azərbaycan regionda yeni irimiqyaslı və beynəlxalq əhəmiyyətə malik olan bu iqtisadi layihəni reallaşdırmaq ərəfəsindədir. Bu layihə Asiya ilə Avropanı birləşdirəcək yeni nəqliyyat dəhlizidir.

Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə reallaşan Zəngəzur dəhlizi, sadəcə olaraq, bir regionun digəri ilə nəqliyyat əlaqəsini yaratmaqdan ibarət deyil. Bu layihə daha qlobal xarakter daşıyır və başda Azərbaycan olmaqla region dövlətlərinin iqtisadi inkişafına böyük təkan verəcək.

“The Times of India” qəzetinin yazdığına görə, qarşıdakı 10 il ərzində Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollar artacaq. Hazırda bu qitələr arasındakı ticarət dövriyyəsinin həcmi 500 milyard dollar təşkil edir. Ticarətin genişləndirilməsi üçün yüklərin tez və təhlükəsiz daşınması – yəni nəqliyyat təminatı ən vacib şərtlərdən biridir. Çinin, Hindistanın, Cənubi Koreyanın və digər Asiya ölkələrinin artan iqtisadi potensialı onların Avropa ilə idxal-ixrac əməliyyatlarını həyata keçirməsini artırır və zərurətə çevirir. Bu baxımdan yüklərin daşınması iri şirkətlər və transmilli korporasiyalar üçün qarşıda duran mühüm problemlərdən biridir.

Bundan başqa Şərqi Zəngəzur dəhlizinin aşılmasının Azərbaycan və Türkiyə arasında quru əlaqəsi yaradılması, Naxçıvan Muxtar Respublikasına quru yola gediş-gəlişin təmin olunması baxımından da müstəsna əhəmiyyəti var. Onu da qeyd edək ki, bu yolun aşılması bu vaxta qədər həyata keçirilən bütün regional və dünya əhəmiyyətli layihələrdən kənarda qalan Ermənistan üçün də iqtisadi baxımdan əhəmiyyətlidir. Belə ki, Ermənistan bu layihədə iştirak etməklə həm özünün xarici ölkələrdən iqtisadi asılılığını azalda bilər. Həm də regionda sülhün və əməkdaşlığın inkişafına töhfə verməklə, başqa xarici dövlətlərin öz region maraqları baxımından Ermənistandan siyasi alət kimi istifadə etməsinin qarşısını ala bilər. Onu da qeyd edək ki, Şərqi Zəngəzur dəhlizinin aşılmasının ümumilikdə bütün region ölkələri üçün səmərəli olduğunu təkcə yerli deyil, xarici siyasi ekspertlər də öz şərhlərində xüsusi vurğulayırlar. Bır sıra ekspertlərin fikrincə Şərqi Zəngəzur dəhlizinin aşılması tək bölgə ölkələrinin deyil, ümumilikdə bu dəhlizdən istifadə edəcək ölkələrin loqistika imkanlarını genişləndirməklə yanaşı, yüklərin daşınması xərclərini də azalda bilər. Şərqi Zəngəzur dəhlizinin aşılması həm də regionda sabitliyin təmin olunması baxımından səmərəlidir. Odur ki, ekspertlər rəsmi Bakının bu istiqamətdə göstərdiyi təşəbbüsləri və atdığı addımları yüksək qiymətləndirirlər. Onu da qeyd edək ki, hazırda ixrac səviyyəsinə görə bütün dünya ölkələrini geridə qoyan Çinin də Şərqi Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi aşıqlanıb. Rəsmi Pekin Bakının bu təşəbbüsünü dəstəklədiyini dəfələrlə bəyan edib. Onu da qeyd edək ki, artıq bəzi region ölkələri də dəhlizin aşılmasının əhəmiyyətli olacağına dair fikirlərini gündəmə gətirməyə başlayıblar. Azərbaycan tərəfi isə təklifin reallaşması üçün bu istiqamətdə işləri sürətlə davam etdirir.

Onu da deyək ki, Şərqi Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanı, eləcə də Naxçıvan vasitəsi ilə qardaş Türkiyəni birləşdirəcək. Bu da öz növbəsində Naxçıvanın uzun illərdən bəri blokadada yaşamasını ortadan qaldırmaqla yanaşı bölgəyə gediş-gəlişi də asanlaşdıracaq. Həmçinin Azərbaycan vətəndaşlarının quru yolla qardaş ölkəyə gediş-gəliş imkanları da artacaq. Başqa sözlə desək, bu dəhliz həm region ölkələri, həm də Şərq ölkələri üçün Şərqin Qərbə aşılan qapısı rolunu oynayacaq.

 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Cənubi Qafqazda sülh gənclərin gözü ilə” layihəsi çərçivəsində hazırlanıb.

Əvvəlki məqalə

Bakı-Yalama istiqamətində dəmir yollarının yenidən qurulması nə vaxt başa çatdırılacaq?

Sonrakı məqalə

“Şaumyanın Hindistana qaçması və orada ölməsi uydurma mifdir” –