Səfirliyin təsis edilməsi ilə Azərbaycan-İsrail əməkdaşlığı yeni səviyyəsinə daxil olur- Hikmət Hacıyev

İsraildə Azərbaycan səfirliyinin təsis edilməsi ilə iki ölkə arasında əməkdaşlığın yeni səviyyəsinə daxil oluruq.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin “i24news” telekanalına müsahibəsində deyib.

“Azərbaycan və İsrail xalqları arasında əsrlərlə yaşı olan dostluq və tərəfdaşlıq bağları var və hazırda İsrail və Azərbaycan arasında müxtəlif sahələrdə dinamik şəkildə inkişaf edən əməkdaşlıq mövcuddur. Biz həqiqətən də böyük tərəqqi əldə etmişik, indi İsrailin səfirliyi həmçinin Azərbaycandadır. İsraildə səfirliyin təsis edilməsi ilə biz iki ölkə arasında əməkdaşlığın yeni səviyyəsinə daxil oluruq”, – Hikmət Hacıyev deyib.

Nəşrdə qeyd edilib ki, Hikmət Hacıyev iki ölkə arasında müdafiə sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb:

“İsraillə müdafiə sahəsində əməkdaşlıq, xüsusilə də İsrailin müdafiə vasitələri vacib və əhəmiyyətli rol oynayır və biz İsrailə, İsrail xalqına minnətdarıq. Bu, Azərbaycan xalqının yaddaşına çox yaxşı həkk olunub”.

Qeyd olunub ki, Hikmət Hacıyev İsrail-Azərbaycan əlaqələrinin İranla münasibətlərə təsirlərinə də toxunub. Bildirilib ki, Hikmət Hacıyev qonşu ölkələrlə güclü bağların və əməkdaşlığın saxlanılmasının vacibliyini vurğulayıb.

Əlavə edib ki, Azərbaycan inklüziv xarici siyasət həyata keçirir ki, bu da İsraillə diplomatik dostluq əlaqələrinin İranla olan əlaqələri itirmək anlamına gəlmədiyidir.

Əvvəlki məqalə

Gürcüstan müdafiə qabiliyyətini gücləndirmək üçün Aİ-dən nə qədər vəsait alıb?

Sonrakı məqalə

“İrəvan Qarabağla bağlı destruktiv mövqe tutur”