Rəsmi statistik məlumatlara əsasən, Azərbaycanda 18 yaşadək əlilliyi müəyyən edilmiş uşaqların sayı 43 min 498 nəfər təşkil edir.
Uşaqlar arasında qeydə alınan xəstəlik və pozuntuların sırasında, korluq, əqli gerilik, karlıq, serebral iflic, psixoloji pozuntu yer alır. Məlumata görə, ölkədə kor və zəif görən 14 871 uşaq, əqli cəhətdən zəif inkişaf edən 6 462 uşaq, kar və zəif eşidən 3 878 uşaq, serebral iflic (uşaq serebral iflici – USİ) qalığı olan 3 740 uşaq, psixoloji inkişaf pozuntusu olan 2 417 uşaq var.
Bəs uşaqlarda əlilliyin səbəbləri nə ilə izah olunur?
Mütəxəssislər bunu tibbi-bioloji patologiyalar, genetik faktorlar və hamiləlik və doğuş fəsadları ilə izah edirlər. Ekspertlərin fikrincə, əlilliyin, xüsusilə onun fiziki və nevroloji növlərinin yaranmasında ana bətnində və ya doğuş zamanı baş verən travmalar mühüm rol oynayır. Bundan əlavə oksigen çatışmazlığı- doğuş zamanı beynin oksigensiz qalması, baş beyin qansızmaları, erkən doğuş və az çəki təsirini göstərir. Yarımçıq doğulmuş uşaqlarda mərkəzi sinir sisteminin zəif inkişaf edir.
Sinir sistemi və psixi pozuntular ölkə üzrə uşaqlıq dövrü əlilliyində ən yüksək paya sahib olan sahələrdən biridir. Bura hamiləlik, doğuş və ya doğuşdan sonrakı ilk il ərzində beyin zədələnmələri (uşaq serebral iflici (USI), anadangəlmə beyin xəstəlikləri, onurğa beyni yırtıqları aid olunur. Autizm, nitq və davranışın kəskin məhdudlaşması da psixi inkişaf pozuntuları sırasında yer alır.
Bu kədərli məsələyə irsi və genetik faktorlar da təsir edir. Azərbaycanda bəzi sosial-məişət faktorları genetik anomaliyaların əsasını qoyur. Məsələn, qohum nikahları irsi xəstəliklərin (talassemiya, Daun sindromu) uşaqlara keçmə riskini kəskin artırır.
Uşaqlarda əlilliyin yaranmasında metabolik pozuntular da rol oynayır. Hamiləlik dövründə ananın sağlamlığı dölün inkişafı üçün mühüm amildir. Bu dövrdə ananın keçirdiyi toksoplazmoz, məxmərək və digər viruslar birbaşa təsir edən xarici və daxili amillər sırasında yer alır. Vitamin və qida çatışmazlığı, zərərli vərdişlər sağlam körpənin doğuluşunu əngəlləyən faktorlar sırasındadır.
Dövlət hansı addımları atır?
Azərbaycanda bu səbəblərin qarşısını almaq üçün nikahdan əvvəl məcburi tibbi müayinə və yeni doğulan uşaqların erkən skrininq proqramları həyata keçirirlir. Evlənmək istəyən hər bir şəxs nikahdan öncə mütləq dövlət tərəfindən ödənişsiz tibbi müayinədən keçməlidir.
Azərbaycanda 18 yaşadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün ödənilən ümumi aylıq dövlət ödənişi 280 manat təşkil edir. Bu məbləğ iki müxtəlif ödəniş formasından ibarətdir. Sosial müavinət kimi əlilliyi olan uşağın özünə görə aylıq 200 manat, Prezident təqaüdü olaraq əlilliyi olan uşağa qulluq edən şəxsə (valideynə və ya qanuni nümayəndəyə) aylıq 80 manat ödənilir.
Bundan başqa xüsusi hallarda uşağın ailə vəziyyəti və ya himayə statusundan asılı olaraq ödəniş şərtləri fərqlənə bilər. Məsələn, valideyn himayəsindən məhrum uşağı övladlığa götürən şəxslərə əlilliyi olan hər uşağa görə aylıq 600 manat sosial müavinət ödənilir.
Himayədar ailəyə verilmiş əlilliyi olan uşaqlar üçünsə yaşından asılı olaraq aylıq müavinət məbləğləri aşağıdakı kimidir:
0–6 yaş arası: 500 manat
7–13 yaş arası: 600 manat
14–18 yaş arası: 650 manat
Əlilliyi müəyyən edilmiş uşağı olan ana uşağı 8 yaşınadək sağ böyütdükdə, iş stajından asılı olaraq 5 il daha erkən pensiyaya çıxmaq hüququ qazanır. Ana olmadıqda bu hüquq uşağı təkbaşına böyüdən ataya da şamil edilir.
Sağlam nəsil yetişdirmək üçün uşaqların sağlamlığı əsas vəzifələrdən sayılır.
Samir Abdullayev